Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

«Balanslı siyasət» indi hansı məzmun kəsb edir?


NATO-nun Şərqə doğru genişlənə bilməsi prespektivi bəzi YAP funksionerlərini hətta Rusiya siyasətçilərindən daha çox «narahat» edir!
NATO-nun Şərqə doğru genişlənə bilməsi prespektivi bəzi YAP funksionerlərini hətta Rusiya siyasətçilərindən daha çox «narahat» edir!
Rusiyanın Ermənistana böyük miqdarda hərbi sursat verməsi ətrafındakı müzakirələr səngimək bilmir. Hadisələrə həmişə «gecikmiş münasibəti» ilə seçilən, «prezident aparatı ilə harmoniyada işləməsi ilə fəxr edən» Milli Məclis də bu günlərdə məsələyə qarışdı. Amma bir qayda olaraq tələsməyi sevməyən, daha çox «yuxarı»lardan tapşırıq gözləyən parlament bu dəfə də qəti qərara gələ bilmədi.

Məsələnin mahiyyətinə varanda yeni heç nə baş verməyib. Analoji hadisə hələ 90-cı illərin ortalarında da baş vermişdi. Rusiyanın Azərbaycana və Ermənistana münasibəti həmişə, hətta tarixən fərqlənib, indi bu əlaqələr hansı mahiyyət kəsb edir, Ermənistan Cənubi Qafqazda hansı geosiyasi missiyanı yerinə yetirir – bunu siyasətlə az-çox məşğul olan hamı bilir, elə bu səbəbdən izafi şərhə ehtiyac da yoxdur.

Belə vəziyyətdə daha çox maraq kəsb edən Qarabağ probleminin həlli yolu və bir də Azərbaycanın xarici siyasəti, təhlükəsizlik problemləri ilə bağlı olan məsələləridir. Bu haqda düşünməyə dəyər.

Parlament üzvlərini də, elə hökumət adamlarını da daha çox qeyzləndirən budur ki, Rusiya ilə bu qədər siyasi yaxınlıq edilir, onun «maraqları nəzərə» alınır, amma bunun müqabilində Rusiyanın Azərbaycana bir dövlət kimi münasibəti dəyişmir. Bu məsələnin şərhini cəmiyyətdə hökm sürən bir fikri yada salmaqla başlamaq daha düzgün olardı. Bəzilərinin fikrincə, ölkə başçısı Rusiya ilə çox ağıllı və ehtiyatlı siyasət aparır. Amma bütün işlərdə olduğu kimi siyasətdə də hər şey son nəticə ilə ölçülür. Nəticə isə yoxdur! 20 il keçib, amma Qarabağın bir qarış belə torpağı qaytarılmayıb!
Sözsüz ki, Rusiyanın hakim siyasi elitası üçün Azərbaycanın indiki başçısı, eləcə də hakimiyyətdə olan siyasi qüvvənin özü «daha anlaşıqlı» və «daha məqbul»durlar.

Sözsüz ki, Rusiyanın hakim siyasi elitası üçün Azərbaycanın indiki başçısı, eləcə də hakimiyyətdə olan siyasi qüvvənin özü «daha anlaşıqlı» və «daha məqbul»durlar.

Rusiyanın Azərbaycanla bağlı müəyyən iddiaları var və onlar demək olar ki, əsasən gözlənilir. Buna «Rusiyanın cızdığı çərçivədə müstəqillik və eləcə də təhlükəsizlik siyasəti» demək daha düzgün olardı.

Azərbaycanın Qərbə, Qərb dövlətlərinə və dəyərlərinə münasibəti getdikcə daha çox Şimali Koreyanı, Belarusu və başqa ölkələri xatırladır. Təbii ki, belə davranış Rusiyanın, necə deyərlər, «könlünü oxşayır». Nüfuzlu beynəlxalq təşkilatlar sadəcə «qeyri-hökumət» təşkilatları adlandırılır, onların rəyləri nəinki nəzərə alınmır, hətta gülüş obyektinə çevrilir. Sual yaranır: bəs onda bu ölkə üçün nüfuz kəsb edən beynəlxalq təşkilatlar hansılardır? Bəlkə Avropa Şurası? Ya da Avropa Birliyi? Yoxsa BMT? Məgər bu təşkilatlarda insan haqları və demokratiya ilə bağlı qurumlar fəaliyyət göstərmir? Onların iradları hansısa formada nəzərə alınırmı? Avropa Şurasından eşidilən ancaq «təəssüf» notlarıdır. Hakim partiyanın təmsilçiləri, məsələn, NATO haqqında elə «tənqidi» fikirlər deyirlər ki, hətta ən qatı anti-Qərb dövlətlərinin belə nümayəndələri buna «qibtə» edə bilər – NATO-nun Şərqə doğru genişlənə
bilməsi prespektivi bəzi YAP funksionerlərini hətta Rusiya siyasətçilərindən daha çox «narahat» edir!

