Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:30

Türkiyədə nə baş verir?


Ermənistanla bağlı Türkiyəyə qarşı həmişə böyük təzyiqlər olub
Ermənistanla bağlı Türkiyəyə qarşı həmişə böyük təzyiqlər olub
Rusiya Gürcüstana təcavüz edərkən Türkiyənin regional siyasətində bir fəallıq dövrü başladı. Prinsipcə, xarici siyasət baxımından bu, təbii hal idi – hər bir normal və dinc dövlət özünü «təhlükəsizlik zolağı» ilə əhatə etməyə, dövrəsində sülhün və sabitliyin bərqərar olmasına çalışır. Amma Türkiyənin irəli sürdüyü ilk diplomatik təşəbbüs – «Cənubi Qafqazda sülh və əməkdaşlıq platforması» onun özünün yaxın müttəfiqləri, xüsusən də ABŞ və Qərb dövlətləri tərəfindən soyuq qarşılandı, çünki həmin dövrdə Rusiyaya qarşı kəskin etiraz notları daha çox üstünlük təşkil edirdi.

Türkiyə isə Rusiyanı Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olmasına cəlb etməyə cəhd edirdi. Səfərlər, danışıqlar, müzakirələr oldu – fəqət diplomatlar və ekspertlər indi bu haqda sadəcə uğursuz təşəbbüs kimi danışırlar. Ancaq həmin vaxtdan Türkiyənin Ermənistanla bağlı siyasətində bu günə qədər davam edən fəallıq və dialoq da müşahidə olunmağa başladı. Türkiyə prezidenti Ermənistana özünün ilk «futbol səfəri»ni etdi, diplomatlar arasında dialoq intensivləşdi. Sözsüz ki, Türkiyə Ermənistanla bağlı bütün təmaslarını özünün ən yaxın və təbii müttəfiqi Azərbaycanla bölüşürdü – bu ölkənin Xarici İşlər naziri tez–tez Bakıya gəlir və yerli rəsmiləri əmin edirdi ki, Türkiyənin Ermənistana münasibəti əvvəllər olduğu kimi, Azərbaycanın problemləri ilə şərtlənəcək, işğal olunmuş ərazilər azad edilməyənə qədər onun ölkəsi Ermənistanla sərhədləri açmayacaq, diplomatik münasibətləri bərpa etməyəcək.
Amma Azərbaycanda müəyyən narahatlıq yaşanırdı. Hətta bir neçə millət vəkili bununla bağlı parlamentdə məsələ qaldırmağa cəhd etmişdi. Düzdür, son proseslər göstərdi ki, hələlik ciddi bir hadisə baş verməyib. Amma narahatlıq üçün əsaslar tam aradan qaldırılmayıb. İndi Türkiyədə maraqlı tendensiyalar müşahidə edilir. Bunlardan biri də son günlər bu ölkədə aparılan «ermənilərdən üzr istəyək!» kampaniyasıdır.
Türkiyə–Ermənistan ziddiyyətləri təkcə Azərbaycanın ucbatından yaranmayıb. Ermənistanın Türkiyənin özünə qarşı müəyyən iddiaları olub, indi də var və bu, böyük spektri əhatə edir...
Artıq dövlət rəsmiləri də buna münasibət bildiriblər. Hətta Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu kampaniyanı təqdir etmədiyini bəyan edib.
Türkiyədə belə hallara əvvəllər də təsadüf olunub.Güman ki, jurnalist Qrant Dinkin ölümü hamının yadındadır. İstənilən insanın, xüsusən də jurnalistin, həm də Türkiyə vətəndaşının, qətli pislənilməlidir, qətli törədən cinayətkar cəzalandırılmalıdır. Amma həmin vaxtda da Türkiyədə bəzi adamlar bu qətli siyasi kampaniyaya çevirməyə cəhd etdilər, hətta «hamımız erməniyik!» kimi qəribə şüarlar səslənməyə başladı. Dinkə qədər də türkiyəli jurnalistlər təqiblərə məruz qalmışdılar. Amma onlara qarşı belə ictimai diqqət olmamışdı.
Sözsüz ki, hər şey bir jurnalistin qətlindən başlamadı. Türkiyədə Ermənistan məsələsinə münasibət uzun müddət mürəkkəb və ziddiyyətli olub. Qarabağ münaqişəsi başlanandan Türkiyə Azərbaycanın yanında olsa da, onun haqlarını müdafiə etsə də, bəzi siyasətçilər, xüsusən də sərhədə yaxın bölgələrin təmsilçiləri vaxtaşırı sərhədlərin açılması, Ermənistanla sərhədyanı ticarətin inkişaf etdirilməsi haqqında çağırışlar ediblər. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanla sıx müttəfiqlik bu ölkəyə heç də asan başa gəlməyib, Ermənistanla bağlı Türkiyəyə qarşı həmişə böyük təzyiqlər olub. Türkiyə bunu ilk növbədə üzv olmağa çalışdığı Avropa Birliyi tərəfindən hiss edib və indi də etməkdədir. O da aydındır ki, Türkiyə müstəqil dövlətdir, özünün siyasi və iqtisadi maraqları var. Ermənistanla münasibətlərin normallaşmasının ona hətta müəyyən siyasi və iqtisadi dividendlər verə biləcəyi də istisna olunmur. Ancaq burada kiçik bir nüans var. Türkiyə–Ermənistan ziddiyyətləri təkcə Azərbaycanın ucbatından yaranmayıb. Ermənistanın Türkiyənin özünə qarşı müəyyən iddiaları olub, indi də var və bu, böyük spektri əhatə edir. Onları necə, Türkiyə cəmiyyətinə unutdurmaq olacaqmı? Bəlkə türk siyasətçiləri Ermənistanın həmin iddialardan əl çəkəcəyinə ümid edir? İndi Ermənistan çox çətin vəziyyətdədir. Gürcüstan–Rusiya münasibətləri korlanandan sonra blokadadan çıxmaq üçün Yerevan Türkiyə ilə münasibətlərində müəyyən korrektələr etməyə cəhd edir. Sözsüz, bu da Rusiyanın razılığı ilə baş verir. Əks təqdirdə Rusiya Cənubi Qafqazdakı «forpost»unu belə niyyətlərdən çox asanlıqla çəkindirərdi.
Hər halda Azərbaycan diplomatiyası sayıq olmalıdır. Bölgədə Azərbaycanın etibarlı müttəfiqi yoxdur. Türkiyə Azərbaycanın ən yaxın və hətta təbii müttəfiqidir. Düzdür, xarici siyasət çox mürəkkəb fenomendir, bəzən sırf dövlət maraqları hətta etnik, mədəni və dini yaxınlıq kimi amilləri arxa plana keçirir. Bunun baş verməməsi üçün isə Azərbaycanın xarici siyasət idarəsindən böyük səy, fəal siyasət və eləcə də prosesləri daim nəzarətdə saxlamaq əzmi tələb olunur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG