Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:27

«Hökumət «ipoteka» sözündən xoflanır»


2009-cu ilin büdcəsində sosial ipotekaya 16 milyon manat ayrılması nəzərdə tutulub
2009-cu ilin büdcəsində sosial ipotekaya 16 milyon manat ayrılması nəzərdə tutulub
2009-cu ilin büdcəsində sosial ipotekaya 16 milyon manat ayrılması nəzərdə tutulub. Bəzi deputatlar 2007-ci illə müqayisədə bu məbləğin sox az olduğunu deyirlər. 2007-ci ilin büdcəsində ipoteka kreditləri üçün 30 milyon manat vəsait ayrılmışdı. Həmin ilin ortalarında artıq ipoteka üçün ayrılan bütün büdcə vəsaitləri xərclənib qurtarmışdı.

Vətəndaş Samir İsmayılov deyir ki, 2007-ci ildə vəsait indikindən çox olsa da o ipoteka krediti götürə bilməyib. Çünki banklar üstünlüyü dövlət işində işləyənlərə və ya daha nüfuzlu şirkətlərdə çalışanlara veriblər. Buna əsas səbəb isə ipoteka kreditləri üçün büdcədə ayrılan vəsaitlə müqaisədə kredit götürmək istəyənlərin sayının dəfələrlə çox olması idi.

Samir İsmayılov deyir ki, kredit götürmək istəyənlərin sırasına tanışlıq ilə iş görmək imkanı olanları da əlavə edəndə vəsaitdən onun kimilərinə nə qalacağını anlamaq çətin deyil.

Yeri gəlmişkən deyim ki, 2007-ci ildə hökumət vəd vermişdi ki, əgər lazım olsa ipoteka krediti üçün əlavə vəsait də ayrılacaq. Amma sonra bu addım atılmadı. Milli Bank mövcud ipoteka sisteminin bazar şərtlərinə uyğun olmadığını əsas gətirərək maliyyə ayırmaqdan imtina etdi. Bundan sonra Milli Bank rəsmiləri açıqlama verib bildirdilər ki, ölkədə ipoteka sisteminin yeni şərtləri hazırlanır. Kreditlər də yalnız bu şərtlər hazır olandan sonra ayrılacaq. Amma hələ də həmin şərtlər hazır deyil.

Elə 2008-ci il dövlət büdcəsində sosial ipoteka kreditlərinin verilməsi üçün ayrılan vəsaitlərin hələ də xərclənməmiş qalması da bununla əlaqələndirilir.

Bəzi deputatlar deyir ki, əgər ölkə iqtisadiyyatı inkişaf edirsə ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan vəsaitin həcmi də ildən ilə azalmalı yox, artmalı idi. Deputat Pənah Hüseyn isə deyir ki, bu ölkədə hakimiyyət dünyadakı maliyyə böhranının Azərbaycandan yan keçməsi haqda danışır. Amma hətta ipoteka sözünün özündən də xoflanır:

«Çünki ABŞ-dakı maliyyə böhranı elə ipoteka kreditlərindən başlayıb. Mən indi ayrılması nəzərdə tutulan vəsaitində də vətəndaşlara veriləcəyinə şübhə ilə yanaşıram».

Pənah Hüseyn hesab edir ki, əslində mənzil ipotekası təkcə sosial ipoteka kimi, həm də aşağı faizlə verilməlidir. Həmçinin buraya təhsil və digər yeni-yeni ipotekaların da əlavə edilməsi zəruridir.

«Yeni Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Elbrus Cəfərli isə deyir ki, əslində Milli Bank 2008-ci ildə ipoteka kreditlərini verməməklə uzaqgörən siyasət yürüdüb bir növ Azərbaycanı indiki qlobal böhrandan sığortalamış olub:

«Bu böhranın ölkəyə təsirinin mümkün qədər azaldılması elə məhz vətəndaşların mənafeyi baxımdan vacib məsələdir. Yəni bunu dövlətin və vətəndaşların mənafeyi baxımından bir növ taktiki gediş kimi də dəyərləndirmək olar».

Elbrus Cəfərli hesab edir ki, ilkin mərhələdə hazırda cələn ilin büdcəsindən ayrılması nəzərdə tutlan 16 milyon manat heç də az deyil və 2009-cu ildə kreditlərin verilməsi bərpa ediləcək.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, əslində 2008-ci ildə ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan 34 milyon manatın 22 milyonunu İpoteka Fondu vətəndaşlara 1 manat vermədən məlum olmayan istiqamətə xərclənib.

Ötən ilin təcrübəsi ipoteka kreditlərinin verilməsinin 2009-cu ildə uğurla həyata keçiriləcəyinə inamı azaldır.

Vüqar Bayramov əlavə edir ki, ipoteka kreditlərinin verilməsinin bərpa edilməməsini dünyada baş verən ipoteka böhranı ilə əlaqələndirmək də düz deyil. Çünki Azərbaycanda söhbət dövlət büdcəsi hesabına həyata keçirilən ipoteka kreditləşməsindən gedir. ABŞ-da isə ipoteka kreditləşməsi məhz ipoteka, kommersiya banklarının vəsaitlərinin hesabına baş verən kreditləşmədir:

«Nə ABŞ-da, nə də Avropa ölkələrində dövlət büdcəsi hesabına həyata keçirilən ipoteka kreditləri ilə bağlı hər hansı bir böhran yoxdur».

Azərbaycanda indiyə qədər verilmiş kreditlərinin faizinin ödənilməsi ilə bağlı vətəndaşlar hər hansı problem yaratmayıblar. Yəni faizlər vaxtlı-vaxtında faizləri ödəyir. Sadəcə həmin kreditlərə daha çox ehtiyacı olanlar onu ala bilmirlər. Milli Bank maraqlıdır ki, ipoteka kreditləri üçün ayrılan vəsaitin 60-65 faizini özünümaliyyələşməyə sərf etsin. Ona görə də bütövlükdə ipoteka bir sosial proqram olaraq sıradan çıxmaq üzrədir. 2008-ci illə müqayisədə 2009-cu ildə bu işdən ötrü 2 dəfə az vəsaitin ayrılması da onu göstərir ki, artıq hökumət gələcəkdə dövlət büdcəsi hesabına ipoteka kreditlərinin verilməsini davam etdirmək niyyətində deyil.
XS
SM
MD
LG