Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Digah - «Qurdla quzunun bir yerdə otladığı yer»


«Dügah fars sözüdür, iki dağ arası deməkdir»
«Dügah fars sözüdür, iki dağ arası deməkdir»
Qəsəbənin girişindəki lövhəyə «Digah» yazılsa da, qəsəbə ağsaqqalları bununla razı deyillər. Onlar deyirlər ki, qəsəbənin əsl adı Dügahdır: «Dügah fars sözüdür, iki dağ arası deməkdir».

Ancaq bu qəsəbənin problemi təkcə onun adıyla bağlı deyil. Sakinlərin dediyinə görə, işıq pis-yaxşı olsa da, qəsəbənin 50-60 faizində qaz və su normal gəlmir. Bir də olmayan və həm də ən ciddi problem iş yerləridir.

Digahlılar deyirlər ki, burdakı iş yerləri elə sovet quruluşu ilə birgə dağılıb. Əvvəllər qəsəbədə 30-40 nəfər adamın işlədiyi xalça sexi fəaliyyət göstərirmiş, böyük ferma var imiş. Son dövrlərə gəlib çıxan istilikxanalar isə iki il əvvəl tamamilə ləğv edilib. Qəsəbə sakinləri sonuncu gəlir mənbələrinin ləğvini qaz sayğaclarının quraşdırılmasıyla əlaqələndirirlər. Deyirlər ki, indi qazla istilikxanaları becərsələr, üzü astarından baha gələr. Amma əvvəllər sayğacsız-filansız gecə-gündüz qaz istilikxanalarda yanırmış. Onda qəsəbəyə su da yaxşı gəlirmiş:

- İndi nəsə əkmək olar? Mümkün deyil, onun pulunu çatdırmaq olmaz.

İstilikxanalar iki il əvvəl tamamilə ləğv edilib
Elə bu səbəbdəndir ki, Digahda adamlar həyətlərində göy-göyərti əkməkdənsə, onu mağazadan almağa üstünlük verirlər. Həmsöhbətim Mahmud Zamanov kimi:

- Baxıram göyərtini mağazadan alıb aparırsınız, özünüz kənddə yaşaya-yaşaya?

- İndi göy-göyərti əkmək mümkün deyil. Suyumuz yoxdur.

Özü də qəsəbədəki mağazalarda satılan göy-göyərti Digahda əkilmir, onu paytaxt Bakıdan alırlar.

Digahda ən varlı adamın beş-altı qoyunu və ya bir-iki inəyi var

Bu qəsəbədə ən varlı adamın beş-altı qoyunu və bir-iki inəyi var. Onu da otarmağa otlaq-filan yoxdur, heyvanı olan da onu qış-yay qapısında saxlayır. Bu qəsəbədə digər Bakıətrafı yaşayış məntəqələrindən fərqli olaraq dəbdəbəli evlərə, imarətlərə rast gəlinmir. Digahda sonuncu dəfə yeni ev 20-30 il bundan əvvəl tikilib.
Son vaxtlar Digahda heyvandarlıqla məşğul olanların sayı yavaş-yavaş artmağa başlayıb
Elə də kiçik olmayan qəsəbədə gəzdiyim bir-neçə saat ərzində yalnız bir yerdə tikinti işləri aparan üç fəhləyə rast gəldim. Sorğu-sualdan məlum oldu ki, artıq tamamlama işləri apardıqları obyekt yem mağazası olacaq. Fəhlələrin dediyinə görə, son vaxtlar Digahda heyvandarlıqla məşğul olanların sayı yavaş-yavaş artmağa başlayıb.

Digah qəsəbə adlansa da, burda qəsəbə atributlarından heç nəyə rast gəlmədim.

Qəsəbənin tən ortasında qəbiristanlıqla üzbəüz balaca bir aptek var. Sakinlər zarafatla deyirlər ki, bu aptekin bir rəmzi mənası var: Dərman tapdın və ya pulun dərman almağa çatdı, yaşadın, çatmadı, qarşı tərəfə yol həmişə açıqdır…»

Digah həm də «qurdla quzunun bir yerdə otladığı yer»di

Digahın digər yaşayış məntəqələrindən özünəməxsus bir fərqi də odur ki, bura olduqca sakit yerdir.
Sakinlər deyir ki, yol keyfiyyətli olsa da, çox təhlükəlidir
Elə bu sakitliyə görə sakinlər qəsəbəni «qurdla quzunun bir yerdə otladığı yer» adlandırırlar.

Sakinlərin dediyinə görə, bu baxımdan qəsəbədəki sahə müvəkkilinin heç bəxti gətirməyib. Çünki burda heç dava-dalaş da olmur. Olanda da problemləri qəsəbə ağsaqqalları həll edir və məsələ polisə, məhkəməyə qədər gedib çıxmır.

Digah ağsaqqallarının birinin dediyinə görə, hətta sovet dövründə Abşeron rayon Prokurorluğunda çalışan prokurorlardan biri bu qəsəbədən danışanda etiraf edib ki, bu necə kənddirsə, ordan hələ indiyə qədər prokurorluğa bir şikayət belə daxil olmayıb.

Bu qəsəbədə digər Bakı kəndlərilə müqayisədə dinə meyllilik elə də güclü deyil.

Qəsəbəyə metronun «Gənclik» stansiyasından hər 15 dəqiqədən bir 47 saylı marşrut işləyir
Qəsəbəyə metronun «Gənclik» stansiyasından hər 15 dəqiqədən bir 47 saylı marşrut işləyir. Özü də bu qəsəbəyə avtobus 1965-ci ildən işləyir. Bir il əvvəl isə qəsəbəyə işləyən marşrutlar yeni orta tutumlu avtobuslarla əvəzlənib. Gediş haqqı 25 qəpik olsa da, əksər adamlar 20 qəpik verir. Sürücü Vahid Məmmədov deyir ki, qəsəbə sakinlərinin hamısı bir-birinə qohumdur deyə, heç kimə pulu əskik verdiyinə görə bir söz demirlər.

Marşrutdan, yoldan söz düşmüşkən onu da deyim ki, digahlıların bir ciddi problemi də qəsəbənin ortasından keçən yolla bağlıdır. Sakinlər deyir ki, yol keyfiyyətli olsa da, çox təhlükəlidir. Belə ki, orta məktəbin düz yanından keçən yolda hər hansı qadağan işarəsi olmadığından bu yoldan keçən sürücülərin heç biri sürəti azaltmır. Sakinlər deyirlər ki, bu da dərsə gedib-gələn uşaqlar üçün daim təhlükə yaradır. Amma neçə illərdir ki, onların bu narahatlığını heç kim eşitmir.

Həmçinin bax:

Ağzı günə qalan istixanalar

İşsizlikdən dənizə gedirlər…

Avtobusun getmədiyi Bakı kəndi

Hökməlinin 5 fərqi…

Maştağada dəyişiklik gözləyirlər

Nardaranlılar: «Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı»
XS
SM
MD
LG