Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

«Necə ola bilər ki, bütöv bir icma casus olsun?»


Diani Alai
Diani Alai
«Bəhai» Beynəlxalq İcmasının BMT-dəki nümayəndəsi Diani Alai «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Bəhailik İran ərazisində yaranıb. Və hər zaman da bəhailər problemlərlə üzləşiblər. Bu baxımdan, bölgədə insan haqları ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, həm bəhailərlə, həm də dini etiqad azadlığı ilə bağlı vəziyyət Azərbaycan və İranda bir-birindən kəskin fərqlənir. Azərbaycanda mən bəhailərlə görüşdüm. Onlar Azərbaycan vətəndaşları kimi bərabər hüquqlara malikdirlər. Onlara qarşı ayrı-seçkilik yoxdur. Azərbaycanda bir bəhai mərkəzi də fəaliyyət göstərir. İranda isə bunun tamamilə əksidir. Orada insanları bəhai olduqları üçün universitetə qəbul etmirlər, evləri əllərindən alınır, qəbiristanlıqları məhv edilir. Bəhailərin istənilən təşkilatlanma üsullarına da qadağa qoyulur.

- Belə çıxır ki, bəhai sadəcə bəhai olduğuna görə təhlükəlidir? Niyə İranda bir qrup bəhailəri xarici ölkələrə casusluqda ittiham edirlər?

- Bunlar hamısı bəhanədir. İran hökuməti dominant dinə məxsus olmayan istənilən adamı təzyiqlərə məruz qoyur. Və dediyiniz məsələdən sadəcə bəhanə kimi istifadə edir. Məsələn, ittihamlardan biri odur ki, bəhailər İsrail casuslarıdır. Necə ola bilər ki, bütöv bir icma casus olsun? Hamısı bəhanədir.

- Bəhailər siyasətdən kənar qalmağa üstünlük verirlər. Bu o deməkdir ki, vətəndaş mövqeyi seçkilərə getməklə bildirilmir? Məsələn, İran prezidentinin seçkilərində iştirak olubmu?


- Bəhailər heç bir siyasi partiyaya üzv olmurlar. Biz insanları birləşdirən amillərə inanırıq. Siyasi partiyalar isə insanları ayıran qurumlar hesab edirik. Amma bəhailər öz ölkələrinin gələcəyi haqda düşünürlər. Ona görə də, hər bir bəhainin şəxsən istədiyi namizədə gedib səs vermək haqqı var. Lakin namizəd üçün kampaniya aparmamalı və siyasi partiya üzvü olmamalıdır.

- Bəhailərin insan haqları uğrunda mübarizələri beynəlxalq səviyyədə qəbul edilən üsullarla üst-üstə düşürmü? Yoxsa, sırf bəhailərə məxsus olan başqa üsul da var?

- Biz BMT-nin prinsiplərindən istifadə edirik. Bunlar əsasən uğurlu olub. Lakin İranda vəziyyət mürəkkəb qalır. Ümid etmirəm ki, bu işlər məhz İran üçün adekvatdır.

- Hazırda İranda vətəndaş itaətsizliyinə çağırışlar eşidilir. Sizcə bu, nə dərəcədə uğurludur?

- İranda son həftələr baş verən hadisələr bəhailərə çox yaxşı tanışdır. Eyni repressiyalardır. Bəhailərin bu təzyiqlərə qarşı mübarizə aparmaq üçün öz üsulları olub. Və bu nədən ibarətdir? Təzyiq, repressiya qarşısında dözüb hüquqlarını müdafiə edirsən. Eyni zamanda qarşı tərəfin istifadə etdiyi üsullardan yararlanmırsan. Bəhailər mübarizəni belə ediblər və edəcəklər də.

- İrana aid fəaliyyətinizin əsas məqsədi nədir?

- Ən ciddi məsələlərdən biri – yeddi bəhainin bir ildir ki, həbsdə olmasıdır. Həmin şəxslərin məhkəməsi 11 iyula təyin olunub. Onlar tamamilə saxta , amma ciddi ittihamlarla üzləşirlər. Bu ittihamlar ölkə təhlükəsizliyinə qarşı hərəkətlər, dini müqəddəsləri təhqir etmə və İsrail xeyrinə casusluqdur. Son zamanlar bu ittihamlara daha biri əlavə olundu – dünyada korrupsiyanı yaymaq. Bütün ittihamlar cəmdə ölüm hökmü ilə nəticələnə bilər. İttiham edilənlərin vəkilləri – Nobel mükafatçısı Şirin İbadi və Əbdül Fəttah Sultanidir. Sultaninin özü də həbsdədir. Ədalətli məhkəməyə ümidliyik.

İkinci məsələ odur ki, bəhailəri müntəzəm həbs edirlər. Və həbsdən zaminə buraxılmaları üçün böyük məbləğdə pul tələb edirlər. Hətta mənzillərinin mülkiyyət hüququnu da girov kimi qoymağa məcbur olurlar. Bu, daim davam edən problemdir.
XS
SM
MD
LG