Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:16

Seçki pozuntuları nədən kameralara düşmür?


MSK sədri referendum günü məntəqələrin 10 faizinin kameralarla təchiz edəcəyini deyir
MSK sədri referendum günü məntəqələrin 10 faizinin kameralarla təchiz edəcəyini deyir
Azərbaycanda daha bir analoqu olmayan hadisə baş verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov xəbər verib:
«Prezident seçkilərində bizim tətbiq etdiyimiz bu sistem, şəffaflıq baxımından dünyada analoqu olmayan bir addım oldu. Biz referendumda da bu sistemi tətbiq etmək istəyirik…»

Söhbət seçki məntəqələrində veb-kameraların quraşdırılmasından gedir.

MSK sədri referendum günü məntəqələrin 10 faizinin belə kameralarla təchiz edəcəyini deyir. O, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 40-41 saylı elektron qovşağında veb-kameraların texniki müşahidə mərkəzində olarkən bildirib.

Ekspertlər razılaşmır ki, bu addımın dünya seçki sistemində analoqu yoxdur. Seçki mütəxəssisi Anar Məmmədli deyir ki, elə bəzi MDB ölkələrində bu sistemdən istifadə edilib. Amma bütün bunlar bir yana, kameraların ötən prezident seçkilərində həqiqətən də şəffaflığa xidmət edib-etmədiyi ətrafında indiyə qədər də mübahisələr davam edir.

Müsavat partiyası Seçki Departamentinin katibi Gülağa Aslan deyir ki, Azərbaycandakı seçkilərdə saxtakarlıqlara əsasən səslərin hesablanması zamanı yol verilir. Onun fikrincə, veb-kameralar isə elə quraşdırılır ki, bülletenlərin sayılması və protokolların hazırlanması prosesi görünmür. Əksinə, Gülağa Aslan deyir ki, bu veb-kameralardan istifadə edərək, büdcə təşkilatında çalışan insanları xof içərisində saxlayırlar:

«Veb-kamera hansı idarədə, hansı məktəbdə quraşdırılıbsa, həmin idarədə çalışan insanlara deyiblər ki, sizi o kameralarla müşahidə edəcəyik, əgər seçkiyə gəlməsiniz, işdən çıxarılacaqsınız…»

Veb-kameralar buradan müşahidə olunur
Anar Məmmədli də deyir ki, son prezident seçkilərində büdcə təşkilatlarında çalışan insanları xüsusi avtobuslarla seçki məntəqələrinə gətirirdilər. Onun fikrincə, bəzi məntəqələrdə veb-kameralar quraşdırılsa da, oradan nə bu avtobusları, nə də bütünlükdə «karusel» sistemini müşahidə etmək olur. Anar Məmmədli «karusel» dedikdə bəzi təlimatlandırılmış seçicilərin bir neçə məntəqədə səs verməsini nəzərdə tutur:

«Veb-kameralar seçki məntəqələrinin qarşısını görmür axı. Biz bilmirik ki, seçki məntəqələrinin qarşısına gələn insanları məcburən gətiriblər, yoxsa könüllü».

Anar Məmmədli deyir ki, MSK bu sistemə keçməklə Azərbaycanda demokratik seçki imitasiyası yaratmaq məqsədini güdür. Onun fikrincə əgər hakimiyyət seçki prosesində şəffaflığı həqiqətən təmin etmək istəyirsə, müşahidəçilik üçün əlverişli imkanlar yaradılmalıdır. Həm seçki prosesi, həm səsvermə, həm də səslərin sayılması zamanı bütün tərəflərin bərabər nəzarət imkanları təmin edilməlidir. Anar Məmmədli təəssüflə qeyd edir ki, son prezident seçkiləri zamanı bir çox müstəqil müşahidəçilərə ya səsvermə prosesini, ya da səslərin sayılmasını izləməyə imkan verilməyib.

Ötən prezident seçkilərində veb-kameraların quraşdırıldığı 500 seçki məntəqəsində bu kameralar vasitəsi ilə hər hansı pozuntu halının aşkarlandığı barədə ictimaiyyətə məlumat verilməyib. Azərbaycandakı seçki mütəxəssisləri hesab edirlər ki, MSK bu kameralarla lentə alınan görüntülərin də monitorinqini aparmağa şərait yaratmalıdır.
XS
SM
MD
LG