Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Hər gün tıxac, hər yer tıxac…


«Hər gün tıxac olur. Əvvəlki dövrlə müqayisədə hər gün 1-2 saat itiririk»
«Hər gün tıxac olur. Əvvəlki dövrlə müqayisədə hər gün 1-2 saat itiririk»
Xırdalan dairəsində gündüz vaxtı olmasına baxmayaraq tıxac yaranıb. Səhər və axşam saatlarında isə tıxacdan nə maşınlar, nə də insanlar hərəkət edə bilir:

- Hər gün işə gecikirik. Axşamlarsa evə bir-iki saat gec gedirik. Hər gün «probka» olur.
- Bircə bu neftin pulu qurtarsaydı, bizim də canımız qurtarardı.
- Körpülər inşa edildikdən sonra hər şey qaydasına düşəcək.

Xırdalan dairəsində söhbət etdiyim sadə vətəndaşlar belə deyir. Ancaq bu vəziyyətdən təkcə piyadalar yox, elə sürücülər də narazılıq edirlər:

- Hər gün tıxac olur. Əvvəlki dövrlə müqayisədə hər gün 1-2 saat itiririk.

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev də «Azadlıq» radiosuna bildirib ki, indi şəhərdə ən böyük tıxac Xırdalan dairəsində yaranır. Ancaq onun sözlərinə görə, problem belə uzun müddət davam etməyəcək:

- Orda ancaq gecə 12-dən sonra işləmək olur. Çünki gündüz iş getsə, tıxac «20 yanvar»a qədər uzanar. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, tikintini tez başa çatdıraq.

«Turan» İnformasiya Agentliyinin Monitorinq və Araşdırma Qrupunun rəhbəri Samir İsmayılovun deməsinə görə isə, Azərbaycanda tikinti layihələri elə şəkildə aparılır ki, onların sadə insanların mənafeyi üçün həyata keçirildiyinə şübhə yaranır:

- Əhmədli, Bakıxanov və Hövsan kimi böyük qəsəbələri Bakıya cəmi üç yol bağlayır. Eyni zamanda hər üç yolda təmir gedir. Təbi ki, insanları nəzərə almayıblar. Bu yollarda işıqforları yığışdırıblar. İnsanlara keçid yolu qoyulmayıb. Bəs insanlar hardan keçməlidirlər?

S.İsmayılov deyir ki, eyni vəziyyətə Bakı ətrafı bölgələrdə də rast gəlmək olur. Eyni vaxtda həm Şamaxı, həm də Quba yolunda təmir gedir. Onun fikrincə, köməkçi yolların inşa edilməməsi maşınların hərəkətinə ciddi maneələr yaradıb. Samir İsmayılov deyir ki, belə vəziyyət həmin şirkətlərin tenderi şəffaf qaydada udmasına və peşəkarlıqlarına şübhə yaradır.

Ekspert düşünür ki, hökumət rəsmilərinin uzun müddət neftin 200 dollara çatacağı haqda xəyallara düşməsi belə bir vəziyyət yaradıb. Üstəlik, o, hesab edir ki, burada məmur maraqları da hər şeydən üstün tutulub:

- Bu yay bütün parkları bağladılar. Bu tikinti bumundan çıxan, tozun-torpağın altında qalan insanlar park üzünə həsrət qaldılar. Bu parkları eyni vaxtda təmirə saxlamağın nə adı var idi? Sahil bağlı 7 aydır dayanıb. Orda bir mismar belə işlənməyib.

S.İsmayılov deyir ki, heç kim abadlıq işlərinin aparılmasının əleyhinə deyil. Ancaq bu işlər insanların əsəb xəstəlikləri qazanması hesabına aparılmamalıdır. Onun fikrincə, məmur marağının vətəndaş mənafeyindən üstün tutulduğu ölkə həqiqi inkişafa nail ola bilməz.
XS
SM
MD
LG