Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:30

Tələbələr Təhsil Nazirliyi qarşısında aksiya keçirməyə cəhd edib


Tələbələr ya onlara diplom verilməsini, ya da başqa ali məktəblərə yerləşdirilmələrini tələb edirlər

Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi aprelin 6-da Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Amma Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onların bu cəhdinə imkan verməyib.

Tələbələr son bir neçə gündə dəfələrlə Təhsil Nazirliyinin qarşısına toplaşıb, oxuduqları universitetin onlara diplom verməsinə şərait yaradılmasını tələb ediblər. Nazirlik MAU-nu qanunsuz tələbə qəbul etməkdə ittiham edərək onun lisenziyasını ləğv edib. Bir neçə gün əvvəl Təhsil naziri Misir Mərdanov keçirdiyi mətbuat konfransında bildirmişdi ki, adıgedən universitet həm lisenziyasız fəaliyyət göstərir, həm də ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilə universitetə 36 nəfər qəbul olsa da, sonradan tələbələrin sayı 1700 nəfərə çatdırılıb. Nazir yada salır ki, bütün ali təhsil müəssisələrinə, o cümlədən Müstəqil Azərbaycan Universitetinə də tələbə qəbulu TQDK-nın qərarı əsasında aparılmalıdır: «Kim bu qərardan kənar qəbul olunubsa, qanunsuzdur və belə adamlara dövlət nümunəli diplomlar verilməyəcək».


MAU-nun rəhbərliyi də Təhsil Nazirliyini onların lisenziyasını qanunsuz ləğv etməkdə ittiham edir.


Tələbələr isə deyirlər ki, əgər bu təhsil müəssisəsi qeyri-qanuni fəaliyyət göstərirdisə, onda niyə indiyə qədər bura tələbələrin qəbuluna göz yumulurdu.


Oxuduqları təhsil müəssisəsindən narazı olmadıqlarını bildirən tələbələr deyirlər ki, onlar Təhsil naziri ilə görüşüb, yaranmış vəziyyətdən çıxış yolları tapmaq istəyirlər. Ya onlara diplom verilsin, ya da başqa ali məktəblərə yerləşdirsinlər, bunların heç biri olmayacaqsa, onda indiyə qədər təhsil haqqı kimi ödədikləri pulları geri qaytarılsın.


XS
SM
MD
LG