Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

«Qəzetlərin şər, böhtan azadlığı var»


Rəbiyyət Aslanova
«Əgər bu gün Azərbaycanda mətbuata azacıq da təzyiq varsa, müxalifət mətbuatının mövcudluğu, onların yazdıqları, yəni bu qəzetlərdə obyektivlikdən, həqiqətdən, reallıqdan çox uzaq məlumatların çatdırılmasına nə ad vermək olar? Məgər bu onların diliylə desək «mətbuat azadlığı» deyilmi?..»

Parlamentin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatını şərh edərkən «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib.

ELMAR HÜSEYNOVUN QATİLLƏRİ TEZLİKLƏ TAPILACAQ?

«Mətbuatın azadlığından söhbət gedirsə, onun başqa rolu olmalıdır. O cəmiyyətə müstəqil, obyektiv, azad fikri çatdırmalıdır. Amma müxalifət mətbuatı nə yazır? Şər, böhtan yazırlar, insanların şərəf və ləyaqətinə toxunurlar. Bununla belə, onların azadlığı, hətta şər-böhtan hüququ var, onlara bu imkan da yaradılır. Amma hər hansı vətəndaş, məmur onları məhkəməyə verərkən səs-küy qoparırlar, beynəlxalq təşkilatlara şikayətlənirlər. Onlar mətbuat azadlığı fikrini sona kimi anlamırlar. Mətbuat azadlığı şər-böhtan azadlığı yox, alternativ fikir azadlığıdır. «Mətbuat azadlığı yoxdur» fikrini qəbul etmirəm».

Millət vəkili diffamasiya haqqında qanuna qarşı çıxdığını da bildirib:
«Çünki mən jurnalistin hüququnu müdafiə etdiyim kimi, böhtan obyekti olan insanın da hüququnu qorumağı özümə şərəf bilirəm. Hər kəsin öz şərəf-ləyaqətini qorumaq haqqı var».

Komitə sədri beynəlxalq təşkilatın hesabatındakı bir fikrə - jurnalist Elmar Hüseynovun qatillərinin hələ də tapılmamasına münasibət bildirib. O qatillərin tapılacağına inandığını deyib:

«Bu problemdə durğunluq yoxdur. Bu yaxınlarda problemin azacıq da olsa həllini görəcəyik».

«TƏZƏPİR» MƏSCİDİ TƏMİRƏ BAĞLANANDA BU PROBLEM KİMİ QALXMADI»

Komitə sədri Rəbiyyət Aslanova Azərbaycanda dini qruplaşmaların, qurumların təzyiqlə üzləşməsi haqda deyilənlərlə də razılaşmayıb. O məscidlərin təmir adı altında bağlanması fikrini də rədd edib:

«Təzəpir» məscidi nə müddətdir təmirə dayanıb? Heç o təmirə dayananda bu məsələ qaldırılmadı. Bu gün də yenə bir neçə məscid bu cür təmirə dayanıb. Təmirdən sonra məscidlər yenə dindarların istifadəsinə veriləcək...Biz bu yaxınlarda «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişiklik etdik. Mən uzun müddət anlamadım, nəyə görə bu dəyişiklik insanlarda narahatlıq yaratdı? Məgər bu insanlar normal mühitdə, əmin-amanlıq, sabitlik içində yaşamaq istəmirlərmi? Nəyə görə insanlarda mövcud durumu normal qiymətləndirməmək istəyi var?»

R.Aslanova Azərbaycanda çoxsaylı dini icmaların, hətta Avropada qadağan olunan təriqət və cərəyanların da fəaliyyət göstərdiyini deyib:

«Biz Azərbaycanda radikalizmin, fundamentalizmin, Azərbaycandakı insan və islam dəyərlərinə zidd təriqətlərin, cərəyanların olmasına imkan verməməliyik. Bu gün Azərbaycan gəncinin qafası uğrunda saysız-hesabsız təriqət-cərəyan mübarizə aparır. Mənim bunun uğrunda mübarizə aparmaq haqqım var. Niyə mənim bu təriqətlərin prinsiplərindən, yönümündən xəbərim olmasın? Bura mənim məmləkətimdir. Mən məmləkətimdə Azərbaycana zidd, onun təhlükəsizliyinə təhlükə yaradacaq, insanların qafasını dəyişəcək, inkişafa mane olacaq təriqətin əlbəttə ki, varlığına sədd qoyacam».
XS
SM
MD
LG