Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

«Rüşvətxorluq, insan haqlarının pozulması günah əməllərdir»


Niyazi Mehdinin fikrincə, insan nəyisə doğru hesab edib başqalarını da buna məcburən çağırırsa, bu, zor işlətməkdir
Niyazi Mehdinin fikrincə, insan nəyisə doğru hesab edib başqalarını da buna məcburən çağırırsa, bu, zor işlətməkdir

Bu yaxınlarda Vatikan xristianlıqda günah sayılan əməllərin siyahısına dəyişikliklər edib. Şöhrətpərəstlik, lovğalıq və təkəbbürlük kimi xasiyyətləri köhnəlmiş hesab edərək, siyahıya yeni günahlar salıb. Məsələn, indi xristianlıqda ətraf mühitə zərər verilməsi, həddən artıq varlanmaq, narkotik maddə qəbul etmək də günah sayılır.

Bəs islamda günahlar anlayışına əlavələr etməyə ehtiyac varmı?

Azərbaycandakı mövcud problemlər – rüşvətxorluq, saxtakarlıq, korrupsiya, insan haqlarının pozulması kimi əməlləri günah siyahısına salmaq lazımdırmı?

«İslam və demokratiya» verilişinin qonağı olan ilahiyyatçı İlqar İbrahimoğlu hesab edir ki, islamda günahlar siyahısını təzələməyə ehtiyac yoxdur:

«Onsuz da rüşvətxorluq, saxtakarlıq, insan haqlarının pozulması islamda günah sayılır. Ümumiyyətlə, insanın harmonik inkişafına mane olan nə varsa, ilahi dərgahda günah kimi qəbul edilir».

İ.İbrahimoğlu deyir ki, insan daim özünü Allah dərgahında hiss etməlidir, əməllərinə, rəftarlarına diqqətlə yanaşmalıdır:

«Fərdi anlamda, həm də digər insanlara, topluma münasibətdə günahlar var».

İ.İbrahimoğlu bildirir ki, inanc çox müstəvili olur:

Niyazi Mehdi və İlqar İbrahimoğlu

«Hər kəs öz imkan və səviyyəsinə görə inancını yaşayır. Bu baxımdan günah - əxlaq müstəvisində olan bir söhbətdir. İnanclı insanın şəxsiyyət və ləyaqətlə bağlı özünəməxsus anlayışı var. Axı qanunlarla insanın qəlbində baş verənləri tənzimləmək olmur. Bu, insanın özü və Allah arasında olan bir məsələdir. Müsəlman olan kəs gərək əvvəl bu məsələləri yaşayıb sonra bunu topluma çatdırsın, hər kəsi müsbətə çağırsın və mənfidən çəkindirsin».

Verilişin digər qonağı - filosof Niyazi Mehdi isə hesab edir ki, islamda günah - əslində müəyyən yasaqlar və cəza sistemidir:

«Bu, başqa məsələdir ki, çoxları hansısa əməlin günah olduğunu bilərək ona yol verirlər. Həm də dövrə uyğun olaraq günahlara münasibət də dəyişir. Məsələn, homoseksualizm istənilən din üçün yolverilməz sayılır. Amma elə həm islam tarixində, həm də digər dinlərdə bu cür günaha batanlar olub. Zinanın özü də günah sayılsa da, elə Azərbaycanda da kişilərin böyük faizi buna yol verir».

N.Mehdinin fikrincə, insan nəyisə doğru hesab edib başqalarını da buna məcburən çağırırsa, bu, zor işlətməkdir:

«Amma gərək insan öz əməllərini nümunə göstərə».

Azərbaycanda son vaxtlar insan haqları sahəsində ədalətin daha çox tapdandığını bildirən professorun sözlərinə görə, bəzi toplumlarda bir sıra günahları dindən ayırıb qanun çərçivəsinə salırlar:

«Onda da islahat aparmaq rahat olur. Çünki günah daha çox teoloji məsələdir, cinayət isə qanunla bağlıdır».

XS
SM
MD
LG