Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Vəzifəli şəxslərin gəlirlərini araşdırmaq məqsədilə qanun hazırlanıb


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Milli Məclis yeni qanun layihəsi hazırlayıb: «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları». Həmin sənədin hazırlanmasını isə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun zəruri edir. Onun 5-ci maddəsində göstərilir ki, vəzifəli şəxslərin gəlirləri bəyan olunmalıdır. Yəni həmin şəxslər Korrupsiya ilə Mübarizə Komissiyasına məlumat verməlidirlər ki, bank hesablarında nə qədər vəsaitləri var, əmlakları nədən ibarətdir və sairə. Amma bunun mexanizmi qanunda göstərilmədiyindən yeni sənəd hazırlanmalı idi.



Parlamentin iqtisadi siyasət komissiyasının sədri Səttar Səfərov bildirir ki, bu vəzifəli şəxslərə qarşı ayrı-seçkilik kimi başa düşülməməlidir. Bütün sivil ölkələrdə yüksək vəzifəli məmurlar gəlirləri və əmlakları haqda məlumat verirlər. Bundan başqa məmurlar başa düşməlidirlər ki, onlar sıravi vətəndaşlardan heç nəylə fərqlənmirlər. Azərbaycanda bütün vətəndaşlar gəlirləri barədə vergi bəyannaməsi verdikləri kimi məmurlar da bundan qaçmamalıdırlar.



Cənab Səfərov deyir ki, belə bir qanunu komissiya çoxdan hazırlasa da, müxtəlif səbəblərdən indiyədək müzakirəyə çıxara bilməyib. Amma yaxınlarda dövlət başçısı parlamentə belə bir qanunun hazırlanması üçün müraciət edib.



Digər deputat Əliməməd Nuriyev isə deyir ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası məmurların təqdim edəcəkləri sənədləri toplamaqla yanaşı saf-çürük etmək üçün dövlət orqanlarının özündə strukturlar formalaşdırlacaq.



Ekspertlər isə «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları» haqda qanunun hazırlanmasını alqışlayırlar. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva deyir ki, korrupsiya ilə mübarizədə hüquqi bazanın olması çox önəmlidir. Amma xanım Səfərəliyeva bu qanunun hökumət daxilində müəyyən gərginlik yaradacağını da istisna etmir. Onunla deputat Əliməmməd Nuriyev də razılaşır. Deputat hesab edir ki, bəzən bu dövlət institutlarında xaosa gətirib çıxara, ədavəti olan şəxslərin haqq-hesab çürütməsinə səbəb ola bilər. Bu gərginliklərdən qaçmaq üçün hökumət korrupsiya ilə mübarizəni kampaniya şəklində yox, sistemli şəkildə aparmalıdır.



Rəna Səfərəliyeva bir məqama da diqqət çəkir ki, həmin bəyannamələr yalnız komissiyada toplanmalı deyil, həmçinin cəmiyyətə də açıqlanmalıdır. Hamı üçün əlyetərdə olmalıdır. Əks halda bu faydasız olacaq. Bu deyilənlərlə Bakıda söhbətləşdiyim sakinlər də razılaşırlar.



Amma ekspertlər də, Bakı sakinləri də gəlir bəyannamələrinin açıqlanmasına şübhəylə yanaşırlar. Hətta düşünənlər var ki, bu sənədin qəbulundan sonra vəzifəli məmurlar əmlaklarını başqasının adına sənədləşdirə və ya gəlirlərini gizlədə bilərlər. Milli Məclisin komissyia sədri Səttar Səfərov isə deyir ki, belə incəliklər qanunda əksini tapa bilməz. Detallar qanun qüvvəyə minəndən sonra prezidentin imzalayacağı sərəncamda göstəriləcək. Artıq onun araşdırılması isə hüquq-mühafizə orqanlarının işi olacaq.



«İdeal qanun yoxdur» deyən Səttar Səfərov qanundan yayınma hallarını da istisna etmir. Ancaq ümid edir ki, bu qanunun ümumi müddəaları yerinə yetiriləcək.



Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov isə inanmır ki, hakimiyyət korrupsiya ilə ciddi mübarizə aparmaq niyyətindədir. Odur ki, Eldar Namazov bu qanunun hələlik formal xarakter daşıdığını, amma gələcəkdə, Azərbaycanda normal seçki keçirilib, yeni hökumət qurulandan sonra lazımlı olacağını düşünür.
XS
SM
MD
LG