Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

«Ümid edirəm daha iki il gözləməyəcəyik»


Denis Sammut
Denis Sammut
Ermənilərlə azərbaycanlılar arasında xalq diplomatiyası səylərini uzun illər boyu dəstəkləmiş təşkilatlar indi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziyalı diplomatiyasını diqqətlə izləyir. Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Denis Sammut «Azadlıq» radiosuna müsahibəsində deyir ki, əsas məsələ məqamı əldən buraxmamaqdır.

- Ermənistanın və Azərbaycanın Moskvadakı səfirlərinin erməni, azərbaycanlı və rus ziyalıları ilə birgə Qarabağ, Yerevan və Bakıya səfərləri barədə nə düşünürsünüz?


- Məncə, bu, əla təşəbbüs idi və biz çox məmnunuq ki, Ermənistan və Azərbaycan hökumətləri və Dağlıq Qarabağın faktiki rəhbərliyi bu səfərə razılıq veriblər. Bu, qarşılıqlı inamın yaradılması üçün vacib və faydalı tədbir idi.

- Amma bu, ikinci səfərdir. Birincisinin nəticəsi nə oldu? Sizcə bu səfərin sülh prosesinə birbaşa töhfəsi nədir?


- Bu səfərlərə prosesin bir hissəsi kimi baxmaq lazımdır. 2007-ci ildəki ilk səfərin heç bir davamı olmadı. Ayrılıqda bu halların heç bir önəmi yoxdur, amma əgər məqam əldən verilmirsə, onlar daha yaxşı atmosferin yaradılmasına səbəb ola bilər, bunun da ətrafında danışıqlar davam edər. Ümid edirəm ki, növbəti görüş üçün iki il gözləmək lazım gəlməyəcək. Əslində, mən ümid edirəm ki, belə bir görüş gələn ay da baş tuta bilər.

- Səfərdən dərhal sonra Azərbaycan tərəfi atəşkəsin pozulduğu barədə məlumat yaydı. Sizcə, bu səfərlər düşmən əməllərə son qoya bilərmi?


- Mülkilərin hərbi situasiyaya təsiri və ya əksinə, bir qədər vaxt aparacaq. Bu iki proses – hərbi və mülki proseslər üzərində tandem şəklində işləmək lazımdır. Hər il çoxlu erməni və azərbaycanlı gənc atəşkəsin pozulmasından həyatını itirir. Buna son qoyulmalıdır. Bu gənclərin ölümü tamamilə əbəsdir. Atəşkəsə hər iki tərəf hörmət etməlidir.

- Prezidentlərin görüşündən nə gözləyirsiniz?

- Prezident Əliyev və prezident Sarkisyan son altı həftədə iki dəfə görüşüblər. Növbəti iki həftə ərzində daha bir görüşün baş tutması da danışıqların intensivləşdirilməsinin göstəricisidir. Biz prezidentlərin bu danışıqlarda böyük məsuliyyətini yetərincə qiymətləndirməliyik. Mən əminəm ki, bu iki liderin danışıqlar prosesində növbəti mərhələyə keçmək üçün dönüş nöqtəsi yaratmaq qabiliyyəti var. Yol uzun və çətindir, amma proses başlamalıdır.

- Ziyalıların Rusiyadakı səfirlər və Rusiya rəsmiləri tərəfindən müşayiət olunması, bu ölkənin danışıqlar prosesində artan təsirinə dəlalət etmir ki?

- Rusiya Minsk prosesinin həmsədrlərindən biridir və sülh prosesini irəli aparmaq məsuliyyətini bölüşür. Rusların bu qarşılıqlı etimad yaradan tədbirlərdə iştirakının heç bir pis təsiri yoxdur. Sülhü təşviq edən tərəfin milli mənsubiyyətinə nəzər salmaq axmaqlıqdır. Mən ancaq nəticədə maraqlıyam.

- Azərbaycan hökuməti son zamanlara kimi xalq diplomatiyası tədbirlərinin tərəfdarı deyildi. Sizcə, onların fikrini dəyişməsinə nə səbəb oldu? Hökumətlə əlaqəsi olmayan adamların eyni cəhdləri göstərməsinə də razılıq verərlərmi?


- Əlbəttə. Verməlidirlər, çünki verməsələr, bunu anlamaq çətin olacaq. Qarabağ münaqişəsi ətrafında sözün əsl mənasında, sülh prosesindən danışmazdan əvvəl böyük bir iş görülməlidir. Mən keçən həftə baş tutan səfərləri məhz onun işarəsi hesab edirəm ki, hökumətlər mülki cəmiyyətin qarşılıqlı etimad tədbirlərinə hazırdırlar. Biz hazırda Ermənistan və Azərbaycandakı qeyri-hökumət təşkilatları ilə danışıqlar aparırıq, görək ki, səfirlərin başçılıq etdiyi səfərlərin uğurunu hansı şəkildə davam etdirə bilərik.

- Bəzi ekspertlər deyir ki, Rusiya Avropa və Amerika təşkilatlarının edə bilmədiyinə nail oldu – Azərbaycan hökumətini xalq diplomatiyası müzakirələrinə təşviq etdi. Bu fikirlə razısınızmı?


- Bu, yarış deyil. Yaxşı iş yaxşı işdir, kimin etməsindən asılı olmayaraq. Mən əminəm ki, Azərbaycan hökuməti başqa kontekstdə təşkil olunmuş oxşar təşəbbüsləri də məmnunniyyətlə dəstəkləyəcək.

- Bəs növbəti addım nə ola bilər?

Biz prosesin başlanğıcındayıq. Hələ çox iş görülməlidir. Biz ermənilərlə azərbaycanlılar arasında bir-birləri haqqında yanlış təsəvvürlərin üzərində işləməliyik. İki onillik ərzində münaqişədən əziyyət çəkən adamların iştirakı ilə yaraların sağalması prosesi gedir.
Mən inanıram ki, gənc peşəkarlar, ziyalılar, jurnalistlər və digər qrupların bu prosesdə üzərinə götürməli olduğu rollar var. Azərbaycanın mülki cəmiyyəti prosesə daha yaxşı töhfə vermək üçün özünü səfərbər etməlidir. Biz bu prosesi dəstəkləmək üçün Ermənistan və Azərbaycanda həm hökumət, həm də mülki cəmiyyətlə işi davam etdirəcəyik. Təkrarlayıram, biz uzun və çətin yolun başlanğıcındayıq.
XS
SM
MD
LG