Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«Azərbaycan prezidenti son 15 ildə çıxan bütün kitablarımı oxuyur»


Çingiz Abdullayev "Azadlıq" radiosunun Bakı Bürosunda, 20 iyul 2006
Çingiz Abdullayev "Azadlıq" radiosunun Bakı Bürosunda, 20 iyul 2006

«Tanınmışlar»ın budəfəki qonağı təkcə Azərbaycanın deyil, dünyanın bir çox yazıçılarının həsəd aparacağı qədər populyarlıq qazanmış bir şəxsdir. Çoxları xarici ölkələrdən onun yanına kitabını imzalatmağa gəlirlər. Bakıdakı diplomatik korpusun nümayəndələri təkcə özləri üçün yox, həm də təmsil etdikləri ölkənin rəhbərləri üçün onun imzasını istəyirlər. 47 yaşı var, 98 povest və roman müəllifidir. Əsərlərinə dünyanın hər yerində rast gəlmək olar. Onu Avropadan, Asiyadan tutmuş, Amerikaya qədər hər yerdə tanıyırlar. Kitabları hətta Vyetnamda, Monqolustanda da satılır. Avropa romanının inkişafına görə mükafat alan iki müsəlman yazıçıdan biridir. Bir sıra dövlətlərin yüksək mükafatlarını alsa da Azərbaycanın xalq yazıçısı olması ilə daha çox fəxr edir. Beləliklə, «Tanınmışlar»ın qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, detektiv romanlar müəllifi Çingiz Abdullayevdir.


«Bu qədər çap olunmağınızın sirri nədədir?» «Bu sirri heç özümdə müəyyənləşdirə bilməmişəm. Ancaq kitablarımı oxuyan adamlar deyirlər ki, bizi sənin yazdığın mövzu maraqlandırmır, bizi sənin fikirlərin, məsələyə münasibətin maraqlandırır. Görünür nəsə var ki, kitablarımı alırlar».


Çingiz Abdullayev deyir ki, əsərlərini daha çox xarici ölkələrdə olanda yazır: «Bakıda çox zənglər olur. Ümumiyyətlə telefon olmayanda daha çox yazıram».


Həyat səviyyəsindən razıdır, amma eyni zamanda vurğulayır ki, heç də «bizim məmurlar» kimi pul qazanmır. «Amma digər yazıçılara baxanda dolanışığım yaxşıdır».


«Nədənsə xeyriyyəçiliklə məşğul olduğunuzu həmişə gizlədirsiniz?» «Xeyriyyəçiliklə məşğul oluram. Mən də, həyat yoldaşım da… Amma bunu heç yerdə demirik. 14 ildir Yazıçılar Birliyindən maaş almıram, Azərbaycanda çıxan kitablarımdan qonorar almıram. Hamısını Qarabağ fonduna köçürürəm. Ancaq bu barədə danışmağa lüzum görmürəm, çünki reklam olar».


Dünyanın bir çox siyasi liderləri ilə dostluq münasibətləri olduğunu bildirir. «Şevardnadzeni yaxşı tanıyıram. Bir dəfə ad günüm olanda Rusiyanın o zamankı baş naziri Yevgeni Primakov mənə zəng vurub təbrik etdi. Litvanın indiki prezidenti Adamkus, Ukraynanın sabiq baş naziri Viktor Yanukoviçlə şəxsi münasibətlərimiz var. Nobel mükafatı laureatlarının çoxu ilə tanışam. Çox ağıllı adamlarla ünsiyyətdə olduğuma görə özümü çox xoşbəxt sayıram. Azərbaycan prezidenti axırıncı 15 ildə mənim bütün kitablarımın hamısını oxuyur».


«Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuduğum beş il ərzində futbol komandasının prezidenti idim. Vaxtı ilə mənimlə bir fakültədə oxumuş, bir komanda da futbol oynamış şəxslər indi yüksək dövlət postlarında təmsil olunurlar». Onların hamısı ilə ünsiyyət saxlamağına baxmayaraq, kimdənsə nə isə xahiş eləmək ağlından belə keçmir. «Xahiş eləməyi xoşlamıram»- deyir.


Yazıçı təbii ki, bir qayda olaraq tənqidi fikirlər də rastlaşır. Çingiz Abdullayev dünyanın heç yerində yox, yalnız Azərbaycanda tənqid olunduğu söyləyir. «Bəziləri deyirlər ki, guya mən özüm yazmıram. Mən həmin adamlara deyirəm ki, onda göstərin mənim köməkçimi görüm kimdir o? Bunlar hamısı gülməlidir. Mən bunlara heç fikir vermək istəmirəm».


Az vaxt ərzində çoxsaylı detektiv əsərlər yazmasına baxmayaraq, heç vaxt dincəlmədiyini deyir: «Ömrümdə bir dəfə də məzuniyyətdə olmamışam. Bizim ömrümüz çox qısadır, vaxt itirmək istəmirəm».


Bir oğlu, bir qızı var. Deyir ki, istəyirəm uşaqlarım mənə oxşasınlar. «Amma görürəm ki, uşaqlar məndən ağıllıdırlar. Düşünürəm ki, onları xoş gələcək gözləməlidir».


Bütün bunlarla yanaşı Çingiz Abdullayevin nigarançılığı da yox deyil. «Mənim oğlum həmişə məndən soruşur ata biz müharibəni uduzmuşuq? Mən oğluma 8 milyonluq bir xalqın ərazisinin 20 faizini itirməsini izah edə bilmirəm. Utanıram…»


DİNLƏYİN!


XS
SM
MD
LG