Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

«Özəlləşdirilən uşaq bağçaları dövlətə qaytarılmalıdır»


«Vaxtilə kimsəsiz uşaqları xüsusi müəssisələrə göndərirdilərsə, bu gün onları küçəyə atırlar»
«Vaxtilə kimsəsiz uşaqları xüsusi müəssisələrə göndərirdilərsə, bu gün onları küçəyə atırlar»
Dinlə

«BMT-nin Uşaq Komitəsi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı 58 tövsiyə verib. Lakin həmin tövsiyələrin həyata keçirilməsi üçün heç bir tədbir görülmür».

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyir. Onun sözlərinə görə, Azərbaycanda dövlət məmurları uşaqların problemlərini həll etmək əvəzinə onlara gəlir mənbəyi kimi yanaşırlar:

«Uşaqların ailəyə verilməsi proqramı başlayandan sonra onların internatlara qəbulu çətinləşib. Uşaqları ailələrə qaytarırlar, ailə də baxa bilmir və uşaqları küçəyə göndərirlər. Yaxud da uşaq bağçaları özəlləşdirməyə çıxarılandan sonra dövlət bağçalarında sıxlıq artıb. Çünki bağçanı özəlləşdirib pul qazanmaq istəyirlər. Hər kəsin 150-300 manatlıq bağçaya uşaq qoymaq imkanı yoxdur. Odur ki, özəlləşdirilən uşaq bağçaları dövlətə qaytarılmalıdır».

«Sülh, Mədəniyyət Naminə Gənclər» İctimai Birliyinin sədri Ləman Cavadzadə isə deyir ki, onlar Bakının üç internat məktəbində monitorinq aparılar. Məlum olub ki, bu müəssisələrdə qalan uşaqlar sərbəst böyümür, fikirlərini azad ifadə edə bilmir, tamamilə müəllim və tərbiyəçilərin nəzarəti altında olurlar. Bəzi hallarda uşaqlara təmizlik işləri gördürürlər.

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev isə bildirir ki, uşaqlara xidmət göstərilməsi sahəsində ciddi problemlər var:

«Vaxtilə kimsəsiz uşaqları xüsusi müəssisələrə göndərirdilərsə, bu gün onları küçəyə atırlar. Bu da nələrə gətirib çıxarır - aydın məsələdir. Ona görə də sosial işi gücləndirmək, bu prosesin mexanizmini qurmaq lazımdır».

N.Quliyev hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə məşğul olmaq üçün Ombudsman İnstitutu yaradılmalıdır. Onun fikrincə, bütün ölkə üzrə gecə-gündüz fəaliyyət göstərən qaynar xəttin yaradılmasına da ehtiyac var.
XS
SM
MD
LG