Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Azərbaycan futbolunun ən böyük dərdi


Sadıqov Arşavinə qarşı. Foto AFFA-nındır
Sadıqov Arşavinə qarşı. Foto AFFA-nındır
Futbol üzrə Azərbaycan yığma komandası 2010-cu il Dünya Çempionatının seçmə qrup mərhələsində növbəti oyununu Rusiya millisi ilə keçirdi və 2:0 hesabıyla uduzdu. Baxmayaraq ki, futbol mütəxəssisləri və şərhçilər millinin yaxşı oyun keçirdiyini deyirlər, ancaq nəticə yenə məğlubiyyət oldu.

Yığmanın keçmiş baş məşqçisi Vaqif Sadıqov deyir ki, indiki şəraitdə komandadan və baş məşqçidən böyük uğur gözləmək doğru deyil:

«Üç sarı vərəqə almışdı komanda, itkiyə gətirən ciddi zədələr vardı, ancaq milli bu oyunda əlindən gələni etdi. Düzdür, səviyyə baxımından lazım olan nəticəni əldə edə bilmirik. Yeni komanda formalaşır. Baş məşqçi yığmaya çox fərqli yanaşır, Futbol Federasiyası futbolçular üçün hər bir şəraiti yaradır, Foqtsu sehrbaz kimi qələmə vermək olmaz, o da bizim kimi mütəxəssisdir, ona da vaxt lazımdır. İndi komandadan böyük uğur gözləmək doğru deyil».

Futbol yazarı Mehman Süleymanov isə deyir ki, Azərbaycan futbolunun hazırkı vəziyyəti elədir ki, azarkeşlər asan məğlubiyyət gözləyirlər:

«Milli komandanın 17 illik tarixi var, bu müddətdə həm dünya, həm də Avropa çempionatlarının seçmə mərhələsində oynamışıq, ancaq cəmi bir dəfə qrup autsayderi olmamışıq, onda da Lixtenşteyni qabaqlamışdıq. Daimi qrupda sonuncu olmaqla kifayətlənmişik, hansı nikbin əhval-ruhiyyədən danışmaq olar».

Belə fikirlər var ki, AFFA rəhbərliyi peşəkar futbol mütəxəssisi deyil, Federasiyanın prezidenti Rövnəq Abdullayevin hökumətdə vəzifə tutması, peşəkar olmaması futbolun inkişafına mane olur. «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmov deyir ki, Azərbaycan futbolunun ən böyük dərdi nəticənin olmamasıdır:

«Azərbaycan kimi ölkələrdə Futbol Federasiyasının başına elə adamlar gətirilir ki, müəyyən imkanları olsun və bu imkanlardan istifadə edib futbolun maliyyələşməsini keyfiyyətcə yeni mərhələyə qaldırsın. AFFA-nın əsas işi komandalar üçün şərait yaratmaqdır. Qalır nəticə. Təəssüf ki, Azərbaycan futbolunun potensialı nəticə qazanmağa imkan vermir».

Komandanın baş məşqçisi Berti Foqts hələ Moskvada olsa da, oyunçular artıq Bakıya qayıdıb. Yığmanın kapitanı Rəşad Sadıqov deyir ki, Rusiya güclü rəqib idi, rəqibi nəzərə alanda komanda yaxşı oynayıb. Məğlubiyyətin səbəbini isə o, belə izah edir:

«Rusiyaya hamı məğlub olur, tək biz deyilik, Rusiya güclü rəqibdir. Futboldan danışanlar özləri meydana çıxsalar, onda bilərlər ki, futbol nə qədər çətin idman növüdür. Problem hamıdadır, tək məşqçidə deyil, Azərbaycanda futbolun durumu budur. Ancaq yavaş-yavaş inkişaf edirik, daha mübariz oyun göstəririk, bir az səbrli olmaq lazımdır. İki günə futbol qurulmur. Azərbaycanda bir ildir, ilyarımdır futbol dövlət səviyyəsində inkişaf etməyə başlayıb, ona görə də gözləmək lazımdır».

Azərbaycan yığması Dünya Çempionatının seçmə qrup mərhələsində növbəti oyunlarını iyun və avqust aylarında Uels və Almaniya yığmalarıyla Bakıda keçirəcək.
XS
SM
MD
LG