Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Fərhad Əliyev: «Bar gətirən ağaca həmişə daş atarlar…»


Həmin dövrdə ekspertlər deyirdilər ki, Fərhad Əliyev sadəcə yola getmədiyi məmurlarla mübarizə aparır
Həmin dövrdə ekspertlər deyirdilər ki, Fərhad Əliyev sadəcə yola getmədiyi məmurlarla mübarizə aparır
Son 10 ildə keçmiş və indiki prezidentlər Heydər və İlham Əliyevlərdən başqa hansısa dövlət məmurunun hər addımbaşı iri lövhələrdə əks olunan sitatları, hansısa fikriylə rastlaşmaq çətindir. Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə həm də «Hamı yerli mal alsın, xeyir vətənə qalsın» deyiminin müəllifi kimi yaddaşlarda qalıb. Baxmayaraq ki, həmin vaxt bu şüarın xeyrin kimə qalma hissəsində yarızarafat elə keçmiş nazirin də adı çəkilirdi.

İqtisadçılar deyir ki, indi həbsdə olan keçmiş naziri həm iqtisadiyyatda yeniliklərə imza atan bir şəxs kimi, həm də indiki hökumətin heç bir üzvündən fərqlənməyən məmur kimi xatırlamaq olar. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl:
«Fərhad Əliyevin doğrudan da iqtisadiyyatda süni inhisarlaşmaya qarşı etirazları, addımları var idi. Bu hiss olunurdu. Haradasa tədbirlər keçirirdi, bəyanatlar səsləndirirdi. Amma ümumiyyətlə götürəndə fikirləşirəm ki, Fərhad Əliyev indiki nazirlərdən çox da prinsipial fərqlənmirdi. Onlar hamısı indiki siyasi kursa xidmət edirdilər».

Arayış
Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. Böyük ailənin 8 uşağından biridir. 1985-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində çalışan özəl şirkətlərə başçılıq edib. Son 10 ildə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. O, 1997-ci ildə Ticarət nazirinin müavini, az sonra Ticarət naziri vəzifəsinə təyin edilib. Onu özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görmüş şəxs kimi də qələmə verirlər. O 1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışıb. 2001-ci ildə prezidentin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazir təyin edilir.
Fərhad Əliyev nazir kimi işlədiyi dövrdə deyirdi ki, onun əsas fəaliyyəti iqtisadi proqramlar hazırlayıb onların gerçəkləşdirilməsinə şərait yaratmağa yönəlib. Həmçinin xarici ölkələrlə, beynəlxalq və regional maliyyə qurumları ilə iqtisadi işbirliyi sahəsində dövlət siyasətini müəyyənləşdirməyə, sahibkarlığın inkişafına dəstək olmağa çalışır. O, dövlət əmlakının özəlləşdirilməsi, haqsız rəqabətin qarşısının alınması, inhisarçılığın aradan qaldırılması kimi vacib problemlərin həllinə diqqət ayıracağını deyirdi.

O çıxışlarında ölkədə inhisarçılığı, məmur özbaşınalığını, korrupsiyalaşmış məhkəmə sistemini tənqid etməkdən çəkinmirdi. Deyirdi ki, qiymətlər süni artırılır, ona görə də inhisarçılara qarşı mübarizə aparacaq. O jurnalistlərə bu haqda həvəslə danışırdı, bunun elə də asan iş olmadığını bildirirdi.

«Bu məsələlər, yəni həmin qiymətlərin dərc olunması, monitorinqinin aparılması elə də asan iş deyil. Çox çətin və məsuliyyətli işdir. Həm də riskli işdir. Başqa bir məsələ isə müxtəlif qrup insanların, işbazların maraqlarına toxunan məsələdir. Ona görə doğrudan da çətindir. Amma biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çünki bu bizim dövlətimiz, xalqımız və iqtisadi inkişafımız üçün lazımdır. Əks təqdirdə biz qarşımızda qoyulan 600 min iş yerini yaradılmasına nail ola bilmərik»-, deyirdi Fərhad Əliyev.

Həbsinə get-gedə az qalırdı və Fərhad Əliyev 2005-ci ildə ölkəyə idxal olunan məhsulların qiymətlərinin baha olması haqqında siyahılar tərtib edəndə bu işini başqalarının görmədiyi iş olduğunu önə çəkirdi:

«Əslində bu qiymətlər yeni bir şey deyil. Həmin qiymətlər müxtəlif dövlət orqanlarının rəsmi saytlarında var. Təzə bir şey deyil, ancaq hamının demədiyi, bizim dediyimiz bir şeydir».

