Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Artur Lenk: «İran Azərbaycanın uğurunu istəyirmi?»


İsrailin Azərbaycandakı səfiri Artur Lenk
İsrailin Azərbaycandakı səfiri Artur Lenk
İsrailin Azərbaycandakı səfiri Artur Lenk «Azadlıq» radiosunun «İşdən sonra» proqramının qonağı olub. Bu söhbətdən bəzi məqamları çatdırırıq:

«GÖRƏK İSRAİL RƏHBƏRLİYİ OBAMANIN ÇIXIŞINA NECƏ REAKSİYA VERƏCƏK»

- Cənab səfir, ABŞ prezidenti müsəlmanlara müraciət etdi. O çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunub. Obamanın fikrincə, Fələstin xalqının da müstəqil dövlət qurmaq haqqı var. Fələstinlilər onilliklərdir işğaldan əziyyət çəkir, köçkün həyatının əziyyətlərinə qatlaşır. Sizin özünüz bu çıxışı necə qiymətləndirdiz?

- Barak Obamanın çıxışı ümid dolu idi. Əlbəttə, biz də bu çıxışı dəstəkləyirik. İsrail dövlətinin də istəyi, məramı da odur ki, bu münaqişədən çıxış yolu tapaq. Özü də elə çıxış yolu ki, Fələstin xalqı da qarşılıqlı hörmət şəraitində, özünün istədiyi kimi yaşaya bilsin. Çox ümid edirəm ki, hər iki tərəfin liderləri Obamanın çıxışından bərk-bərk yapışacaq, dialoq qurmaq və yeni mərhələyə qədəm qoymaq üçün bundan bir fürsət kimi yararlanacaq. Nəticədə həm Fələstin xalqı istədiyi yolu seçə bilsin, həm də İsrail xalqı təhlükəsizlikdə yaşasın.

- Obama İsraili Fələstində qəsəbələr salmağa son qoymağa çağırdı. Məsələn, bu çağırış İsrail tərəfdən nəzərə alına bilərmi?

- Biz hələlik gözləyirik görək İsrail rəhbərliyi bu çağırışa necə reaksiya verəcək. Burda bir-birinə bağlı çox məsələlər var, həm terror, həm zorakılıq. Təbii ki, bu məsələlər öz həllini tapmalıdır.

- Obama Fələstinin işğalına da toxundu, buna münasibətiniz?

- Bir məsələ aydındır ki, necə ki, sizin ölkəniz, eləcə də İsrail öz gələcəyini özü müəyyən edir. Bu məsələdə tərəflər özləri seçim etməlidirlər.

«ŞİMON PERESİN SƏFƏRİ HEÇ KİMƏ QARŞI YÖNƏLMƏYİB»

- Bu ayın sonunda Şimon Peresin Azərbaycana səfəri planlaşdırılır, məqsəd nədir?

- Bizim Azərbaycanla çox isti münasibətlərimiz var. Hər ikimiz də kiçik ölkəyik və ikimiz də mürəkkəb regionda yerləşirik. Bizi birləşdirən dəyərlər var. Deməli, həm də müzakirələr üçün böyük mövzular var.

- Müzakirə olunacaq başlıca mövzu nə olacaq?

- Bu səfərdə bir çox məsələlər, o cümlədən ticarət, enerji məsələsi müzakirə ediləcək. Amma bu səfərdə ən vacib tərəf odur ki, bu, bir simvolik mesaj olacaq. Bizim ölkənin başqa ölkələrlə yanaşı, həm də müsəlman ölkəsi olan Misir, Qazaxıstan, Türkiyə və Azərbaycanla yaxşı əlaqələri var. Səfər bu baxımdan önəmlidir. Təbii ki, ən vacibi insanların, iki xalqın yaratdığı körpüdür.

- Azərbaycanın cənab Peresi dəvətinə İran sərt reaksiya verdi. Bu reaksiya İsraili narahat edirmi?

- Bu səfər yalnız və yalnız qarşılıqlı əlaqələri inkşaf etdirmək üçün nəzərdə tutulub, heç kimə qarşı yönəlməyib. Həm Yerusəlimdə, həm Bakıda düşünürlər ki, bu səfər iki ölkəni yaxınlaşdıracaq səfər olacaq. Amma eyni zamanda, deməliyəm ki, İran rəhbərliyi İsraili yer üzündən silməyə çağırıb. Başqa dövətin lideri bu çağırışı heç vaxt etməz. İran bizim istənilən addımlarımızı bəyənmir, kimlərləsə yaxınlığımızı qəbul etmir. Amma bu, yalnız və yalnız bizə aid bir məsələdir. Təbii ki, bu, yaxşı hal deyil ki, İran çox qorxunc bəyanatlar verir, cəmiyyətdə xof yaratmaq istəyir. Amma həm İsrail, həm Azərbaycan məqsədini açıqlayıb, istək işgüzar münasibətlər qurmaqdır.

