Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

Monarxiya! O, heç də uzaq perspektiv deyil!


Hələ ki birinci şəxs – prezident İlham Əliyev bu müzakirələrə reaksiya vermir
Hələ ki birinci şəxs – prezident İlham Əliyev bu müzakirələrə reaksiya vermir
İlk baxışda hər şey Rusiya prezidenti Dmitri Medvedevdən başladı. O, prezidentin səlahiyyət müddətini 2 il artırmağı təklif etdi. Bunu Rusiyada dərhal başqa cür yozanlar da oldu. Onların fikrincə, növbəti ildə Medvedev yenidən hakimiyyəti Putinə ötürəcək və bununla da sonuncu təkrar olaraq 12 il Rusiyanın prezidenti vəzifəsini icra edəcək.

Medvedevə istinad etməklə məsələni bir qədər bəsitləşdirdik. Əslində o, məsələni aktuallaşdırdı və YAP-çıları növbəti cəhdlərə həvəsləndirdi. Artıq çoxdan idi ki, hakim partiya çərçivəçində prezidentin səlahiyyət müddətinin artırılması və ya bir adamın ardıcıl olaraq iki dəfə prezident seçilməsinə məhdudiyyətin götürülməsi ilə bağlı müzakirələr gedirdi. YAP-çıların arqumentləri müxtəlifdir. Biri deyir ki, biz İlham Əliyevin timsalında güclü prezidenti itirə bilərik. Başqa YAP funksioneri isə deyir ki, o, bu təkliflə hələ mərhum Heydər Əliyevə müraciət edib. Həmin YAP funksionerinin məntiqinə görə əgər deputat bir neçə dəfə seçilə bilirsə, hətta onun deputatlıq müddəti bəzən on illəri aşırsa, prezident nəyə görə cəmi iki dəfə seçilməlidir? Amma həmin YAP funksioneri unundur ki, dünyada bu haqda da fikirləşirlər və deputatlıq müddətini də məhdudlaşdırmaq istəyirlər.

İlk baxışda belə təəssürat yarana bilər ki, bunlar epizodik və pərakəndə fikirlərdir. Amma əslində belə deyil. Ən ciddi YAP funksionerləri məsələnin parlamentə çıxarılacağı təqdirdə onu müdafiə edəcəklərini bildirirlər. Başqa məqamlar da var. Hələ ki birinci şəxs – prezident İlham Əliyev bu müzakirələrə reaksiya vermir. Bu müzakirələri dayandırmaq üçün o kifayət qədər iradəyə və gücə malikdir. Yəqin lap bu yaxınlarda portretlərin yığışdırılması haqqında sərəncam hamının yadındadır. Prezident bir kəlmə ilə bu mübahisələrə də son qoya bilməzmi? Görünür, məsələ daha dərindir.
Cəmiyyətin məsələyə münasibəti müxtəlifdir. Dünya ictimaiyyəti nə deyər? Yəqin ki, “bu mümkün deyil!” kimi fikirlər səslənəcək.
YAP-çıların arqumentləri müxtəlifdir. Biri deyir ki, biz İlham Əliyevin timsalında güclü prezidenti itirə bilərik. Başqa YAP funksioneri isə deyir ki, o, bu təkliflə hələ mərhum Heydər Əliyevə müraciət edib

Amma heç kim üçün sirr deyil ki, hakimiyyət getdikcə dünya birliyinin tövsiyələrinə etinasızlıqla yanaşır. Bu yaxınlarda seçki keçirildi və nəticəsi də 87 faiz oldu! Kim nə dedi!

Parlamentin əksəriyyətini YAP-ın deputatları təşkil edir. Sabah məsələ müzakirəyə çıxarılsa kim etiraz edəcək? 2003-cü ilin Konstitusiya dəyişikliyini xatırlayaq. O vaxt da baş nazirə ikinci şəxs statusunun verilməsi, proporsional seçki sisteminin ləğvi ilə bağlı etirazlar vardı. Nəticəsi nə oldu? Proporsional seçki sistemi ləğv olundu. Baş nazir – prezident trayektoriyası üzrə hakimiyyət keçidi üçün də qanuni baza təsdiqləndi.

Cəmiyyət, içi müxalifət qarışıq bu prosesi əngəlləmək üçün özündə güc tapmadı və yavaş-yavaş söz hüququnu əvvəl tək partiyaya, sonra da tək adama ötürdü. Amma tarix rəngarəngdir, təkcə ideal, nümunəvi hadisələrlə zəngin deyil.

Bu - son deyil. Sosial – siyasi prosesləri tam şəkildə proqnozlaşdırmaq mümkün deyil. Gözümüzün önündə tək bir ziyalı demək olar ki, cəmiyyətin bütün fəal hissəsini hərəkətə gətirdi. Bu - faktdır.
Amma o da faktdır ki, demokratiya azalır, insan hüquqlarının məhdudlaşdırılmasının halları artır, demokratik mühit gündən-günə daralır.
Cəmiyyət indi hadisələrin axarını dəyişmək iqtidarındadırmı? Nəyinsə qarşısını ala bilərmi? Onun bu gücü varmı? Hakimiyyətin mənbəyinin xalq olduğunu təsbit etmək üçün potensial varmı?

İnsanların bir qismində, bunu da etiraf etmək lazımdır ki, adaptasiya olunmaq, barışmaq meyli daha güclüdür. Cəmiyyətin, ədalətsiz qaydalarına adaptasiya olmayaraq uğur qazana bilməyənlərin «fərsiz» deyə damğalanması ehtimalı çox güclüdür. Odur ki, bugünkü tendensiya hansı şəraitdə, hansı sistemdə, hansı yolla olursa – olsun uğur qazanmaqdır! Bir əcnəbinin maraqlı fikri var idi:«Sizdə sərvətin mənşəyi haqqında fikirləşmirlər!»

Monarxiyadan danışanda əlini yelləyənlər də olur. Onlar çoxdan özlərinin monarxik rejimdə yaşadıqlarını güman edirlər. Bəlkə burada da acı bir həqiqət var, çünki forma heç də həlledici deyil, əsas məzmundur.

Amma görək, tarix böyük intervallarda nə göstərir? Tarixdə daha çox yadda qalan monarxiyaların süqutu, onların parlament və konstitusiya ilə məhdudlaşmasıdır. Yadda qalan, unudulmayan budur.

Amma hakimiyyətdə olanlar bir qayda olaraq bütün prosesləri öz iradələrinə tabe etmək istəyirlər. Bu yolla müvəqqəti olaraq nəyəsə nail olmaq olar, amma bu, bir qayda olaraq çox çəkmir, çünki Azadlıq deyilən ideya var, onun qarşısında bütün digər ideyalar acizdir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG