Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Siyasət, cəmiyyət və bir də ziyalı!


Liberalların belə bir fikri var ki, demokratiyanın və insan haqlarının ən pis qoruyucusu elə dövlətlərdir
Liberalların belə bir fikri var ki, demokratiyanın və insan haqlarının ən pis qoruyucusu elə dövlətlərdir
Artıq başa çatan 2008-ci ildə hakimiyyət demokratiyanı məhdudlaşdırmaq, bir nəfərin idarəçiliyini qeyri-məhdud şəkildə uzatmaq, ölkədə mövcud olan, demək olar ki, yeganə müstəqil elektron – informasiya vasitələrini sıradan çıxarmaq üçün nə mümkün idisə, hamısını etdi. Ölkənin əsas müxalifət partiyalarının iştirak etmədiyi prezident seçkisində hakim partiya öz namizədini ancaq qeyri-demokratik rejimlər üçün xarakterik olan göstərici ilə – 89 faizlə qalib elan etdi. Bir nəfərin iki dəfədən artıq prezident seçilməməsi haqda Konstitusiyada nəzərdə tutulan məhdudiyyəti ləğv etmək üçün Konstitusiya Məhkəməsinin və parlamentin «razılığını» alaraq bu ilin mart ayına referendum təyin etdi. Ehtimal edilirdi ki, heç olmasa, bəlkə bundan sonra xarici radiostansiyaların milli tezlikdən məhrum edilməsi haqqındakı qərar ya gündəlikdən çıxarılacaq, ya da təxirə salınacaq.

Ancaq bunun əksi baş verdi. Həmçinin, həbsdə olan jurnalistlərin hamısının əfv edilməsi bir tərəfə, hətta cəza müddətinin böyük hissəsini başa vurmuş satirik-jurnalist Mirzə Sakit belə azadlığa buraxılmadı! Beləcə, hakimiyyətin siyasi kursunda anti-demokratik tendensiyasnın ardıcıl və üstün mahiyyət kəsb etməsi ilə bağlı mövcud olan seyrək şübhələr də aradan qalxdı.
Üstəlik, hələ məlum deyil ki, demokratik Qərbi indi daha çox nə düşündürür: Yaxın Şərqdəki müharibə, Rusiyadan ixrac olunan qaz, yoxsa demokratiya?..

Cəmiyyət, onun rəyi bu dəfə də nəzərə alınmadı. Baxmayaraq ki, ən müxtəlif formada ölkədə aparılan siyasətlə bağlı hətta bəzi ziyalılar səviyyəsində də müəyyən iradlar səslənmişdi. Sözsüz ki, bu iradlar hakimiyyətə təsir edə biləcək dərəcədə güclü olmadı. Bunu etiraf etmək lazımdır. Hətta ölkədə baş verən proseslərlə bağlı fikir söyləməkdən yayınanlar, susanlar da oldu. Və o da həqiqətdir ki, belələri həmişə olduğu kimi daha çox üstünlük təşkil etdi.

Müxalifət partiyaları, müxalif fikirli insanlar istisna olmaqla, Azərbaycan ziyalılarının əksəriyyəti növbəti dəfə «məişət eqoizmi»ndən yuxarı qalxa bilmədi, ölkədə baş verən siyasi proseslərə etinasız yanaşdığını, özünün və yaxınlarının maddi rifahına, hakimiyyətlə «problemsiz münasibətlərə» daha çox önəm verdiyini sübut etdi. Səbəb aydındır. «Problemsiz münasibətlər» fərdi təqaüdlər, mənzillər, maşınlar, fəxri adlar, bəzi hallarda hətta deputat mandatları və başqa müxtəlif imtiyazlar deməkdir.
Bəlkə də burada siyasi analiz üçün önəm kəsb edən başqa vacib amillər var. Aydındır ki, hakimiyyət öz qeyri-demokratik addımlarını beynəlxalq təşkilatlarla, söz və qüdrət sahibi olan, özünü demokratiyanın müdafiəçisi elan edən, bu və ya başqa ölkələrlə münasibətlərində insan haqlarına və demokratiyaya üstünlük verdiyini bəyan edən böyük dövlətlərlə «razılaşdırmalıdır». Hərçənd, liberalların belə bir fikri var ki, demokratiyanın və insan haqlarının ən pis qoruyucusu elə dövlətlərdir, azadlığı ilk növbədə cəmiyyətin özü qorumalıdır!.. Üstəlik, hələ məlum deyil ki, demokratik Qərbi indi daha çox nə düşündürür: Yaxın Şərqdəki müharibə, Rusiyadan ixrac olunan qaz, yoxsa demokratiya?.. Hər halda, qarşıdan iqtisadi böhran, onun nəticəsi kimi işsizlik və başqa problemlər də gəlir. Bunlar da siyasi proseslərə həlledici dərəcədə təsir etmək iqtidarında olan detallardır. Amma kiçik bir nüans diqqəti başqa səmtə yönəltməyə vadar edir. «Yaradıcı insan – ziyalı və azadlıq» - deyilən bir problem də var axı! Doğrudanmı, Azərbaycan ziyalısı nəsə yazanda, rəsmə alanda, musiqi bəstələyəndə, kino çəkəndə, hansısa əsəri teatrda səhnələşdirəndə özünü azad yaradıcı insan kimi hiss edir? Sovetlər Birliyi dağılanda «sandıq ədəbiyyatı», «alternativ mədəniyyət» deyilən anlayış yaranmışdı. Həmin vaxt Azərbaycanda nəsə ciddi bir mədəniyyət hadisəsi sayıla biləcək nəsnə tapılmadı. Düzdür, izahatlar çox oldu, hətta bəraətlər də səsləndi – bəziləri özlərini, məsələn, sovet yazıçısı və ya rəssamı deyil, sovet dövrünün yazıçısı və ya rəssamı adlandırdı. Bəs onda Soljenitsın, Brodski və başqaları üçün hansı «təsnifat»ı düşünmək lazımdır?
Təbii ki, hər şey düşünülənlərdən, hətta kitablarda yazılanlardan daha qəlizdir – siyasət də, elə insan psixologiyası da! İndi dünya diplomatları Misirdə Hüsnü Mübarəkin ətrafına toplaşıb ki, Yaxın Şərqdə başlanan növbəti müharibəni hansısa formada cilovlasınlar. Amma istər-istəməz sual yaranır: bu Hüsnü Mübarək artıq neçənci ildir ki, hakimiyyətdədir? Sözsüz ki, əcnəbi diplomatların bu haqda düşünməyə nə vaxtı, nə də həvəsi var! Amma o da həqiqətdir ki, dünyanın nizamını pozan elə bu «istisnalardır»! Bir yerdə pozulan qayda mütləq başqa yerdə də pozulur. Və «nümunələr» yaranır! Ən qəribəsi isə budur ki, qaydalar daha çox Şərqdə pozulur, sanki Şərq belə qaydasızlığa, istisnalara daha çox həssasdır! Görünür, bu, həm də ciddi kulturoloji problemdir, yüz illərlə davam edən «Qərb, yoxsa Şərq» dilemmasının tam həllinə hələ çox qalıb.
Siyasət, cəmiyyət və ziyalı! Standart siyasi analizin çərçivələrindən bir qədər kənara çıxsa da, indi bu, ən aktual mövzudur. Ən azı ona görə ki, bəlkə doğrudan da son sözü elə Mirzə Cəlil deyib?! Cəmiyyəti, insanları və qaydaları dəyişmək istəyən Azərbaycan ziyalısının son aqibəti elə «Ölülər»dəki İsgəndərin taleyidir?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG