Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Rusiya vətəndaşı MTN-də niyə saxlanılır?


Rusiya vətəndaşı Elçin Şamil oğlu Həsənov hazırda MTN-in istintaq təcridxanasında saxlanılır
Rusiya vətəndaşı Elçin Şamil oğlu Həsənovu Azərbaycanda əsgərlikdən yayınmaya görə ittiham edirlər. Elçin Həsənov hazırda MTN-in istintaq təcridxanasında saxlanılır.

QISA ARAYIŞ

Elçin Şamil oğlu Həsənov 1975-ci il təvəllüdlüdür. Anası Xuraman Həsənova deyir ki, 1991-ci ilin yanvarından oğlu Rusiyaya gedib və oranın vətəndaşlığını qəbul edib.

Elçin Həsənov hazırda İranda Ali Ruhani Akademiyanın aspirantıdır. 2003-ü ildə Bakıya gələndə gömrükdə heç bir problemi olmasa da, bu il aprelin 4-də ölkəyə ikinci gəlişində onu saxlayıblar. İrandan Azərbaycana gələn Elçin Həsənovu Astara gömrüyündə hərbi xidmətdən yayınmaqda suçlandırıblar. Nərimanov rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanan Elçinin Bakıda yaşayan ailəsi 9 gün sonra bu hadisədən xəbər tutub.

Anası Xuraman Həsənova: «Nərimanov polis şöbəsində oğluma deyiblər ki, sən Azərbaycan vətəndaşısan, hərbi xidmətdən yayınmısan. O da deyib mən Rusiya vətəndaşıyam, neçə ildir ki, periodik olaraq İranda təhsil alıram. O uşaq Azərbaycan vətəndaş olmayıb heç vaxt. Onda Azərbaycan vətəndaşlığını təsdiq edən bir dənə də sənəd yoxdur». Xuraman Həsənova deyir ki, oğlu ölkəni 1991-ci ildə tərk edəndə «Azərbaycan vətəndaşlığı» anlayışı ümumiyyətlə yox idi.

ELÇIN HƏSƏNOV AZƏRBAYCAN VƏTƏNDAŞI HESAB OLUNA BILƏRMI?

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanun Elçin Həsənovun Rusiyada vətəndaşlıq almasından 6 il sonra 1998-ci ildə qüvvəyə minib.

Həmin qanunun 5-ci maddəsində yazılır ki, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər vətəndaş hesab olunur.
Elçin Həsənov isə 1991-ci ildən Mahaçqalada yaşayış yeri üzrə qeydiyyatdadır.

Anası deyir ki, 1994-cü ildə evlərinə hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib. Elçin Həsənovun Rusiya vətəndaşı olması ilə bağlı müvafiq dövlət strukturuna məlumat göndəriləndən sonra əsgərlik məsələsi daha gündəmə gəlməyib.

Hüquqşünas Sadiqə Mehdizadənin məsələyə münasibəti belə olub: «Hər hansı şəxs Azərbaycanın vətəndaşı olmalıdır ki, ona hərbi mükəlləfiyyət və ya digər məsələ ilə bağlı iddia irəli sürülə bilsin. Bu halda, bu şəxs o kateqoriyanın altına düşmür. Ola bilər ki, ümumi siyahıyaalma aparılanda, məlumatları bazadan-bazaya köçürəndə müvafiq orqanlar sadəcə maraqlanmayıblar, ya da avtomatik olaraq götürüb şəxsin adını bazaya atıblar, ona görə də indi bu problem yaranır».

NİYƏ AĞIR CİNAYƏTLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İSTİNTAQ İDARƏSİ?

Hüquqşünas Sadiqə Mehdizadə bu sualı qaldırır. Çünki Elçin Həsənovu Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə - hərbi xidmətdən yayınmada ittiham edirlər. İş isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. Niyə? Hərbi xidmətdən yayınma ağır cinayətdirmi?
Anası Xuraman Həsənova deyir ki, 1991-ci ilin yanvarından oğlu Rusiyaya gedib və oranın vətəndaşlığını qəbul edib


Qanunvericiliyə görə, ağır cinayətlərə sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər daxildir. Hərbi xidmətdən boyun qaçırmanın isə cəzası iki illik həbsdir.

İŞGƏNCƏ...

Elçin Həsənovun anası da, vəkili Yavər Hüseynov da deyir ki, təqsirləndirilən şəxs saxlandığı gündən hüquq pozuntularına məruz qalıb.

Xuraman Həsənova: «Bunlar o dəqiqə Rusiya səfirliyinə məlumat verməli idilər ki, biz belə bir adam tutmuşuq. Güya bundan şübhələnirlər. Şübhələnmişsinizsə, həmin təcridxanada 48 saatdan artıq saxlamaq olmaz. Qanun belə deyir! Bunlar oğlumu orda ittiham elan etmədən 9 gün saxlayıblar. İncidiblər. Başına nə oyunlar açıblar. Tutulduğu 2 aya yaxındır, amma vəkil onu 2-3 dəfə ancaq görüb. Vəkili də aprelin 13-də tutmuşuq, onu da 9 gün oğlumla görüşməyə qoymayıblar. Əgər onun boynuna nəsə qoyursansa, vəkilin yanında olmalıdır bu söhbət».

Vəkil Yavər Hüseynov isə deyir ki, Elçin Həsənov istintaq təcridxanasında saxlandığı müddətdə ona qarşı fiziki zor tətbiq edilib. Vəkil təqsirləndirilən şəxsin məhkəmə-tibbi ekspertizasından keçirilməsini tələb etsə də, buna əhəmiyyət verilməyib: «Məqsəd odur ki, onu bədənindəki işgəncə izləri silinib getsin».

Rusiya səfirliyinin hüquq şöbəsindən Tatyana İliniçnaya bu məsələ ilə bağlı hər hansı məlumat vermək istəmədi. Səfirlik rəsmi sorğumuzu da cavabsız qoydu.

XARİCİ VƏTƏNDAŞ XARİCİ KƏŞFİYYATLA ƏLAQƏDƏ SUÇLANDIRILA BİLƏRMİ?

Təqsirləndirilən şəxsin vəkili Yavər Hüseynov deyir ki, istintaq Elçin Həsənovun xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsindən şübhələnir. Amma bu barədə heç bir rəsmi ittiham yoxdur.

Yavər Hüseynov: «MTN-in istintaq təcridxanasında saxlanılması da bu xüsusatla əlaqəlidir ki, məsələ ilə bağlı müəyyən əməliyyat tədbirləri keçirilsin. Amma mən müdafiə tərəfi olaraq qeyd edim ki, bu günə qədər bu qeyd olunanlarla bağlı rəsmi ittiham irəli sürülməyib. Aydan artıqdır ki, Elçin Həsənov saxlanılır, amma bu xüsusatı təsdiq edə biləcək heç bir sübut əldə edilməyib. Bildirirlər ki, bu məsələ araşdırılır, yoxlanılır».

Hüquqşünas Sadiqə Mehdizadə deyir ki, ölkə ilə siyasi və hüquqi bağlılığı – yəni vətəndaşlığı olmayan şəxsi xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda, yəni dövlətə xəyanət cinayətində günahlandırmaq məntiqə və qanunun tələbinə sığmır: Azərbaycan vətəndaşı olmayan şəxs Azərbaycan dövlətinə xəyanət edə bilməz».

Sadiqə Mehdizadə deyir ki, bu cür həbslərə təcrübədə rast gəlinir: «Bəzən hər hansı bir maddə ilə şəxs saxlanılır, təcridxanaya salınır, daha sonra isə o dəfələrlə dindirilir, üzləşdirmələr aparılır. Bütün mümkün yollarla şəxsin hər hansı ağır cinayəti etiraf etməsinə və ya bu haqda onun sübutlar təqdim etməsinə çalışılır. Təbii ki, bu qanuni deyil və hüquqa tamamilə ziddir. Şübhəli şəxs o vaxt həbs oluna bilər ki, konkret sübutlar və ittiham irəli sürülür, məhkəmə isə qərar qəbul edir ki, həqiqətən bu şəxsin həbsi lazımdır».

Saxlanılan şəxsin anası Xuraman Həsənova yerli məhkəmə instansiyasından tutmuş, Azərbaycan və Rusiyanın prezidentlərinə də şikayət məktubları göndərsə də, heç birinə cavab almayıb.

Respublika prokurorluğunun mətbuat xidmətindən Eldar Sultanov Elçin Həsənovun Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçməkdən qəsdən boyun qaçırma faktını təsdiqlədi. Onun Rusiya vətəndaşı olmasına gəlincə, Eldar Sultanov bildirdi ki, bu həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Elçin Həsənovun hərbi xidmətdən boyun qaçırması istintaqla sübuta yetirilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir: «Hazırda həmin faktla bağlı istintaq davam etdirilir. Göstərilənlə əlaqədar Elçin Həsənovun anası Xurmana Həsənovaya prokurorluq tərəfindən bu barədə müvafiq məlumat verilmişdir».

Elçin Həsənovun anası isə deyir ki, evlərinə cəmi bir dəfə 1994-cü ildə hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib. Elçin Həsənovun Rusiya vətəndaşı olması ilə bağlı müvafiq mənzil istismar idarəsinə məlumat göndəriləndən sonra əsgərlik məsələsi daha gündəmə gəlməyib.
XS
SM
MD
LG