Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Mirzə Şəfi Vazeh küçəsinin yerində biznes kompleksi…


Mirzə Şəfi Vazeh küçəsi Tbilisidə, qədim şəhərin qurtaracağında, dağın ətəyində yerləşirdi
Mirzə Şəfi Vazeh küçəsi Tbilisidə, qədim şəhərin qurtaracağında, dağın ətəyində yerləşirdi
70 yaşlı Rasim Rzayev əli ilə dağın ətəyini göstərib, «ata-baba yurdumdur» deyir. Dağın ətəyinə çəkilmiş ağ səddə baxır, kövrəlir…

Ağ səddlə əhatələnmiş ərazi dağılmış evlərdən, sökülmüş, yarımçıq divarlardan ibarətdir. Bir il əvvəl yaşayış yeri olan bu ərazidə indi insanlar əvəzinə ağır texnikalar gəzişir.

2008-ci ilin dekabrına qədər XIX əsr Azərbaycan şairi Mirzə Şəfi Vazehin adını daşıyan bu küçə Tbilisidə, qədim şəhərin qurtaracağında, dağın ətəyində yerləşirdi.

2009-cu ilə qədər burda miliyyətcə azərbaycanlı, erməni, gürcü və yəhudi olan Gürcüstan vətəndaşları yaşayırdı. Onlardan biri, 70 il yaşadığı yerdən köçürülən azərbaycanlı Rasim Rzayev aldığı kompensasiyadan narazıdır. O, küçənin dağıntılarına baxıb köçdüyü günü xatırlayır:

«Anamın şkafını çıxara bilmədim, zorla qovdular».

Gürcüstanın tikinti şirkəti «Apollo» bu ərazidə Müasir Biznes Kompleksi tikmək üçün layihə hazırlayıb. Tbilisi Şəhər Meriyası Mirzə Şəfi küçəsində yerləşən evlərin 3-cü və 4-cü dərəcəli qəza vəziyyətində olduğunu təsdiqlədikdən sonra, 2006-ci ildə «Apollo» ərazini öyrənməyə başlayır. 2008-ci ildən isə sakinlərlə yerlərin alınması barədə danışıqlar başlanır. «Apollo»nun layihə meneceri Tea Sturua:

«Sakinlər çox dəhşətli şərtlər irəli sürdülər. 90 faizin evə sahib olduğu barədə demək olar ki, heç bir sənədi yox idi».

70 yaşlı Rasim Rzayev əli ilə dağın ətəyini göstərib, «ata-baba yurdumdur» deyir.
Köhnə Tbilisi bölgə şurasının monitorinq və nəzarət Şöbəsinin sədri Nino Kordzakhia isə Gürcüstan qanunlarına istinad edir:

«Məsələn, ev bir insana məxsusdursa və orda başqa qeyri-rəsmi yaşayanlar da varsa, Gürcüstan qanunlarına görə, onlara da kompensasiya ödənilməlidir».

Sakinlərdən biri Rasim Rzayev isə deyir ki, köçürülən ailələrin bir qismi aldığı kompensasiyadan narazı qalıb:

«Bu yerin qiyməti çox baha idi. Mənə 100 min dollar da verməlidir».

Azərbaycanın Gürcüstandakı səfirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, köçürülmə ilə bağlı onlara yalnız bir şikayət daxil olub və həmin vətəndaşın da problemi öz həllini tapıb.

Səfirliyin nümayəndəsi deyir ki, bu məsələlər Gürcüstanın daxili işidir və onlar buna qarışa bilməzlər.

«Apollo» şirkətinin layihə meneceri Tea Sturua isə deyir ki, onlar bütün sakinləri qeydiyyata aldıqdan sonra layihədə nəzərdə tutulan 42 mülkiyyətçiyə pul, maşın və ev veriblər.

Sturua əlavə edir ki, narazı qalan vətəndaşlar məhkəməyə müraciət edə bilərlər.

Üç aydır ki, «Apollo»dan narazı olan Rasim Rzayev da şirkətlə razılaşa bilməyəcəkləri halda, məhkəməyə müraciət edəcəyini deyir.

T.Sturuanın sözlərinə görə, layihədə nəzərdə tutulan ərazinin sahəsi 20 min kvadratmetrdir və şirkət sakinlərə hər kvadratmetrə görə, 1000–1500 ABŞ dolları civarında pul ödəyib. Menecer deyir ki, bu, bazar qiymətindən üç dəfə çoxdur.

Keçmiş Mirzə Şəfi küçəsində nəzərdə tutulan layihə «Apollo»ya 100 milyon ABŞ dollarına başa gələcək. Layihə menecerinin dediyinə görə, burada biznes kompleksi salınacaq. Ərazidə salınacaq üç küçədə Mirzə Şəfi Vazehin adının saxlanıb-saxlanılmayacağı isə məlum deyil. Layihənin 2, 2 il yarıma başa çatacağı nəzərdə tutulub.

Köhnə Tbilisi bölgə şurasının monitorinq və nəzarət Şöbəsinin sədri Nino Kordzakhia isə bildirir ki, ərazidə iş getsə də, layihə Tbilisi Şəhər Meriyası tərəfindən hələ tam qəbul edilməyib:

«Orda böyük binalar tikmək olmaz və Tbilisinin qədim üslubunu saxlamaq vacibdir. Bunları nəzərə almadığından bizə təqdim olunan layihə müsbət cavab almayıb və yenidən işlənməsi üçün geri qaytarılıb».

Keçmiş Mirzə Şəfi küçəsində yaşayış binalarından başqa, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə məxsus muzey də mövcud olub.

«Apollo» Azərbaycan dramaturqu Nəriman Nərimanov adına olan bu muzeyin yenidən qurulmasını da öz öhdəliyinə götürüb. Tea Sturuanın dediyinə görə, muzeyin daxili dizaynı üçün Azərbaycandan arxitektorlar dəvət olunacaq. Muzeyin xarici görünüşü isə Gürcüstanda yerləşən qədim Azərbaycan binalarının birini xatırladacaq.
XS
SM
MD
LG