Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:35

Yol tikintisinin xərcləri: dünya təcrübəsi


ABŞ-da yol tikmək istəyən şirkət yolun keyfiyyətilə bağlı konkret öhdəliklər götürür
ABŞ-da yol tikmək istəyən şirkət yolun keyfiyyətilə bağlı konkret öhdəliklər götürür
3-cü dünya ölkələrində yolların bir çoxunun tikinti və bərpasına kredit ayıran Dünya Bankı (DB) 2000-ci ildə yol layihələrinin xərclərilə bağlı hesablama aparıb.

Bankın 40-a yaxın ölkədə kredit ayırdığı layihələrin müqayisəli analizini əks etdirən bu sənədə görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə kilometrinə 1 milyon 832 min dollara başa gəlib. Bu qiymətlər ümumiyyətlə yol olmayan ərazilərdə aparılan yol tikintilərinə aiddir.

Artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər. Bu xərclər yol ötürücülərinin və qovşaqların tikintisini də əhatə edir.

Rəqəmlər arasında olan fərq yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiymətilə izah olunur.

Lakin bütün hallarda Dünya Bankı hər kilometrə 2 milyon dollardan artıq vəsait sərf etməyi məqsədəuyğun saymırdı. Bu rəqəmlər 2000-ci ilə aid olsa da, elə DB-nin özünün hesabatına görə, ötən dövr ərzində qiymətlər təqribən 20-30 faiz arası qalxıb. Eyni məntiqlə Dünya Bankı bu gün hər kilometri 3 milyona başa gələn yol tikintisini məqsədəuyğun saymazdı.

İnkişaf etmiş ölkələrdə avtomobil yollarının maya dəyəri ilə bağlı ümumi rəqəmlər də tapmaq çox çətindir. Məsələn, dünyanın ən müasir və keyfiyyətli yolu sayılan Texas ştatlararası magistralının büdcəsi 509 kilometr üçün 6 milyard dollar miqdarında planlaşdırılmışdı.

Bakı - «Excelsior» mehmanxanası dairəsində yol qovşağı
Eni 100 metrdən də çox olan bu nəhəng magistralın tikintisi hər kilometri 11 milyon dollara başa gəldi.

Bu məbləğin ancaq bir qismi dövlət büdcəsindən ödənildi. Amma sifarişi tikinti şirkətlərinə xüsusi şərtlərlə vermişdilər. Amerikada Nəqliyyat Departamentinin tətbiq etdiyi qaydalara görə, yol tikmək istəyən şirkət yolun keyfiyyətilə bağlı konkret öhdəliklər götürür.

Tikinti işləri başa çatandan sonra yolun hər kilometri sınaqdan keçirilir. Onun keyfiyyəti götürülən öhdəliklərə cavab verməyəndə əvvəlcədən layihəyə ayrılan pul tam ödənmir. Amerika təcrübəsində elə hallar da olub ki, keyfiyyətsiz iş səbəbindən podratçı şirkətə ümumiyyətlə pul ödənilməyib.

Azərbaycanın da daxil olduğu beynəlxalq dünya ipək yolu layihəsinin bir hissəsini çəkən Qazaxıstanın yol tikintisinə sərf etdiyi vəsait Rusiyadakı yol tikintisi məsrəfləri ilə müqayisədə çox azdır.

Qazaxıstan
Qazaxıstan nəqliyyatçıları Çinə qədərə uzanacaq 2500 kilometrlik birinci dərəcəli yolun çəkilməsi üçün 4 milyard dollarlıq büdcə tərtib ediblər. Başqa sözlə, hər kilometrə 1.7 milyon dollar xərc nəzərdə tutulub.

Qazaxıstandan Qırğızıstana çəkilən birinci dərəcəli avtomobil yolunun bir kilometrinə isə 3.5 milyon dollar ayrılıb.

Dünyanın ən bahalı yol layihələri Rusiyadadır. Məsələn, Rusiya Federasiyasının dövlət büdcəsində eni 7 metr olan 1-ci dərəcəli yolun hər kilometrinin tikintisinə 40 milyon dollardan da çox pul ayrılıb.

Ən aşağı, 3-cü dərəcəli yolun hər kilometrinin tikintisinə isə 8 milyon xərclənir.

Rusiyanın ən bahalı yol layihələrindən biri Sankt-Peterburq ətrafındakı sürət diametridir. Avtomobillərin şəhərə girmədən yoluna davam etməsini təmin edən 46 kilometrlik bu şəbəkənin 6-dan 8-dək yol zolağı və 14 ötürücü qovşağı var. Onun tikintisi 2 milyard dollar büdcə vəsaiti hesabına başa gəlib - hər kilometrinə təqribən 44 milyon dollar xərcləməklə.

Rusiya
Amma hələ tarixən Rusiyadakı yol standartları ilə dünyadakı yol keyfiyyətinin arasında kəskin fərq olub.

İndi də bu ölkədəki 1-ci dərəcəli yolların keyfiyyəti ilə Avropanın və ABŞ-ın eyni kateqoriyalı yollarının vəziyyəti müqayisəyə gəlmir. Hətta Çinin yolları öz keyfiyyətinə görə, Rusiya yollarını geridə qoyur.

İnkişaf edən ölkələrdə magistrallar hökmən beton əsas üzərində tikilir və yalnız səthinə asfalt döşənir. Hətta asfaltın keyfiyyətində belə fərq var, tərkibi müxtəlifdir.

Ekspertlərin araşdırmalarına görə isə Rusiyada birinci dərəcəli yollarda istifadə olunan asfaltın tərkibinə hələ də bitum qarışdırırlar. Belə yolların istismar müddəti 5 ildən artıq olmur.

Müqayisə üçün, İkinci Dünya müharibəsi zamanı almanların işğal etdikləri Kalininqradda (o zaman adı Köninqsberq idi) tikdiyi beton yollar hələ də bölgənin ən keyfiyyətli yollarından sayılır.
XS
SM
MD
LG