Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

Hacıkənd böyük səhraya çevrilə bilər


Meşə zolağının 500 hektarı tamamilə məhv edilib
Meşə zolağının 500 hektarı tamamilə məhv edilib
Azərbaycanın ən zəngin meşə zolaqlarından olan Hacıkənd meşəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Həmin ərazidə 500 hektarlıq ərazidə ağaclar kəsilərək odun kimi istifadə olunur. Ekoloq ekspertlər deyirlər ki, meşənin qırılması bu şəkildə davam edərsə, Hacıkənd böyük səhraya çevrilə bilər.

«Renessans» ictimai birliyinin sədri İrşad Abbasov:
«Göygöl rayonunun dağlıq ərazisində meşələrin qırılması su dövriyyə balansının pozulmasına səbəb olur. Və konkret olaraq qeyd olunan ərazidə meşələrin qırılması onlarla bulaqların quruması ilə nəticələnib. Torpaq sürüşmələrinə də səbəb olub».

İ.Abbasov deyir ki, həmin meşə ərazisində meşənin mühafizəsi düzgün şəkildə qurulmayıb. Bu böyüklükdə ərazini qoruyanın kimliyi bilinmir:

«Yazdığımız məktublar nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də bir qrup gəldi. Onlar da dəhşətə gəldilər ki, bu ərazidə meşə hansı səviyyədə qırılıb. Qırılıb deyəmmərəm, biçilmiş şəkildədir. Meşə qorunması prosesi effektiv şəkildə qurulmayıb. Faktı müəyyən etdik ki, meşə qırılır. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl rayon meşə qoruma və bərpa idarəsinin özünün də marağı azdır».

Helsinki Vətəndaş Assambleyasının Qərb bölgəsi üzrə rəhbəri Aslan Vəliyev Hacıkənd meşələrinin kütləvi qırılması ilə bağlı araşdırmalar aparıb. O da deyir ki, bu ərazinin qorunmasında nə aidiyyəti qurum, nə də nazirlik maraqlı deyillər:
«Biz yerində monitorinq keçirərkən təxminən 500 hektar ərazidə yaşı yüz illərlə ölçülən və təbiət abidəsi hesab olunan çox qiymətli ağacların yeni kəsildiyini müşahidə etdik. Ağaclar qazanc məqsədilə qırılır. Göygöl rayon meşə mühafizəsi və bərpası idarəsinin əməkdaşları belə bir halın mövcudluğunu qəti olaraq inkar edirlər və deyirlər ki, bu ağacları oğurluq kəsirlər. Biz bunları yerindəcə aşkarlamaq imkanına malikiksə, bəs siz niyə bunu etmirsiniz?»

Göygöl rayon meşə mühafizə idarəsinin rəisi İqbal Əliyevsə deyir ki, Hacıkənd meşə zolağını qorumaq üçün 24 gözətçi təyin edilib. Kütləvi qırılma isə tamamilə dayandırılıb. İ.Əliyev deyir ki, hətta qırılmış sahələrdə yeni meşə zolağının salınmasına da başlanıb:

«Meşələrdə bu dəqiqə qanunsuz qırıntılar demək olar ki, minimuma endirilib. Vaxtilə qırılmış yerlər də tamamilə bərpa olunub, az bir hissə qalıb. 2007-ci ildə 100 hektar yeni meşə əkini salınıb həmin ərazidə. Hacıkənddə məskunlaşan qaçqınlar törətmişdilər vaxtilə. Yiyəsizlik deyil ki…2005-ci ildə həbs olunanlar da olub. Vətəndaşları da, meşə işçisini də rüşvət alma üstündə cəzalandırmışıq. Bir nəfər həbs olunub, iki nəfər isə icbari iş alıb».
Hacıkənd ərazisində məskunlaşmış məcburi köçkünlər də etiraf edirlər ki, bu meşələrin hesabına həm qızınırlar, həm də dolanırlar:

«Hacıkəndin içi ilə ana xətt keçir, qaz versinlər, heç bizə odun lazım deyil, qırmarıq. İcazəli də olsa, icazəsiz də olsa, camaat kəsir. Hamımız meşə ilə dolanırıq».

Hacıkəndin meşə zolağı 12 min hektardır. Ərazidə araşdırma aparmış ictimai təşkilatlar deyirlər ki, meşə zolağının 500 hektarı tamamilə məhv edilib.

Meşə qorunmur, məcburi köçkünlərsə odunu qırmaqda davam edirlər.
XS
SM
MD
LG