Azərbaycan Qərbdən uzaqlaşmaqda davam edir. Referendumdan sonra bu, tendensiya daha çox hiss olunacaq. Nəhayət ki, ötən həftə ölkə başçısı Konstitusiyaya ediləcək dəyişikliklərə münasibət bildirdi. Ən qəribəsi budur ki, hakimiyyət öz siyasətinə məhz Qərbdə analogiyalar axtarır. Varmı belə analogiyalar? Hakimiyyətin belə cəhdləri hər dəfə Qərbin siyasi dairələri tərəfindən gülüşlə qarşılanır! Qəribə mənzərə yaranır: Qərb bizə, biz isə Qərbə baxıb gülürük! Uduş isə sonuncu gülənindir!
«Xarici siyasət qapalı olmalıdır». Bu, hakimiyyətin «siyasi aksiomu»dur. Müdafiə və təhlükəsizlik məsələləri kimə və nəyə xidmət etməlidir? Bütün bunlar ancaq sual və maraq kəsb edir.

Əvvəllər «balanslaşdırılmış siyasət» - deyəndə buna daha çox xarici siyasi, diplomatik və geosiyasi məzmun verilirdi. İndi deyəsən aksentlər dəyişir. Elə vəziyyət yaranıb ki, hakimiyyətin maraqları ilə dövlət maraqları arasında bir uçurum müşahidə edilir. Hakimiyyətdə qalmaq, böyük maddi sərvətlərə nəzarət etmək, lazım gələrsə, bunun üçün hamını – böyük və kiçik dövlətləri «razı» salmaq! Artıq «balanslaşdırılmış siyasət» - deyiləndə, deyəsən, məhz bu, nəzərdə tutulur.
Qərbə inteqrasiyadan söhbət gedəndə, Qərblə ayaqlaşmaqdan danışanda buna bir «platonik idealizm» kimi baxırlar, amma söhbət adidən də adi siyasi praqmatizmdən gedir. 1988-ci ildən bu tərəfə qazanılan hüquq və azadlıqların tədricən itirilməsindən bəhs edən də bunu adi idealist insanın mövqeyi kimi qiymətləndirirlər. İnsan haqları, demokratiya, söz azadlığı, etibarlı təhlükəsizlik arxitekturası... Axı on illərlə insanlar bütün bunların gerçəkləşməsi üçün nə az, nə çox – həyatlarını sərf ediblər! Ən qəribəsi budur ki, hətta bəzi keçmiş hərəkat liderləri prezident seçki ilə bağlı iki dəfəlik limitin götürülməsini elə bir böyük «faciə» saymırlar, hətta təskinlik də verməyə çalışırlar ki, seçki ki qalır! Guya əvvəlki seçkilərin aqibəti məlum deyil! «Qarabağ və Respublika» uğrundakı hərəkatın da təsis olunandan sonra sorağı gəlmir.

Bu günlərdə Məhəmməd Əminin doğum günü idi. Deyilənə görə, ona vaxtilə prezident olmağı təklif ediblərmiş. İmtina edib. Səbəbini də belə izah edib ki, xalqımız «şahsevən»dir. Bəlkə bütün sosio-psixoloji problemlərin izahı məhz burada gizlənib?

Belə bir film var. «Bu qatar səni hara aparır?». Doğurdan da bu, «qatar» bizi hara aparır? Hakimiyyət hansı müstəqilliyə can atır, müstəqil dövləti necə təsəvvür edir, necə «balans» yaradır? Bütün bunlar aydındır. Ən təhlükəlisi odur ki, bu hakimiyyət Azərbaycanı da «çəkib» özü ilə aparır, cəmiyyətdən soruşmadan, onun rəyini, istək və arzularını nəzərə almadan...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir!
XS
SM
MD
LG