Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

Püşkatma fevralın 18-də keçiriləcək


Püşkatma ilə bağlı qərar MSK-nın fevralın 16-da keçirilən iclasında qəbul edilib
Püşkatma ilə bağlı qərar MSK-nın fevralın 16-da keçirilən iclasında qəbul edilib
Referendum üzrə təşviqat qrupları üzvlərinin İctimai televiziya və radioda çıxışlarının ardıcıllığının müəyyən edilməsi üçün püşkatma fevralın 18-də saat 12-də keçiriləcək.

Bu qərar MSK-nın fevralın 16-da keçirilən iclasında qəbul edilib. İclasda püşkatma komissiyası da yaradılıb. Həmin komissiyanın katibi Natiq Məmmədov:

«Komissiyaya MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov və Almas Qəhrəmanlı, həmçinin MSK aparatının şöbə müdiri İradə Hacıyeva və komissiyanın mətbuat katibi Azər Sarıyev daxildir».

Seçki Məcəlləsinə əsasən, İctimai TV və radioda təşviqat qruplarına həftə ərzində ən azı 3 saat pulsuz efir ayrılmalıdır. Ümumi efir vaxtı təşviqat qruplarının sayına uyğun olaraq 9 bərabər hissəyə bölünəcək. Təşviqat kampaniyası fevralın 18-də başlayır və martın 16-da gecəyarısı başa çatır.

Bundan başqa təşviqat qruplarının şəhər və rayonlarda əhali ilə görüşməsi üçün nəzərdə tutulan yerlərin siyahısı da müəyyən edilib. Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti həmin yerlərin siyahısını dərc edib.

Amma qeydiyyatdan keçmiş 9 təşviqat qrupundan ikisi – referendum əleyhinə olanları bu yerlər qane etmir. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, açıq tədbirlərin keçirilməsi üçün siyahıda mərkəzi meydanlardan heç birinin adına rast gəlinmir:

«Açıq tədbirlər şəhərin mərkəzi meydanlarında keçirilməlidir. Yalnız bu halda keçirilən kütləvi aksiyalarda tələb olunan məsələlərin mahiyyətini insanların diqqətinə geniş şəkildə çatdırmaq mümkündür».

Arif Hacılı referendumla bağlı bərabərhüquqlu təbliğata imkan yaradılacağına da inanmır. Deyir ki, pulsuz efir vaxtı təşviqat qrupları arasında bərabər bölünərsə belə, referendum tərəfdarlarının əlində daha geniş imkanlar var. Çünki əksər özəl teleşirkətlər də hakimiyyətin nəzarəti altındadır. Arif Hacılı deyir ki, onlar pulsuz efir vaxtından istifadə ilə yanaşı, həm də kütləvi aksiyalar keçirməyi, təşviqat materialları yaymaq və seçicilərlə təkbətək görüşmək kimi vasitələrdən də istifadə edəcəklər.

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə isə əhali ilə görüş üçün nəzərdə tutulmuş yerləri münasib hesab edir. Deyir ki, Yeni Azərbaycan təşviqat qrupu da həmin yerlərdə əhali ilə görüşlər keçirəcək, bundan başqa reklam rolikləri, pullu efir imkanlarından da istifadə edəcəklər. Aydın Mirzəzadə təbliğat üçün bərabər hüquqlu şəraitin yaradılmaması fikri ilə də razılaşmır:

«Bərabər hüquqlu şəraitdə təbliğat aparmaq mümkün olacaq. Mən istərdim ki, opponentlərimiz referendum ətrafı deyil, referendum mövzusuna daha çox fikir versinlər. Biz onlarla referendumla bağlı polemika aparmağa hazırıq».

Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev də deyir ki, komissiyanın tərkibində yaradılan mətbuat qrupu nəinki pulsuz efir vaxtı, o cümlədən ödənişli efirdə də təbliğatın qanunun tələblərinə uyğun şəkildə aparılmasına nəzarət edəcək.

Azərbaycanda Konstitusiya əlavə və dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək. Əsas Qanunun 29 maddəsinə 41 əlavə və dəyişiklik təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdıran maddənin ləğvidir. Amma Bakıda söhbət etdiyim sakinlər arasında nəinki təklif olunan dəyişikliklərdən, hətta referendumun keçiriləcəyi tarixdən belə xəbərsiz olanlar var.
XS
SM
MD
LG