Bir də mən İran məsələsi ilə bağlı bir şeyi deyim, İran xalqı əsla bizm düşmənimiz deyil. Biz İran xalqının xoş gələcəyini istəyirik, istər azərbaycanlılar olsun, istər farslar olsun, istər başqa xalqlar olsun. Biz istərdik ki, iranlılar insan haqlarının pozulmadığı bir İran dövlətində yaşasınlar.

(müsahibənin mətni videodan sonra davam edir)
Israil səfiri "Azadlıq" radiosunda
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid


«İRAN AZƏRBAYCANIN UĞURUNU İSTƏYİRMİ?»

- Görəsən, doğrudanmı, İran Azərbaycanın uğurunu istəyir? Bu sualın cavabını çoxları bilir. İsrailin istəyisə budur ki, Azərbaycanın uğurunu istəyir. Fərqimiz də budur. Kənd təsərrüfatında, təhsildə və başqa sahələrdə uğur qazanmasını istəyir.

- Belə başa düşdüm ki, siz İranın Azərbaycana dost olmasına şübhəylə yanaşdız…

- Mənim şəxsən İran xalqına mənfi münasibətim yoxdur. İran-Azərbaycan münasibətlərinə də qarışmaq istəməzdim. Amma bu münasibətlər olmalıdır, çünki orda sizin çoxlu azərbaycanlı bacı-qardaşlarınız yaşayır.

«SƏFƏR BAŞ TUTACAQ, TƏHLÜKƏSİZLİK DƏ TƏMİN OLUNACAQ»

- Bakıda İsrail səfirliyinin partladılmasına cəhdlərlə bağlı məhkəmə gedir. Bu, sizi nə dərəcədə narahat edir? Prezidentin səfəri ərəfəsində təhlükəsizliyi artırmısız?

- Bu gün radionuza evimdən piyada gəlmişəm. Azərbaycanda özümü rahat hiss edirəm.

- Səfirliyin partladılması planı ilə bağlı sizin əməkdaşlar dindirilibmi?

- Bu, hüquqi məsələ olduğundan yaxşı və uyğun olardı ki, Azərbaycan tərəf bu suala cavab versin. Mənim ailəm və özüm uzun illərdir burda yaşayırıq. Burda özümüzü evimizdəki kimi his edirik.

- Peresin səfəri ərəfəsində təhlükəsizlik tədbirləri gücləndiriləcəkmi?

- İsrail prezidenti bura Azərbaycan prezidenti İlham Əliyevin dəvətiylə gəlir. Bu səfər də baş tutacaq. Təhlükəsizlik də təmin olunacaq.

- İsrail prezidentinin səfəri zamanı hansısa sənədlərin imzalanması gözlənirmi?

- Mən əminəm ki, hansısa sənədlər imzalanacaq. Amma biz istərdik ki, səfər zamanı Şimon Peres Azərbaycanı öz gözüylə görsün. Bəlkə imkan tapsa, Bakıdan kənara çıxsın, yəhudi icmasıyla müsəlmanları bir araya gətirsin. Məncə, önəmli cəhət bu olardı.

- Bu səfərdən sonra İsraildə Azərbaycan səfirliyinin açılması gözlənirmi? Belə müzakirə varmı?

- Bu, Azərbaycan hökumətinin verəcəyi qərardır.

«AZƏRBAYCAN İSRAİLDƏN DEMOKRATİYANI ÖYRƏNƏ BİLƏR»

- İsrail Yaxın Şərqdə demokratik dövlət imiciylə tanınıb. Amma həmişə də ətrafındakı dövlətlərin qeyri-demokratik olduğunu deyib. İsrail Azərbaycanda da demokratiyaya dəstək çağırışları səsləndirə bilərmi?

- Mən Azərbaycanda olduğum dörd ildə şahid olmuşam ki, Azərbaycanda bəzi demokratik islahatlar aparılıb. Amma burda görüləsi işlər daha çoxdur. İsrail dövlətinin 61 yaşı var. Qırx il əvvəl biz də indiki qədər demoratik deyildik. Azərbaycan isə heç 20 yaşını da qeyd edə bilməyib. Məncə, görüləsi çox işlər var.

- Dediniz ki, görüləsi işlər var. Bunlar arasında mətbuat sahəsi də varmı? Ölkədə söz azadlığının durumunu necə qiymətləndirirsiz? Yəqin bilirsiz ki, Azərbaycanda bir neçə jurnalist həbsdədir.

- Mən burda qonağam. Hakim rolunu oynamaq istəməzdim. Sadəcə deyim ki, ümidvaram ki, bir çox işlər görüləcək. İsraildə də görülməli işlər var, amma Azərbaycanın İsraildən öyrənəsi daha çox məsələ var. Amma bununla belə, deməliyəm ki, çox istərdim tərəflər arasında anlaşma olsun, bir-birilərini daha yaxşı başa düşsünlər. Jurnalistlər də öz işlərini daha məsuliyyətlə yerinə yetirsinlər.
XS
SM
MD
LG