Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:44

İstintaq bütün suallara aydınlıq gətirirmi?


Bəzi ekspertlər hesab edirlər ki, cinayətin üstünü açmaq üçün xaricdən peşəkarlar dəvət edilməlidir
Bəzi ekspertlər hesab edirlər ki, cinayətin üstünü açmaq üçün xaricdən peşəkarlar dəvət edilməlidir
Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqınla bağlı yayılan rəsmi məlumat bütün suallara aydınlıq gətirmədi. Mİlli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu bu fikirdədir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, istintaq sübut edib ki, güllələr yalnız bir tapançadan - hadisə yerindən tapılan «Makarov» tipli tapançadan açılıb. Hadisəni törətdiyi deyilən Fərda Qədirov da özünü öz tapançasıyla öldürüb. Bununla belə hadisəylə bağlı iki nəfər də saxlanıb: Nadir Əliyev və Cavidan Amirov.

Ərəstun Oruclu deyir ki, hadisəni yalnız bir nəfərin törətdiyi ilk gündən inandırıcı görünmürdü. Ona görə də istintaqın məlumatını qaneedici saymaq çətindir:

«Amma orda başqa nüanslar da ola bilər. Ola bilsin ki, istintaq mətbuat üçün tam açıqlama vermək istəməsin. Bəlkə də məqsəd budur ki, əgər başqa cinayətkarlar varsa, onları şübhələndirməsinlər, əməliyyat aparmaq üçün şərait ağırlaşmasın. Amma ictimaiyyət də dəqiq məlumat gözləyir, ağır cinayət baş verib».

Keçmiş polis rəisi İsaxan Aşurova görəsə, bu cür məlumatlandırmada qəbahət yoxdur. Ola bilsin ki, istintaq bundan artıq məlumata malik deyil. Amma o hesab edir ki, bu işlə bağlı xaricdən peşəkarlar dəvət edilməlidir:

«Bu işin hərtərəfli və qərəzsiz araşdırılması üçün xarici mütəxəssislərin dəvət edilməsinə ehtiyac var. Çünki Azərbaycan bu qəbildən olan işlərin təhqiqatında təcrübəyə malik deyil. O üzdən ciddi yanlışlara yol verilə bilər. Ona görə də xarici peşəkarların dəvəti olduqca vacibdir».

Azərbaycan bir dəfə belə bir addım atıb. 2005-ci ildə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlini araşdırmaq üçün ABŞ-dan və Türkiyədən peşəkarlar dəvət edilmişdi. Amma bir müddət sonra onlar araşdırmalarını başa vursalar da, redaktorun qatilləri hələ də azadlıqdadır.

Bununla belə, İsaxan Aşurov deyir ki, o zaman xarici peşəkarların işi effektini verdi. O başqa məsələ ki, onların aşkar etdiyi hallar üzrə yoxlamalar necə aparıldı.

Ərəstun Oruclu isə bu fikirdədir ki, istintaqın mövqeyi siyasi iradədən asılıdır. Hələ istintaq açıqlama verməmiş Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov bildirdi ki, bu hadisə siyasi sabitliyi pozmağa yönəlməyib. Ona görə də istintaqın fəaliyyət çərçivəsi də məhduddur.

İndisə qayıdaq rəsmi məlumata. Məlumatda deyilir ki, mətbuatda bəzən cəmiyyətdə çaşqınlıq yaradan və yanlış fikirlər yayılır. Belə məlumatlar ağır cinayətdə bəzi xarici qüvvələrin iştirakının olub-olmaması fərziyyələrinin yoxlanmasına, əsl həqiqətin müəyyənləşdirilməsinə maneçilik törədir.

Ərəstun Orucluya görə, bu işdə xarici xidmət orqanlarının izi ilk gündən ehtimal edilirdi. Çünki cinayətkarı bu addıma sövq edən motiv yoxuydu:

«Belə bir motiv yoxdusa, deməli, onun arxasında hansısa mütəşəkkil qüvvə durur. Bu cür qüvvəsə ya xüsusi xidmət orqanı olur, ya da terror təşkilatı…»

İsaxan Aşurovsa deyir ki, mətbuatın versiya irəli sürmək hüququ var və bu hüququ onun əlindən almaq olmaz. Amma mətbuat da reallığa yaxın mülahizələrə söykənməlidir.

Rəsmi məlumatda o da deyilir ki, saxlanan şəxslərdən biri Nadir Əliyev cinayətin törədilməsində həmkəndlisi Fərda Qədirova kömək edib. O, xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıqda, qanunsuz odlu silah saxlama və gəzdirmədə ittiham olunur. Saxlanan ikinci şəxs, Fərda Qədirovun qohumu Cavidan Amirovun mənzilindənsə «AKM» avtomatına və «Makarov» tapançasına aid 12 ədəd patron, eləcə də təxminən 5 qaram həşiş götürülüb. Onun Neft Akademiyasında baş verən cinayətdə əli olub-olmadığıyla bağlı istintaq tədbirləri davam edir.

Eləcə də Fərda Qədirovun yaşadığı mənzilə də baxış keçirilib, evində patronlar, maska və tibb əlcəkləri tapılıb. Fərda Qədirovun mənzili kirayə götürdüyü Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətlə əlaqəsinin olub-olmaması da araşdırılır.
XS
SM
MD
LG