Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Son 12 ildə Azərbaycanda eşşəklərin sayı artıb


Ölkədə eşşəklərin sayı 50 faiz artıb
Ölkədə eşşəklərin sayı 50 faiz artıb
Son 12 ildə Azərbaycanda eşşəklərin sayı artıb. Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) təqdim etdiyi rəsmi rəqəmlərə görə, eyni dövrdə iri buynuzlu malların və qoyunların da sayı artıb. Donuzların və ev quşlarının isə sayı azalıb.

DSK-nın 1986-2007-ci illəri əhatə edən göstəricilərinə görə, demək olar ki, Azərbaycanın müstəqillik qazanması və müstəqilliyin ilk illəri ölkədəki heyvanların sayına ciddi təsir göstərib.

Belə ki, 1986-cı ildə ölkədə 746 min mal, 5 milyon 415 min qoyun, 224 min donuz, 33 min eşşək və 30 milyon quş var imiş.

1988-ci ildən 1993-1995-ci illərə qədər heyvanların sayı kəskin şəkildə azalıb.

Müstəqilliyin ilk illərində 50 min mal, 1 milyon qoyun, hardasa 80 min donuz, 10 minə yaxın eşşək və 15 milyon quş tələf olub və ya hər hansı şəkildə statistikadan silinib.

Maraqlısı odur ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan etibarən ölkədəki donuzların sayı kəskin şəkildə - 10 dəfə azalıb. 1986-cı ildəki 224 mindən 2007-ci ilin sonuna 21 minə düşüb.

Müstəqillikdən ən çox zərər görən isə rəsmi rəqəmlərə görə, ev quşları olub. Azərbaycandakı quşların sayı 1986-cı ildən 1997-ci iləcən 18 milyon azalıb. Ancaq 1998-ci ildən başlayaraq quşlar çoxalmağa başlayıb. 2007-ci ilin sonuna qədər ölkədəki quşların sayını cəmi 19 milyona çatdırmağa müvəffəq olublar, amma bu da SSRİ dövründəkindən 11 milyon azdır.

İri buynuzlu mal-qara da 1993-cü ilə qədər müəyyən qədər azalsa da, sonrakı illərdə inəklərin və camışların sayı artıb - ildə təxminən 30 min baş. 2007-ci ilin sonuna qədər Azərbaycanın iri buynuzlu mal-qara ehtiyatının sayı 1 milyon 183 mini keçib.

1988-ci ildən başlanan milli azadlıq hərəkatı və müstəqilliyin ilk illərində - AXC hakimiyyəti dövründə eyni acı taleyi Azərbaycandakı qoyunlar da yaşamağa məcbur olublar. Əgər sovet quruluşunun son illərində Azərbaycanda 5 milyon yarımdan çox qoyun var idisə, 1993-cü ilin sonuna onların yalnız 4.4 milyonu sağ çıxa bilib.

Ancaq həmin dövrdən başlanan artım nəticəsində, ölkədə qoyunların sayı ildə 270-300 min həndəvərində çoxalıb. 2007-ci ilin sonunda Azərbaycandakı qoyunların sayı 7 milyon 290 mini keçib.

Statistikada ən maraqlı fakt isə, bu sadaladığımız heyvanlar və quşlardan fərqli olaraq əti yeyilməyən, daha çox köməkçi vasitə kimi istifadə olunan eşşəklərin sayının dinamikasıdır.

Bütün digər ev heyvanları kimi, eşşəklərin də sayı 1988-1992-ci illər arasında azalıb. Amma sonradan başlanan artım nəticəsində bu gün Azərbaycanda eşşəklərin sayı 76 mini keçib. Yəni hətta sovet dövrü də müqayisədə Azərbaycanda 50 faiz daha çox eşşək var.

Bütün bunlar Azərbaycandakı bütün təsərrüfat kateqoriyaları üzrə ev heyvanlarının sayı idi. Amma Dövlət Statistika Komitəsi heyvanları mülkiyyət növünə görə, iki qrupa ayırıb:

Fərdi sahibkarların - ailə kəndli və ev təsərrüfatlarında saxlanan heyvanlar;
Kənd təsərrüfatı müəssisələri və sair idarə, təşkilatlardakı heyvanlar.

Həmin qruplar olan cədvələ baxanda da açıq-aydın görmək olar ki, Azərbaycanda müstəqillik illərində heyvanların sayı əsasən müəssisə və təşkilatların balansındakı heyvanların hesabına azalıb.

Məsələn, bu gün ölkə üzrə 1 milyon 200 minə yaxın iri buynuzlu mal-qaranın ancaq 0.7 faizi, 7 milyon 300 min qoyundan 4 faizə yaxını, 19 milyona yaxın quşun 30 faizi, 21 min 300 donuzun 30 faizi belə təsərrüfat müəssisələrində saxlanılır.

Ən maraqlısı odur ki, ölkədə eşşəklərin ümumi sayında 50 faizlik artım olsa da, 1986-cı ildə müəssisə və sair təşkilatların balansında olan 400 eşşəyin biri də günümüzə çıxa bilməyib.
XS
SM
MD
LG