Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

O, Soljenitsın deyildi, amma nəyi bacarmışdısa, etdi...


Axır vaxtlar müsahibələrində elə – hey deyirdi ki, deyəsən, çox yaşadım axı!
Axır vaxtlar müsahibələrində elə – hey deyirdi ki, deyəsən, çox yaşadım axı!
İnsanlar yazıçıları, şairləri yazdıqları kimi – öz əsərlərinin qəhrəmanları kimi görmək istəyirlər. Amma həyat qat-qat mürəkkəbdir. Etiraf etmək lazımdır ki, həyat teatr deyil, yazıçılar da aktyor deyillər ki, özlərinin yazdıqları rolları oynasınlar! Yazının lap əvvəlində səslənən fikri təsdiq edən nümunələr tapmaq çətin deyil. Belələri çox olub. Artıq unutduğumuz mərhum Aydın Məmmədovun da bununla bağlı maraqlı fikri var idi: «Millət adətən öz qəhrəmanlarını ya dar ağacında, ya tribunada görmək istəyir!». Fəqət, əks-nümunələrə dünyada daha çox təsadüf olunub və indi də olunur.

Bəxtiyar Vahabzadənin ölüm xəbərini eşidəndə ağlıma gələn ilk fikir məhz bu oldu. Təbii ki, o, Soljenıtsın deyildi. Heç məsələ bunda da deyil – mütləq meyarlar axtarışı bizi çox uzaqlara apara bilər. Nisbiliklə barışmaq lazımdır.

O, nəyi bacarmışdısa, onu da etmişdi. Bəzən deyirlər ki, sovetlər dönəmində Azərbaycanda dissidentlər olmayıb. Bəs «Gülüstan» poeması dissident ədəbiyyatının nümunəsi deyildimi? Elə lap İsmayıl Şıxlını, məşhur «Dəli Kür» romanını da xatırlamaq olar!
Bəxtiyar Vahabzadənin yazlarındakı narahatlıq, hətta özündən narazılıq-bütün bunlar insanları düşündürmək iqtidarında idi. Xüsusən də indiki vaxtda – sanki cəmiyyəti dəhşətli etinasızlıq, biganəlik mərəzi bürüyüb


Bəlkə də bu yazı Bəxtiyar Vahabzadədən daha çox, yaşamaq və həyat fəlsəfəsi ilə bağlıdır. Təbii ki, mərhum şairin həyatının müxtəlif anlarında ziddiyyətli məqamlar çox olub. Amma mən elə bir mühüm an yada sala bilmirəm ki, Bəxtiyar müəllim ona münasibət bildirməsin! O, ilk növbədə istiqlalçı idi və istiqlaliyyət şairi idi. Millətlərin, xüsusən də qeyri-azad millətlərin problemləri çox olur. Əgər kimsə bu problemlərdən, heç olmasa, birinin altına çiynini verirsə və həyatını buna sərf edirsə, bunu da qiymətləndirməyi bacarmaq lazımdır!

Düzdür, son vaxtlar ictimai- siyasi həyatdan bir qədər çəkilmişdi, hətta bəzi məsələlərə «etinasızlıq» göstərirdi. Amma başqa vaxtları da olmuşdu. Hər şeyi yazmaq olmur. Onun hətta müxalifətin bəzi siyasi problemləri ilə bağlı hakimiyyətə ağız açdığı vaxtlar da olmuşdu...
Axır vaxtlar müsahibələrində elə – hey deyirdi ki, deyəsən, çox yaşadım axı!

