Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

«Onlar sadəcə, sosial dəyişikliyi təbliğ edirlər»


Gənclər İstiqlaliyyət abidəsinin önündə, 28 may 2009
Gənclər İstiqlaliyyət abidəsinin önündə, 28 may 2009
«Onlar deyirlər ki, sadəcə, sosial dəyişikliyi təbliğ edirlər. Sovet hakimiyyətindən əvvəlki Azərbaycan Demokratik Respublikasını, qısaca ADR-i təbliğ edən gənclər qrupu Azərbaycanın ictimai həyatında yeni gücə çevriliblər, lakin hakimiyyət üçün hələ qəbul edilən deyillər».

Mina Muradovanın Eurasianet.org portalında dərc olunmuş «Gənclər tarixə nəzər salaraq demokratik-dünyəvi gələcək uğrunda» adlı yazısında belə deyilir.

Yazıda deyilir ki, ADR-i təbliğ edən gənclər qrupu demokratik ədalət və dözümlülüyü nümayiş etdirməklə Azərbaycan gəncləri arasında laqeydliyi aradan qaldırmaq və cəmiyyətdə çoxdan mövcud olan korrupsiya və zəif təhsillə mübarizə aparmaq istəyirlər. Bu qrupa daxil olan bir çox fəallar da Qərb təhsillidir.
Müəllif bildirir ki, özünü ADR-in xələfi elan edən Azərbaycanın indiki hakimiyyəti bu gənclərin maraqlarına təzyiq göstərməyə çalışmayıb. Lakin mayın 28-i Müstəqillik Gününün qeyd olunması Demokratik Respublika tərəfdarlarının tənqidinə məruz qaldı. Həmin gün mayın 10-u olduğu kimi ölkədə nə konsert təşkil olundu, nə də ənənəvi atəşfəşanlıq. Mayın 10-u Heydər Əliyenin 86-cı ildönümü qeyd edilmişdi.

Əvəzində Heydər Əliyevin oğlu, prezident İlham Əliyev ADR-in şərəfinə ucaldılmış abidəni ziyarət edib qarşısına gül qoymuş və yüksək rütbəlilər üçün təşkil olunmuş müxtəlif konsertlərdə iştirak etmişdi.

«HAKİMİYYƏTİN 28 MAYIN QEYD EDİLMƏSİNƏ OLAN MÜNASİBƏTİ BİZİ ÇOX MÜTƏƏSSİR ETDİ»

ADR-ın təbliğatçılarından olan «OL» gənclər təşkilatının üzvü Adnan Hacızadə deyir ki, onlar ADR-in irsini yüksək qiymətləndirirlər: «Və hakimiyyətin onun qeyd edilməsinə olan münasibəti bizi çox mütəəssir etdi».

Əliyev hakimiyyəti ADR-i yaradanlardan biri olan Məmməd Əmin Rəsulzadəyə Bakının mərkəzində heykəl qoyulacağına söz vermişdi. Məmməd Əmin Rəsulzadənin yalnızca parkda xatirə lövhəsi yerləşdirilmişdi. Həmin parkda da keçən il bərpa işlərindən sonra o lövhəni də götürdülər və yerində fontan tikdilər.

Tarixçi Aydın Balayevin sözlərinə görə, ona elə gəlir ki, hakimiyyət ADR-ə qısqanclıqla yanaşır. O deyir ki, ADR-in ideoloji irsi təbliğ olunmur, tarix kitablarında ona çox az yer verilir.

Yazıda deyildiyinə görə, hakimiyyət qısa ömürlü bu hökumətə qısqanclıqla yanaşdığını qəbul etmir. Top7.az internet portalına müsahibə verən Yeni Azərbaycan Partiyasının nümayəndəsi Mübariz Qurbanlı deyib ki, ensiklopediya və digər kitablarda ADR haqqında yazılar yer alıb. Şəhərin mərkəzində də onun şərəfinə abidə ucaldılıb.

28 mayı qeyd etmək üçün bir neçə gənclər təşkilatı və 6 siyasi partiya Rəsulzadənin doğulduğu Novxanı kəndinə gedib, keçmiş liderin abidəsi önünə milli rəngli lentlər bağlanmış gül dəstələri qoyublar.

İCTİMAİYYƏTİN BU HƏRƏKATA MÜNASİBƏTİ BİRMƏNALI DEYİL

Bakıda isə 100-dən çox gənc hər birinin üzərinə ADR hərfləri yazılmış köynəklərlə üç-üç bütün şəhəri gəziblər. Bununla da 28 mayı qeyd etdiklərini nümayiş etdiriblər. Vaşinqton, Nyu-York, Los-Anceles, London və İstanbulda yaşayan gənc azərbaycanlılar da gəzintiyə çıxıblar. Bakıda polis 12 iştirakçını saxlayaraq tezliklə də azad edib.

İctimaiyyətin bu hərəkata münasibəti birmənali deyil. Adnan Hacızadə deyir ki, polis iştirakçıların köynəklərinə yazılmış A, D və R hərflərini başa düşmədi. Bakı sakinləri isə gənclərin milli və tarixi dəyərlərə belə hörmətlə yanaşmasını müsbət qarşılayıblar. Bununla belə, iştirakçılar iddia edirlər ki, onların bu fəaliyyəti heç bir siyasi mövqeli deyil. Bu hərəkatın iştirakçısı olmuş «AN» şəbəkəsi avtoritar düşüncə və yanaşmanı dəyişməyə və sosial reallığı yenidən qurmağa söz verib.

REAL siyasi müzakirə klubunun həmtəsisçisi Erkin Qədirli isə deyir ki, Azərbaycanın siyasi həyatında iqtidar partiyasının dominantlığı gənc nəsli tarixə geri baxmağa məcbur edib. Onun sözlərinə görə, zamanla gənclər anlayıblar ki, onlara deyilən heç də hər söz nə tam, nə də qismən reallığı əks etdirmir.
XS
SM
MD
LG