Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Ali məktəblərə qəbul qaydalarında dəyişiklik olmayacaq


Magistraturaya qəbulda isə yeniliklər var
Ali məktəblərə bu ilki tələbə qəbulu qaydalarında dəyişiklik olmayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, bu il də ixtisaslar 5 qrupa bölünəcək. Abituriyentlərə eyni ixtisas qrupuna aid 8-dək ixtisası seçmək imkanı veriləcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlər isə test imtahanına qədər qabiliyyət imtahanı verəcəklər. Ali məktəblərə sənəd qəbulu isə hələ yay aylarına planlaşdırılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gürcüstanda yaşayan və ali məktəblərə hazırlaşan azərbaycanlılar üçün virtual sınaq imtahanları keçirmək məqsədilə həmin ölkənin Təhsil Nazirliyi ilə danışıqlara başlayıb.


Məleykə Abbaszadə: «Gürcüstanın rəsmi orqanlarından razılıq alandan sonra bu ölkədə sınaq imtahanı keçirəcəyik. Qalan diaspora nümayəndələri isə may ayında internet vasitəsilə sınaq imtahanında iştirak edə bilərlər».

Ali məktəblərin magistraturasına qəbul qaydalarında isə dəyişikliklər var. Məleykə Abbaszadənin sözlərinə görə, magistraturaya qəbul bir mərhələdə keçiriləcək. Qəbul aparılan bütün ixtisas istiqamətləri isə müxtəlif proqramlar əsasında qruplaşdırılıb. Həmin proqramlar qəbul imtahanlarının məzmununu müəyyən edir. İmtahanlar üçün test tapşırıqları da onların əsasında tərtib ediləcək. Magistraturaya qəbul üçün bakalavrlar 5-dək ixtisas kodu seçə bilərlər. Diplom üzrə orta qiymət balından asılı olmayaraq bütün ali məktəb məzunlarının magistraturaya daxil olmaq hüququ var.


Magistraturaya qəbul zamanı bakalavrın məntiqi təfəkkürü, qəbul olmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi yoxlanacaq. Hər düzgün cavab isə bir balla qiymətləndiriləcək. Jurnalistikanı seçən bakalavrlar isə ixtisas üzrə testin əvəzinə təqdim olunan mövzu üzrə inşa yazacaqlar. Yazı işi 30 ballıq şkalayla qiymətləndiriləcək.


TQDK şənbə günü Türkiyə ali məktəblərində Azərbaycan üçün ayrılan yerlərə də qəbul imtahanları keçirəcək.


Bu il azərbaycanlı abituriyentlərə Türkiyənin 12 universitetində 47 yer ayrılıb. Bu yerə 1700 nəfər sənəd verib.


XS
SM
MD
LG