Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

İki namizəd, iki ümid


Yeni demokratiya dalğası...İndi insanlar daha çox belə ümidlərlə yaşayırlar
Yeni demokratiya dalğası...İndi insanlar daha çox belə ümidlərlə yaşayırlar
Noyabrın 4-ü ABŞ-da prezident seçkisidir. Dünyanın heç bir ölkəsində keçirilən seçki bu qədər siyasi və ictimai maraq kəsb etmir. Ehtimallar, gözləntilər, proqnozlar saysız – hesabsızdır. Kim seçiləcək? Üstünlük kimin tərəfində olacaq? Artıq müəyyən tendensiya hiss olunur. Amma bu seçkidir, özü də demokratik seçkidir, prinsipcə hər şey ola bilər, hətta amerikalılar özləri məşhur «Bredli effekti»ni belə istisna etmirlər. Ehtimal edirlər ki, seçki bülleteni ilə baş-başa qalanda seçicinin irqçi hissləri baş qaldıra. Görək, seçki nə göstərəcək.

Amma daha çox maraq doğuran seçkinin dünya və ilk növbədə Azərbaycan üçün doğura biləcəyi nəticədir. Qısa müstəqillik tarixi dövründə Azərbaycan respublikaçıların da, demokratların da idarəçiliyini görüb. Artıq müəyyən təcrübə var. Prinsipcə, ABŞ-ın xarici siyasətində bir stabillik var. Amma variasiyalar da özünü hiss etdirir. Ən maraqlısı odur ki, ABŞ-dakı seçkinin nəticələri ilə bağlı gözləntilər bir qədər polyarlaşıb. Bu, danılmaz faktdır, çünki cəmiyyətin siyasi ümidləri ilə hakimiyyətin siyasi planları arasında hiss olunacaq dərəcədə fərq var. Hakimiyyət istərdi ki, ABŞ-da elə bir adam hakimiyyətə gəlsin ki, son illərdə formalaşan siyasi maraqlar iyerarxiyasını pozmasın – əvvəlcə enerji maraqları, sonra təhlükəsizlik, ən axırda isə demokratiya və insan haqları məsələsi dayansın. Cəmiyyət, xüsusən də onun demokratik kəsimi isə tamamilə fərqli ümidlərlə yaşayır. Onlar ABŞ-ın Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə daha həssas və diqqətlə yanaşmasını arzulayırlar. Hansı namizəd daha çox bu kriteriyaya cavab verir? Müxtəlif fikirlər səslənir. Makkeynin də adını çəkənlər var, Obamanın da. Prinsipcə, bu da təsadüfi deyil.

Amma daha çox maraq doğuran seçkinin dünya və ilk növbədə Azərbaycan üçün doğura biləcəyi nəticədir. Qısa müstəqillik tarixi dövründə Azərbaycan respublikaçıların da, demokratların da idarəçiliyini görüb
Məsələn, Makkeyn Demokratik Dövlətlər Liqasını yaratmağı təklif edir. Bundan başqa, 2003-cü ilin hadisələri zamanı ən kəskin bəyanat verən ABŞ siyasətçilərindən biri məhz Makkeyn olmuşdu. Üstəlik, belə bir fikir var ki, Makkeynin hakimiyyətə gələcəyi təqdirdə o, Rusiyaya qarşı daha sərt mövqe tutacaq və təbii ki, bu da Rusiyanın müəyyən regional planlarının qarşısını alacaq. Düzdür, etiraf etmək lazımdır ki, Corc Buşun siyasətindən məyus olanlar da az deyil. Amma belə güman edilir ki, Makkeyn sadəcə Buşu təqlid etməklə məşğul olmayacaq. O özü də deyir ki, dəyişiklik edəcək.

Obama ilə bağlı ümidlər də müxtəlifdir, hətta ziddiyyətlidir. Sözsüz ki, onun xarici siyasət kursunda qaranlıq məqamlar hələ çoxdur. Bir çoxları üçün o hələ tapmacadır. Amma yerli demokratiya tərəfdarları, fəalları B.Klinton hakimiyyətinin bir xüsusiyyətini hələ də unutmayıblar. O vaxt ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycanda çox fəal idi. Seçki ilə, demokratiya və insan haqlarının vəziyyətilə ciddi şəkildə maraqlanırdılar. Doğrudur, bu, daha çox Milli Demokratiya İnstitutunda çalışan bəzi insanların demokratiyaya sədaqətinin nəticəsi idi, daha çox onların fədakarlığı ilə bağlı idi. Amma fakt yenə də fakt olaraq qalır. Demokratiya fədakarları bir çox hallarda demokratiyaya peşəkar siyasətçilərdən daha çox fayda verirlər.

İndi hər şey mürəkkəbləşməyə doğru gedir. Son illərdə Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyəti o qədər geriləyib ki, artıq insanlar siyasətin və ictimai fəallığın sonundan danışırlar. Elə ölkənin geosiyasi tendensiyası da ciddi dəyişikliklərə məruz qalıb. Rusiyanın təsiri daha çox hiss olunmaqdadır. Rusiya bir növ avtoritar rejimlərin hamisi rolunda çıxış edir. Neftin verdiyi iqtisadi müstəqillik və Rusiyanın siyasi yaxınlığı – indi bütün bunlar Azərbaycan hakimiyyətini ABŞ-ı və Qərbi daha etinasızlıqla dinləməyə, onların töhfələrini nəzərə almamağa vadar edir.
ABŞ-dakı seçki ərəfəsində Azərbaycandakı siyasi və geosiyasi vəziyyət təxminən bu durumdadır.

Yeni demokratiya dalğası...İndi insanlar daha çox belə ümidlərlə yaşayırlar.

Təbii ki, bu, təkcə ABŞ-dakı seçkilərin nəticəsindən asılı deyil, yerli faktorlar öz sözünü deməlidir. Amma heç olmasa, ABŞ administrasiyası hər seçkiyə «irəliyə doğru daha bir addım!» deməyə bilər. Dövlət departamenti illik hesabatlarını yeni faktlarla zənginləşdirə bilər. Bir çox hallarda sırf mənəvi dəstək belə az iş görmür. Məsələn, əvvəllər Azərbaycan müxalifətinin liderləri ABŞ-a dəvət olunurdular, Konqresdə Azərbaycanda seçkilərin və demokratiyanın vəziyyəti müzakirə olunurdu. Son vaxtlar bu ənənə də yaddan çıxmaqdadır.
Sözsüz ki, Azərbaycan kiçik ölkədir. Belə ölkədə bəlkə də təkcə sabitliyin özü də böyük irəliləyişdir. Amma insanlar daha ciddi demokratik dəyişikliklər arzusundadırlar. Yəqin bu da nə vaxtsa olacaq. Amma nə vaxt?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG