Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:15

İlk tamaşanı kim seçdi…


1873-cü ilin martın 10-da Azərbaycan teatrının əsası qoyuldu
1873-cü ilin martın 10-da Azərbaycan teatrının əsası qoyuldu
...1870-ci illərin Bakısı. Sonralar «Zərdabi» ləqəbi ilə tanınacaq Həsən bəy Məlikov adlı bir «avropasayaq müsəlman» azı 5 ildir ki, Moskva Universitetini bitirib... İndi Bakı Real Gimnaziyasında dərs deyir. Onun dərslərinə xristian şagirdlər də dərin maraq göstərirlər. Həsən bəy bütün şagirdləri sevsə də, «müsəlman şagirdlər»in say azlığından çox narahatdır.

1871-ci ildə Zərdabi Azərbaycan şagirdlərinin sayını 50-yə çatdırdı...

...Bu 50 şagirdin 3-4 nəfəri bakılıydı. Ən azı, qalmağa yerləri vardı. Digərləri isə əyalətlərdən gəlmişdilər. Uyğun geyim yox! Gecələməyə yer yox! Yeməyə pul yox! Yardım üçün qapısı döyüləcək adam da yox! Və...

Bir dəfə Həsən bəy son sinif şagirdlərini başına toplayıb dedi...

«Sizə Mirzə Fətəli Axundzadənin komediyalarını oxuyacağam. Ən çox xoşunuza gələni seçin».

Əzizə Məmmədova
Şagirdlər «Lənkəran xanın vəziri» və «Hacı Qara»nı seçirlər və əsərləri elə gimnaziyanın özündəcə səhnəyə qoyurlar. 1873-cü ilin martın 10-da oynanılan tamaşaya xeyli adam da dəvət edilir və 50 manat pul toplanır. Yığılan pul yoxsul şagirdlərin ehtiyaclarına xərclənir. Beləcə, ilk teatrın və ilk xeyriyyəçilik uğurunun əsası qoyulur.

İlk aktyorlar kimlər olub?

«Teatr çıxaran» şagirdlərin içərisində kimlər olsa yaxşıdır? – Ən azı 2 nəfərin adını çəkə bilərik:
1. Sonralar dramaturuq kimi şöhrətlənmiş Nəcəf bəy Vəzirov;
2. Əsgər Ağa Gorani Adıgözəlov (məşhur «Qara yellər» romanının müəllifi).

O zamanlar Bakıda teatr binası yox idi...
...İlk teatr binasını milyonçu Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə tikdirdi. Həmin möhtəşəm bina indiki «muzkomediyanın» yerində olub. Uşaq vaxtı orada çoxlu tamaşaya baxmışam. Sovet dövrü olsa da, bu binaya hamı «Tağıyev Teatrı» deyirdi...
«Tağıyev Teatrı» xaricdən gələnlərə pulla icarəyə verilirdi...

Ülvi Rəcəb
...Yerli aktyorlarsa bu teatrdan, zaman-zaman, pulsuz da yararlana bilirlərmiş. Ta 1922-ci ilədək belə olub. O il teatra Dadaş Bünyadzadənin adı verilir və açılış mərasiminə 84 yaşlı Hacı Zeynalabdin də dəvət edilir.
«Tağıyev Teatrı» 2 dəfə yanıb...

...İlk yanğın 20-ci əsrin lap əvvəlində - 1900-cü ildə olub. İkinci yanğın 1918-ci ilə təsadüf edib. Bu dönəm təkcə teatr üçün deyil, aktyorlar üçün də ağır itkilər ili olub:

Ünlü komediyaçı Cahangir Zeynalov (Nəsibə Zeynalovanın atası) Ənzəlidən Bakıya qayıdarkən dənizdə tufana düşüb və sətəlcəmdən ölüb;

Məşhur sənətçilər – Əbülfət Vəli və Məhəmməd bəy Əlvəndi aclıq və səfalətdən dünyalarını dəyişib;

1919-cu il martın 5-də Hüseyn Ərəblinski (ilk peşəkar aktyor və rejissor kimi adını tarixə yazdırıb) evinin kandarında öldürülüb (onun dəfn mərasimi Həsən bəy Zərdabinin dəfnindən sonra ən izdihamlı mərasim kimi tarixə düşür);

Əbülhəsən Anaplı
1921-ci ilin fevralında Şuşada erməni terrorçuları qastrol tamaşaları göstərən ünlü aktyorlar Əbülhəsən Anaplını (cəmi 28 yaşı vardı) və Mirpaşa Sadıqovu yatdıqları yerdəcə qətlə yetirirlər.

Ötən əsrin 20-30-cu illərində səhnəyə azərbaycanlı aktrisalar gəlir və kişilərin canı «arvad rolu» oynamaqdan qurtarır. Səhnəyə:
Əzizə Məmmədova;
Sona Hacıyeva;
Mərziyə Davudova;
Fatma Qədri.
Və başqa xanım sənətçilər gəlirlər...

...Amma repressiyalar göz açmağa imkan vermir. Görün, kimlər gedər-gəlməzə göndərilir:

«Ən yaxşı Hamlet» – Abbas Mirzə Şərifzadə;
«Ən yaxşı Otello» – Ülvi Rəcəb.

Abbasmirzə Şərifzadə
...Beləcə, sovet bolşevik ideologiyası Azərbaycan Teatrını caynağına keçirir.

Bəs müstəqil Azərbaycanın teatrı hansı durumdadır? Bu barədə elə saytımızda ünlü teatr mütəxəssisi danışacaq.

Sizə - müstəqil Azərbaycanın övladlarına isə bu məşhur sualı ünvanlayıram: Siz heç teatrda olmusunuzmu?

XS
SM
MD
LG