Həmin dövrdə ekspertlər deyirdilər ki, Fərhad Əliyev sadəcə yola getmədiyi məmurlarla mübarizə aparır. Həmin məmurların ona qarşı hücuma keçməsindən sonra Fərhad Əliyev hüquq-mühafizə orqanlarına da müraciət etmişdi. O gördüyü işlərə görə, özünü bar gətirən ağac adlandırırdı və özünü riskə atdığını bildirirdi:

«Bar gətirən ağaca həmişə daş atarlar, normaldır. Bütün bunlara fikir vermək istəmirəm, gördüyüm işlərin məsuliyyətini dərk edirəm. Mənim, həyatım üçün riskli də olsa xalqım, vətənim, iqtisadi inkişafımızın təmin edilməsi yolundu mən bu addımları atacağam. Başqa çarəm də yoxdur».

Ya da:

«Bu açıqlamalarla bağlı təhlükələr var idi, indi də var, bununla bağlı mən müvafiq orqanlara müraciət etmişəm və lazımi tədbirlər görülüb»-, deyirdi.

İqtisadçı Zöhrab İsmayıl bildirir ki, bu açıqlamalarla çıxış edən Fərhad Əliyev hökumətin bir üzvü idi, ancaq o, diqqəti özünə cəmləmək istəyirdi:

«Fərhad Əliyev keçmiş məmurlardan biri idi. Sadəcə olaraq görünür hansısa məqamda indiki hökuməti qane etmədi. Bəzən o necə mübarizə apardığını dərindən bilmirdi. Hökumətin içində ondan daha güclü, təsir imkanı daha geniş olan insanları qane etmədi və onu sıradan çıxartdılar».

Ekspertlər deyir ki, mübarizə apardıqları şəxslər ondan güclü olduqları üçündür ki, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi.

Fərhad Əliyev məhkəmə prosesində keçmiş səhiyyə naziri Əli İnsanov kimi hökumətə qarşı çıxış etmədi. Yalnız məhkəmənin axırında son sözlə çıxışında həbsinin siyasi rəqiblərinin sifarişiylə olduğunu bildirdi.

O məhkəmədə deyirdi ki, nazir olduğu dövrdə dövlət vəsaitinin mənimsənilməsi kütləvi hal almışdı. İddia edirdi ki, 2005-ci ildə apardığı araşdırma nəticəsində dövlət büdcəsinin gəlir hissəsində 3 mlrd. dollar vəsaitin çatışmadığı məlum olub.

Onun sözlərinə görə, bunun üçün bir neçə nazirlik məsuliyyət daşıyırdı. Büdcəyə daxil olan vəsaitin səmərəsiz istifadə edildiyini bildirən Əliyev vəsaitlərin təmir-tikinti işlərinə yönəldildiyini və bundan sonra həmin vəsaitin az bir qisminin məqsədli şəkildə xərcləndiyini bəyan edirdi.

Dosye
Fərhad Əliyev son sözündə dedi ki, belə halların qarşısını almağa çalışdığına görə həbs edilib.

Onun məhkəməsi 7 ay çəkdi və 2007-ci ilin oktyabrında o mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Hökmə görə əmlakı müsadirə olundu.
Məhkəmədən sonra Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlananda söz-söhbətlər gəzirdi ki, keçmiş nazirə işgəncələr verilir. Dəfələrlə onunla görüşmüş hüquq müdafiəçisi Elçin Behbudov isə deyirdi ki, ona işgəncə verilməyib, psixoloji təzyiqlər edilib.

Keçən ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsi onun və bu işdə ittiham olunan digər 18 nəfər haqda birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı. Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli deyir ki, onlar Fərhad Əliyevin azad olunması üçün səylərini davam etdirirlər:

«Nə etmək lazımdırsa edirik. Ali Məhkəmədə sonuncu instansiya məhkəməsində baxış olacaq. Buna hazırlaşırıq».
Hazırda isə Fərhad Əliyev 2 saylı cəzaçəkmə yerində saxlanılır. Vəkili İsaxan Aşurovun sözlərinə görə, onun azadlığa çıxması üçün hüquqi prosedurlar davam etdirilir. Fərhad Əliyev bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısına da salınıb.

Onun haqqında son vaxtlar az danışılır. İndiki iqtisadi inkişaf naziri Şahin Mustafayev 2008-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan çıxışında onu da xatırlatdı. Dedi ki, «həm əvvəllər, həm də son üç ildə nazirliyə rəhbərlik etmiş şəxslərin səriştəsizliyi, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilməsinə gətirib çıxarıb». Hansı ki, Fərhad Əliyev vəzifədə çalışdığı dövrdə məhz bu hallara qarşı mübarizə aparırdı…
XS
SM
MD
LG