Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Yaxın vaxtlarda Bakı şəhər bələdiyyəsi yaradıla bilər


Əlində böyük səlahiyyətlər cəmləşən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da prezident tərəfindən təyin olunur
Əlində böyük səlahiyyətlər cəmləşən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da prezident tərəfindən təyin olunur
Yaxın vaxtlarda Bakı şəhər bələdiyyəsi yaradıla, paytaxt bələdiyyələri birləşdirilə bilər. Bununla bağlı parlamentin Regional Məsələlər Daimi Komissiyasında müzakirələr gedir.

Bu haqda «Azadlıq» radiosuna Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının üzvü Rüstəm Xəlilov məlumat verib.

Amma R.Xəlilov şəxsi fikrini də bölüşür. O, Bakı bələdiyyəsinin yaradılmasının tərəfdarı deyil. Ən azı indiki məqamda:

«Hesab eləmirəm ki, Bakıdakı bələdiyyələr birləşdirilməlidir. Bakı rayonları bir-birinə çox yaxın yerləşib. Nizami, Xətai, Yasamal rayonlarının bəzi əraziləri bir-birinə qarışıb. Bunun üçün xüsusi sənəd hazırlanmalıdır. Əvvəlcə bu problem həll edilməli, sonra Bakı bələdiyyəsi formalaşmalıdır».

Komissiyanın sədr müavini Tahir Rzayevsə deyir ki, ölkədə 2700-dən artıq bələdiyyə var və kiçik bələdiyyələr təcrübədə özünü doğrultmadı. Buna görə böyük şəhər bələdiyyəsinin yaradılması ideyası indi daha çox müzakirə olunur.

Əlavə edək ki, mövcud qanunvericilikdə bələdiyyələrin birləşdirilməsi və ləğv edilməsi nəzərdə tutulur. Amma könüllülük əsasında. Tahir Rzayevin sözlərinə görə, könüllülük prinsipi özünü doğrultmayıb. Ona görə də bələdiyyə seçkilərinə kimi mövcud qanuna müəyyən dəyişiklik və əlavələr edilə bilər və artıq bu yöndə iş gedir:

«Belə fikir var ki, kiçik bələdiyyələr özünü doğrultmursa, qoy birləşsinlər. Mülkiyyəti və maliyyə vəsaiti birləşsin.
Rüstəm Xəlilov
Qoy səmərəli fəaliyyət göstərsinlər. Bu məsələ yaxın vaxtlarda parlamentə çıxarıla bilər».

Bakı şəhər bələdiyyəsinin və ya böyük şəhər bələdiyyələrinin yaradılması, eləcə də mer seçkilərinin keçirilməsi təzə söhbət deyil. Təxminən bu yöndə mübahisələr on ilə yaxındır davam edir. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi bir neçə il öncə Azərbaycan hökumətinə tövsiyə edib ki, Bakı şəhərinə yerli özünüidarə hüququ verilsin, seçkili idarəçilik tətbiq edilsin və paytaxtın statusu haqqında qanun qəbul olunsun.

Qurumun arqumenti budur ki, Bakı ərazisinin böyüklüyünə və əhalisinin say çoxluğuna baxmayaraq özünü idarəetmə formasına malik deyil. İdarəçiliyi dövlət rəhbərliyinin nümayəndələri həyata keçirir. Paytaxtın isə xüsusi məsuliyyəti və vəzifələri var. Buna görə də, Konqres «Paytaxtın statusu haqqında» xüsusi qanun qəbul etməyi məsləhət görür.

Yeri gəlmişkən, deputat Rüstəm Xəlilov yaxın vaxtlarda paytaxtın statusu haqda qanunun qəbulunu gözləmir. O ki qaldı mer seçkilərinin keçirilməsi və ya meri seçəcək Bələdiyyə Şuralarının yaradılmasına, bu haqda müzakirə getmir. Bunu da Tahir Rzayev deyir.

Azərbaycandakı əksər qeyri-hökumət təşkilatları isə Bakı bələdiyyəsinin yaradılmasına, üstəlik, merin əhali tərəfindən seçilməsi təklifinə ikiəlli tərəfdardırlar. «Mülki Cəmiyyətə Doğru» Mərkəzin direktoru Abil Bayramov deyir ki, bunu həm yerli, həm də beynəlxalq qanunvericilik tələb edir. Xüsusən də Bakıda şəhər bələdiyyəsinin yaradılmasının vaxtı çoxdan çatıb. Böyük şəhər bələdiyyələri yaradılandan sonra isə mer seçkiləri qaçılmazdır. Amma bayaq dediyimiz kimi, bu məsələ hələ ki parlamentin gündəmində deyil. Abil Bayramova görə, mer əhali tərəfindən seçilməlidir.

Amma dünya təcrübəsində bununla bağlı müxtəlif nümunələr var. Məsələn, Hollandiyada meri kraliça təyin edir. Fransada, Latviyada, Danimarkada, Azərbaycanın qonşusu Gürcüstanda meri vətəndaşlar tərəfindən seçilən Bələdiyyə Şuraları müəyyənləşdirir.
Tahir Rzayev
Başqa bir nümunə də var - meri əhali seçir, məsələn, Türkiyə, Bolqarıstan, Portuqaliya, Macarıstanda və başqa ölkələrdə olduğu kimi.

Abil Bayramov: «Artıq müasir dünyada merin, bələdiyyə sədrinin bilavasitə əhali tərəfindən seçilməsi tendensiyasına üstünlük verilir. Bununla bağlı Avropa Şurasının xüsusi tövsiyəsi də var».

Hərçənd Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi üzvlərini merin əhali tərəfindən seçilməsinin üstünlükləri və çatışmazlıqları ilə bağlı da məlumatlandırır.

Azərbaycanda indiyədək böyük şəhər bələdiyyəsi yaradılmayıb. Əlində böyük səlahiyyətlər cəmləşən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da prezident tərəfindən təyin olunur. Amma bəzən icra başçısı mer kimi qələmə verilsə də, Abil Bayramova görə, bu, absurddur, çaşqınlığa səbəbsə Azərbaycanda analoqu olmayan sistemdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə bu məsələyə belə yanaşır:

«Mənim üçün Heydər Əliyev tərəfindən verilən fərmanla işləmək daha münasibdir. Möhtərəm prezidentimizin rəhbərliyi altında qarşıma qoyduğum vəzifələri yüksək səviyyədə yerinə yetirmək əsas vəzifədir. Digərləri mənə aid deyil».

Abil Bayramova görə, Bakıda yerli özünüidarəetmə statusunun formalaşdırılması bəzi məmurların və ya dövlət qurumlarının da marağında deyil. Bu üzdən proses yubanır. Amma artıq hökumət də anlayır ki, böyük şəhər bələdiyyələrinin yaradılması və mer seçkiləri qaçılmazdır.
XS
SM
MD
LG