Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Nazim Məmmədov: «Bu ağılsızlıq olardı!»


Nazim Məmmədov
Nazim Məmmədov
Parlamentin iqtisadi-siyasət komitəsinin üzvü, iqtidaryönlü deputat kimi tanınan Nazim Məmmədov belə deyir. Bu fikri müsahibə zamanı dönə-dönə vurğuladı. Deputat niyə bu qənaətdədir və ümumiyyətlə, qalmaqalla qarşılanan «Qeyri-hökumət təşkilatları haqda» yeni qanun layihəsi barədə o nə düşünür, özündən eşidək.

«QANUN VƏZİYYƏTİN KƏSKİNLŞMƏSİNƏ GƏTİRMƏMƏLİDİR»

- Ondan başlayım ki, qanunvericiliyin təkmilləşdirilməsinə həmişə ehtiyac var. Bu da qanunun daha da pisləşməsinə, onun təsir dairəsində olanların vəziyyətinin daha da kəskinləşməsinə gətirməməlidir. Bu qanun layihəsindəsə mən konkret maddi mənbələrə məhduddiyyət qoyan dəyişikliklərin əleyhinəyəm. İstənilən halda maliyyə mənbələrinin azacıq da olsa kasadlaşması QHT-lərin inkişafına stimul verə bilməz. Biz vaxtilə xarici bankların Azərbaycanda filiallarının açılmaması ilə bağlı mühafizəkar qanunlar qəbul etdik. Bu da banklarda maliyyə çatışmazlığına, nəticədə Azərbaycan banklarının daha da zəifləməsinə gətirdi. Bu baxımdan da hesab edirəm ki, qeyri-hökumət təşkilatları haqda yeni qanun layihəsindəki bir müddəa, layihələrin 50 faizinin xaricdən, 50 faizinin daxili mənbələr hesabına maliyyələşməsi düzgün addım olmazdı. Heç müzakirələrdə səslənən 80 və ya 20 faiz maliyyələşmə məsələsiylə də razı deyiləm.

- Nəyə görə?

- Məncə, bu haqda gələcəkdə düşünə bilərik. Vətəndaş cəmiyyəti tam inkişaf edəndən sonra. Hələliksə Azərbaycanda vətəndaş institutları tam oturuşmayıb. Hələ ki, QHT-lərin fəaliyyətində tam şəffaflıq və hesabatlılıq yoxdur, bu da ara-sıra belə fikirlərə yol açır ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycanın milli maraqlarına xidmət etmirlər. Bu da, yenə deyirəm, şəffaflığın, aşkarlığın olmaması ilə bağlıdır. Amma sözümü ona gətirirəm ki, bu məsələləri indiki durumda qabartmamalıyıq. Çünki xaricdən nə qədər çox vəsait alsalar belə, bu sektorda çalışanların mütləq əksəriyyəti Azərbaycanın inkişafını istəyir, Azərbaycanın maraqlarını həmişə üstün tuturlar.

«MƏSƏLƏNİN BU CÜR QOYULUŞU AĞILSIZLIQDIR»

- Siz banklar haqda qanunu yada saldınız. Dediniz ki, xarici bankların filiallarının açılmaması müəyyən maliyyə çatışmazlığına yol açdı. Necə bilirsiniz, xaricdən maliyyə mənbəsinin kəsilməsi qeyri-hökumət sektorunda da eyni problemlərə yol aça bilərmi?

Bankları ona görə misal gətirdim ki, maliyyə çatışmazlığı yaşayan yerli banklarımız məcbur qalıb xaricdən resurs cəlb etdilər və maliyyə böhranı yaşananda asılı vəziyyətə düşdülər. Bu vəziyyətlə üzləşməmək üçün qeyri-hökumət təşkilatları da öz maliyyə mənbələrini ölkə daxilində axtarmalıdırlar, sabit gəlirlərə əsaslanıb iş qurmalıdırlar. Baxmayaraq ki, bu gün bəzi yerli qeyri-hökumət təşkilatlarının büdcəsi on milyonlarla ölçülür, bu sektorda yetərincə insan çalışır və sairə. Amma mən başqa məqama diqqət çəkmək istəyirəm. Bizim vətəndaş cəmiyyəti tam oturuşana, böyük layihələri maliyyələşdirəcək fondlar yaradılana qədər, qeyri-hökumət sektorunun xaricdən maliyyələşməsinə toxuna bilmərik, buna məhdudiyyət qoya bilmərik. Məsələnin bu cür qoyuluşunu ağılsızlıq sayardım, axıra qədər düşünülməmiş addım hesab edərdim.

Ümumilikdə, on milyonlarla dövriyyəsi olan, xeyli sayda insanın çalışdığı, yüksək səviyyəli layihələrin reallaşdırıldığı bir sektorda bu addımı atmaq olmaz. Düzdür, bir iqtisadçı kimi bu sektorda reallaşdırılan bəzi layihələrlə razılaşmadığım da, iradlarım da olur. Amma bütünlükdə onların fəaliyyətini yüksək qiymətləndirirəm. Ona görə də onların fəaliyyətinə hər hansı məhdudiyyətin, o cümlədən maddi məhdudiyyətin qoyulması fikriylə razı deyiləm.

«MƏNCƏ, DANIŞIQLARA GEDİB, MƏHDUDİYYƏTİ QALDIRMAQ OLAR»

- Bu haqda fikirlərinizi layihə müəlliflərinə çatdırmısınızmı?

- Bəli. Mən bununla bağlı baxışlarımı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə şifahi halda çatdırmışam. Məncə, bu fikirlər müsbət qarşılanıb və ümumiyyətlə, bu yöndə danışıqlar aparıb, qoyulacaq məhdudiyyəti aradan qaldırmaq mümkündür. Bir də deyirəm ki, mən qeyri-hökumət təşkilatlarının xaricdən və ya daxildən maliyyələşməsinə məhdudiyyət qoyulmasının əleyhinəyəm.

- Nazim müəllim, söhbətdə qanun layihəsindəki bir maddə haqda danışdıq. Bəs ümumilikdə qanun layihəsinin özünü necə dəyərləndirirsiniz?

- Vaxtı çatmamış öz fikrimizi açıqlamam düzgün deyil. Yəqin ki, müzakirələrin nəticəsi olaraq ayrı-ayrı maddələrlə bağlı mən də fikrimi deyəcəyəm. Amma onu deyim ki, mən şəffaflığı, hesabatlılığı artıracaq, qeydiyyatı asanlaşdıracaq müddəaların tərəfdarıyam. Əleyhinə olduğum məsələ isə maliyyə mənbələrinə məhdudiyyət qoyulmasıdır.
XS
SM
MD
LG