Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:21

Devid Kramer: «Yayım davam edəcək»


Devid Kramerin «Azadlıq» radiosuna müsahibəsi
Devid Kramerin «Azadlıq» radiosuna müsahibəsi
ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramer «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Siz Bakıda prezident və icra aparatının rəhbəri ilə görüşdünüz. Danışıqlarınızın gedişi barədə dinləyicilərimizə məlumat verərdiniz.

- İlk olaraq proqramınızda iştirak üçün mənə imkan yaratdığınıza görə sizə minnətdaram. Onu deyim ki, mən «Azadlıq» radiosunun böyük tərəfdarıyam və bu radionu dəstəkləyirəm. Bu radio təkcə Azərbaycanda yox, bütün dünyada çox böyük işlər görür. Mən bu ilin iyununda da Azərbaycanda olmuşam. Budəfəki səfərimizin məqsədi də seçkilərdən əvvəl apardığım müzakirələri davam etdirməkdir. Vaşinqtonda mənim vəzifəm birbaşa demokratiya, insan haqları və əmək sahəsində dünyadakı vəziyyəti öyrənməkdir. Azərbaycana səfərimin məqsədi də bu sahədə əməkdaşlığı möhkəmləndirməkdir. Bizim müəyyən məsələlərdə narahatçılığımız var, xüsusilə də mətbuat azadlığı ilə əlaqədar. Həbsdə olan jurnalistlər və dekabrda xarici radiostansiyaların yayımının dayandırılması bizi narahat edən məsələlər idi.

Bizim prezident İlham Əliyev və cənab Ramiz Mehdiyevlə görüşmək imkanımız oldu. Bundan əlavə vətəndaş cəmiyyəti nümayəndələri, insan haqları müdafiəçiləri, insan haqları müdafiəçiləri və siyasi partiya nümayəndələri ilə görüşmüşəm. Çünki ölkədə baş verənlərlə bağlı müxtəlif fikirləri öyrənmək doğurdan da çox vacibdir. Xarici radiostansiyaların yayımı məsələsinə gəlincə isə, deyə bilərəm ki, biz bu yayımın davam etdirilməsinin tərəfdarıyıq və yayımın hansı vasitə ilə davam etdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparacağıq. Sözsüz ki, bunun həlli yolu Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Amma yayım davam edəcək. Bu məsələ ilə Amerikanın Yayım Şurası məşğul olacaq. Biz də öz tərəfimizdən Yayım Şurası ilə Azərbaycan rəsmiləri arasında müzakirələrin aparılmasına şərait yaradacağıq. Mən bununla onu qeyd etmək istəyirəm ki, biz bu yayımın hansı vasitə və üsullarla davam etdirilməsi məsələsini müzakirə edəcəyik. Burda heç bir halda yayımın məzmununa dair məsələlər müzakirə olunmayacaq.

- Görüşlərinizdə həbsdə olan jurnalistlərin məsələsi də qaldırıldımı?

- Doğurdan da biz bu məsələləri qaldırmışıq. Azərbaycan hökumətini həbsdə olan jurnalistlərin məsələsinə yenidən baxılmasına dəvət etmişik. Onların mümkün qədər tez azadlığa buraxılmasının tezləşdirilməsini vurğulamışıq. Bu məsələ ilə əlaqədar çox ciddi müzakirələr aparmışıq. Lakin nə baş verəcəyini əvvəlcədən güman etmək məncə, düzgün olmazdı.

- Belə bir fikir var ki, Azərbaycanda seçkilərin məhz yüksək rəqəmlərlə nəticələnməsi ölkə prezidentinin demokratiya və başqa məsələlər üzrə dialoqda daha arxayın mövqedən çıxış etməsinə imkan yaradıb. Bu fikirlə razısınızmı?

- Biz səmimi olaraq ümid edirik ki, seçkidən sonra prezident Əliyev və onun komandası demokratiya uğrunda dəyişikliyə yönəlmiş addımlar atacaqdır. Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var, xüsusilə də enerji və təhlükəsizlik məsələlərində. İstərdik ki, demokratiya və insan haqları sahəsində də əməkdaşlığımız digər sahələrdə olan əməkdaşlıq səviyyəsinə gəlib çatsın. Seçkidən sonra ABŞ-dan Azərbaycana yüksək rəsmilərin səfərləri olub və bu kimi təmaslar gələcəkdə də davam edəcək. Həmin müstəvidə də biz xarici radiostansiyaların yayımı ilə əlaqədar elanla bağlı narazılığımızı bildirmişdik, çünki bu, daha artıq liberallaşmaya doğru yönəlmiş siyasətə uyğun addım deyil.

Amerika Birləşmiş Ştatlarının ən etibarlı və stabil tərəfdaşları demokratiya istiqamətinə addımlayan ölkələr olur. Ümid etmək istəyirik ki, Azərbaycan da buna bənzər ölkədir.

- Əgər deyilsə, onda necə?

- Mən nikbin adamam.

- Birləşmiş Ştatlardakı seçkilərdən sonra necə, regiona münasibətdə nələr dəyişəcək? Enerji, demokratiya və kadr siyasəti baxımından?

- Demək istərdim ki, ABŞ-dakı seçkilər təkcə Amerika üçün deyil, dünyanın bir çox ölkələri üçün çox nəzərə çarpan və fəxr olunmalı bir hadisə idi. Amerika tarixində ilk dəfə olaraq Afro-Amerikan əsilli şəxs Amerika prezidenti vəzifəsinə seçilib. Nəzərə alaq ki, ABŞ-da qulların azad olmasından 140 il, qaradərililərin təhsil hüququ qazanmasından isə yalnız 50 il ötür. Ona görə də respublikaçı və ya demokrat olmağımızdan asılı olmayaraq və ya dərimizin hansı rəngdə olmasından asılı olmayaraq bu, bütün amerikalıların fəxr edəcəyi bir haldır. Onu da deyim ki, mən Obamanın keçid administrasiyası adından danışmıram, mən mövcud administrasiya adından danışa bilərəm.

İnanıram ki, həm Azərbaycanda, həm bu regionda, ümumiyyətlə, dünyada insan haqları vəziyyəti və demokratiya məsələlərinə diqqət olduğu kimi qalacaq. Ona görə çox vacibdir ki, ABŞ-da hakimiyyətə yeni administrasiya gəldiyi dövrdə Azərbaycan hökuməti öz tərəfindən burdan müsbət ismarışlar göndərsin. İnanıram ki, yeni administrasiya Azərbaycanla olan münasibətləri yüksək qiymətləndirəcək və bunu ən yüksək həddə çatdıracaq. İnanıram ki, biz insan haqları və demokratiya sahəsində çox böyük irəliləyiş görəcəyik.
XS
SM
MD
LG