Bəlkə də o, dövrdən, ölkədəki vəziyyətdən gileyini açıq ifadə edə bilmirdi və özü də hiss edirdi ki, artıq eşidilmir! Eşidilməmək! İnsanlar səni böyük söz və qüdrət sahibi hesab edirlər! Amma avtoritar sistemin mənsəb sahiblərinin «məntiqi» başqadır. Hətta lazım gələrsə, ortabab bir kəsdən «böyük şair», «böyük bəstəkar» və s. yaratmaq onlar üçün elə bir problem deyil. Sovet dövründəki, məsələn, Georgiy Markov yadınızdadırmı? Rejimin bir nömrəli yazıçısı idi!.. Məmurların anlamında hətta böyük ziyalının da ancaq bir problemi ola bilər – o da məişət məsələsidir! Ev, maşın, «uşaqlarına» vəzifə! Böyük maddi sərvətlər fonunda hakimiyyət üçün bu, elə də böyük problem deyil! Belə xırda «diqqət»dən vəjdə gələnlərin sayı isə son vaxtlar kifayət qədərdir. Adına da «mədəniyyətə dövlət qayğısı» deyirlər. Fikirləşirsən ki, axı mədəniyyətin bura nə dəxli var? Türkiyə prezidentlərindən biri bir nəfər yazıçıya demişdi ki, sizin birinci oxucunuz mənəm! Yazıçının cavabı isə bu olmuşdu ki, əfəndim, mən çox təəssüf edirəm, siz heç dəyişməmisiniz!

Nəyisə ideallaşdırmaq fikrimiz yoxdur. Hətta A.Soljenıtsının da V.Putinlə çox «şirin» söhbətləri olurdu! O Putinlə ki, Rusiyada demokratiyanı nə qədər mümkündürsə məhdudlaşdırdı! Bu da səbəbsiz deyildi: Soljenitsın üçün ən böyük problem kommunizm idi, Stalin düşərgələri idi... Hətta o da çiynini bütün problemlərin altına verə bilməzdi! Yenə də nisbilik və nisbilik!

Bəxtiyar Vahabzadənin yazlarındakı narahatlıq, hətta özündən narazılıq-bütün bunlar insanları düşündürmək iqtidarında idi. Xüsusən də indiki vaxtda – sanki cəmiyyəti dəhşətli etinasızlıq, biganəlik mərəzi bürüyüb.

Hələ bir neçə il bundan əvvəl «istehlakçı psixologiyası və fəlsəfəsi» haqda xəbərdarlıqlar edilirdi. Yəni insanların yeganə qayğısının “filan paltarı haradan tapmaq olar”, “görən, filan maşın neçəyədir” və bu kimi suallar ətrafında olması barədə danışılırdı. Amma həyatın və cəmiyyətin problemləri təkcə bunlardırmı? Rus yazıcısı A.Platonov yazırdı ki, hər şey ötüb keçəcək – soyuq da, aclıq da, amma ulduzlar əbədi olaraq qalacaq, niyə başımızı yuxarı qaldırıb hərdənbir ulduzlara baxmırıq?! Bu dünyada gündəlik, ötəri qayğılardan da üstün və vacib problemlər var. Axır vaxtlar məhz bu əbədi problemlər bizi düşündürmür, ya da çox az düşündürür...

Neçə yazıçı tanıyıram ki, getdikcə daha çox tarixin, xüsusən də qədim tarixin problemlərinə üz tuturlar. Hətta bəzilərindən bunun səbəbini də soruşmağa çalışmışam. Cavab verməyə çətinlik çəkirlər. Amma səbəbi sadədir: hamı bu gündən, onun məşəqqətli problemlərindən, siyasi sistemlə münaqişədən qaçmaq istəyir... Bu gün ancaq tərif yazmaq mümkündür! Rusların «hakimiyyətlə dostluq etmək lazımdır!» zarafatı bəzi azərbaycanlı ziyalılar üçün həyat kredosuna çevrilir!

Bəxtiyar Vahabzadə deyirdi ki, yaşamaq yanmaqdır. Amma bəlkə də ən «dəhşətlisi»ni şair Musa Yaqub deyib: yanmaq hələ ən çətini deyil, ən qorxulusu odur ki, səni nə vaxtsa yandırmaq üçün oduna çevirirlər...

Bu, adi sözlər deyil. Qeyri-demokratik ölkələr üçün insanlar, sadəcə «material»dır, adi bir «material»....

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG