Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Bəs Qarabağın açarı kimin əlindədir?


Serj Sarkisyan Yerevanda ATƏT həmsədrlərini qəbul edir, 2 mart 2009
Serj Sarkisyan Yerevanda ATƏT həmsədrlərini qəbul edir, 2 mart 2009
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Ders dedi ki, Qarabağ problemini superdövlətlər həll etmək iqtidarında deyil. Əslində problemin 20 illik tarixi də bu fikri təsdiq edir. Baxmayaraq ki, Rusiya bir neçə dəfə bəyan etmişdi ki, Qarabağ probleminin həllinin «açarı» məhz onların əlindədir. Elə BMT-də keçirilən səsvermə də böyük dövlətlərin problemə necə yanaşdığını sübut etdi. Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmədilər.

Ərazi bütövlüyü çox mühüm məna daşıyır, necə deyərlər, təməl prinsipdir. Əgər Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər bunu müdafiə etmirsə, onda hansı diplomatik danışıqlardan söhbət gedə bilər?

ABŞ və Fransada Ermənistanın güclü lobbi qrupları var. Rusiyaya gəldikdə isə, xarici siyasətlə məşğul olan sabiq məmurlardan birinin etirafına görə, eks-prezident Boris Yeltsinlə görüşdə Heydər Əliyev deyibmiş ki, şimal dövlətinin bütün tələblərini qəbul etməyə hazırdır, ancaq bir şərtlə ki, Qarabağ Azərbaycana qaytarılsın! Amma Rusiya buna razılıq verməmişdi!

Burada da təəccüblü heç nə yoxdur: Rusiyanın Azərbaycana və Ermənistana münasibətində həmişə böyük asimmetriya olub. Ermənistana bu yaxınlarda göndərildiyi iddia edilən böyük miqdarda silah-sursat, Rusiya rəhbərlərinin açıq şəkildə Ermənistanı öz ölkələrinin «forpostu» adlandırması bu faktı bir daha təsdiqləyir.

Bəs onda problem necə həll oluna bilər? Çıxış yolu varmı? Prezident İlham Əliyev demişdi ki, onun hakimiyyətdə olduğu ilk beşillikdə bütün vədlər yerinə yetirilib, təkcə Qarabağ problemi həll edilməyib. Digər vədlər və problemlər bir yana qalsın, Qarabağ münaqişəsini həll edəcəyini artıq YAP 16 ildir ki, vəd edir. Amma heç bir nəticə yoxdur. İndi prezident seçkisi üçün nəzərdə tutulan iki dəfəlik limiti hakimiyyət götürmək əzmindədir. Tutaq ki, ola bilsin, İlham Əliyev 20 il hakimiyyətdə olacaq, amma bu, təminat verirmi ki, o, Qarabağ problemini həll edə biləcək?! Neft eyforiyası da yekunlaşmaq ərəfəsindədir. Bu isə Azərbaycana olan münasibətin dəyişməsinə səbəb ola bilər.

Prezidentin «hərbi ritorikası»na Rusiya-Gürcüstan müharibəsindən sonra nöqtə qoyuldu. Daha əvvəlki kimi hərbi üstünlük, Azərbaycanın daha çox iqtisadi resurslara və insan potensialına malik olması haqda fikirlər də səslənmir. Üstəlik, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də siyasətində və diplomatiyasında ziddiyyətli çalarlar müşahidə edilir. Düzdür, Türkiyə həmişə bəyan edir ki, Azərbaycanın problemi onlar üçün daha çox önəm kəsb edir.

Bu hakimiyyətin ən böyük səhvi onda oldu ki, cəmiyyəti hədsiz dərəcədə zəiflətdi. Artıq cəmiyyət arasında hətta müəyyən qədər unutqanlıq və etinasızlıq müşahidə olunur. «Qarabağ» sözü daha çox şadlıq saraylarının adında yaşayır. İnsanları milli problemlərdən uzaqlaşdırmaq, məişət problemlərinin girdabında yaşatmaq - ölkədə yürüdülən siyasətin məğzi budur. Hətta Qarabağ problemi ilə bağlı bəzi ictimai təşkilatların keçirdiyi aksiyalara da daha icazə verilmir.

Artıq bir nəsil problemi həll etməkdə aciz olduğunu sübut etdi. Özü də təkcə Qarabağ problemini yox! Eyni sözləri demokratiya və insan haqları haqqında da demək olar. Deməli, problemin həlli ancaq gələcək nəsillərin ümidinə qalır.

Gələcək nəsil isə daha çox karyera haqqında düşünür, çünki Azərbaycan cəmiyyəti «uğurlu insan» obrazını daha çox sevir. Sərvətin mənbəyi bir qayda olaraq əhalini düşündürmür - cəmiyyət «bacarana baş qurban» psixologiyası ilə yaşayır. Bu da milli arxetiplərdən biridir.

Qarabağ problemi isə öz həllini gözləyir. Bir vaxtlar ümid var idi və güman edilirdi ki, münaqişə tez bir zamanda həll ediləcək. Artıq ümid də yoxdur. Təbii ki, superdövlətlərin davranışında bir qeyri-səmimilik hiss olunur. Əgər onlar istəsəydilər, bu problemi həll edə bilərdilər. Amma müxtəlif geosiyasi nüanslar buna imkan vermir. Dünya siyasətini məhz geopolitika müəyyən edir. Buna ancaq təəssüf etmək olar.

Bütün dünyada belə bir qayda var ki, hər hansı mühüm problemi həll edə bilməyən siyasi qüvvələr növbəti seçkidə uğur qazanmır. Azərbaycanda isə belə imkan yoxdur-kim hakimiyyətdədirsə, seçkini də məhz o «udur».

Əgər dünyanın geopolitik arxitekturasında prinsipial dəyişiklik baş versə, bu, Qarabağ probleminə də təsir edə bilər. Amma çoxlu sayda geosiyasi qütblərin mövcud olduğu çağdaş dünyada buna ümid etmək olarmı?

Şəkil- Azərbaycan xəritəsi: Digər vədlər və problemlər bir yana qalsın, Qarabağ münaqişəsini həll edəcəyini artıq YAP 16 ildir ki, vəd edir. Amma heç bir nəticə yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG