Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

İpoteka başladı… İpoteka «qurtardı…»


«Kapitalbank»ın filiallarına sosial ipoteka ilə bağlı nəinki vəsait ayrılıb, heç bundan xəbərləri yoxdu
«Kapitalbank»ın filiallarına sosial ipoteka ilə bağlı nəinki vəsait ayrılıb, heç bundan xəbərləri yoxdu
Altı gün əvvəl güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılsa da bu sahədə müxtəlif problemlər var. Araşdırmalarımızdan məlum oldu ki, güzəştli kredit verməli olan 18 bankdan cəmi altı-yeddisi kredit verməyə başlayıb. Qalan banklardan isə müxtəlif cavablar aldıq.

LİMİT DOLUB

Misal üçün «Bank Standart» artıq kredit limitinin bitdiyini deyir:
«Bizdə güzəştli ipoteka ilə bağlı limit artıq dolub».

«Muğanbank» da isə adi ipoteka kreditləri verilsə də, güzəştli ipoteka üçün pul ayrılmayıb: «-Sizdən güzəştli ipoteka götürmək istəyirik, mümkündürmü?
Bizdə hələ güzəştli ipoteka verilmir...»

«Kapitalbank»ın mərkəzi ofisindən isə filiallara müraciət etməyimizi məsləhət bildilər. Bankın Yasamal filialından isə deyirlər ki, sosial ipoteka ilə bağlı onlara nəinki vəsait ayrılıb, heç bu barədə məlumatları da yoxdu.
Eyni sözləri «Beynəlxalq Bank»ın Yasamal filialında da eşitdik.

MÜXTƏLİF CAVABLAR

Güzəştli ipoteka krediti almaq istəyən Natiq Məmmədov da indiyə qədər bir neçə banka müraciət edib, amma hər dəfə müxtəlif cavablar eşidib. Deyir ona təəccüblü gələn odur bəzi banklar sosial ipoteka limitinin bitdiyini deyir, bəzilərininsə bu barədə heç məlumatı yoxdu:

«Məni maraqlandıran odur ki necə ola bilər ki, bəzi banklarda limit qurtarıb, amma bəzi banklara isə sosial ipoteka ilə bağlı heç rəsmi məlumat da verilməyib. Axı sosial ipoteka ötən həftənin cümə günündən verilir, sonra iki gün şənbə bazar. İyunun 23-də isə deyirlər ki, limitimiz bitib. Banka nə qədər axın olub ki, iki üç günə limit dolub. «Beynəlxalq» və «Kapitalbank»ın isə güzəştli ipotekadan xəbərləri yoxdur. Onda belə çıxır ki, kreditlərinin verilməsində banklar arasında ayrıseçkilik edilib».
İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, ümumi ipoteka kimi sosial ipoteka da 18 müvəkkil bankın hamısına aiddir. Samirə Nəsibova deyir ki, bankların vətəndaşların sorğusuna belə cavab verməsi heç ona da aydın deyil.

Samirə Nəsibovanın sözlərinə görə, ümumi ipoteka kreditini bir nəfər alsa da, sosial kreditlə bağlı hələ ki sənədləşmə prosesi gedir.

İpoteka kreditləri almaq üçün müraciət edən adamların sayına gəldikdə Samirə Nəsibova deyir bu hesablama aparılır, amma dəqiq məlumatlar bu günlərdə açıqlanacaq.

VƏSAİTİN KƏNARA ÇIXMASINA İMKAN VERMİRLƏR

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, ola bilər banklara bu məsələdə az xeyir qalır və bunun üçün də güzəştli kredit verməkdə maraqlı olmurlar. İqtisadçıya görə, güzəştli ipoteka kreditlərinin verilməsi zamanı 18 adda sənəd tələb olunur ki, bu da bankların əlavə iş görməsinə, əlavə vəsait xərclənməsinə səbəb olur.

Qubad İbadoğlu hesab edir ki, bəzi banklar da var ki, onlar ipoteka kreditlərini elə öz yaxın ətraflarına verirlər, vəsaitin kənara çıxmasına imkan vermirlər. Bu da nəticədə bir çoxlarının güzəştli kredit ala bilməməsinə səbəb olur.

Sosial ipotekanın maliyyələşməsi üçün dövlət büdcəsində 14 milyon manat nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi artıq Fondun hesabına köçürüldüyündən iyunun 18-dən güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilib.
XS
SM
MD
LG