Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:34

«Naxçıvanda taxıl deyənin qulağını kəsirlər»


«Naxçıvanda taxıl deyənin qulağını kəsirlər. Hamısını şaxta apardı, su olmadı, yay quraqlıq keçdi».
«Naxçıvanda taxıl deyənin qulağını kəsirlər. Hamısını şaxta apardı, su olmadı, yay quraqlıq keçdi».
Dinlə

«Un məsələsində Naxçıvanda vəziyyət çox çətindir. Naxçıvan unu çox təsadüf tapılır. İran unu isə acıdır. Burada bir çörək yapan yer var, gedirik çörək almağa növbədir, aylarla ala bilmirik. Aldığımız unu da yapırıq - zəhər, acı…Ölürük, müsibətdir, bu gün-güzəran deyil ki, biz keçiririk. Bir azdansa qış gəlir...»

Naxçıvanın Nehrəm kənd sakini Marusya Süleymanova danışır ki, neçə aylardır İranın keyfiyyətsiz unundan istifadə etmək məcburiyyətində qalıblar. Səbəbsə bazarlarda Naxçıvan və Türkiyə ununun ərşə çəkilməsidir:

«Unun tayını 31 manata alırıq, yarısını təndirə tökürük, yapdığımız da zəhər çıxır, onu da itə-küçüyə yedirdirik».

Bir müddətdir ki, Azərbaycanda taxıl yığımı mövsümü başa çatıb. Ancaq hələlik Kənd Təsərrüfatı Nazirliyində bu yay toplanan taxılın ümumi həcmi barədə dəqiq məlumat yoxdur. Nazirlik Dövlət Statistika Komitəsinin məlumatı gecikdirdiyini deyir. Bircə əlavə edir ki, bu il ötən illə müqayisədə daha çox buğda istehsal olunub. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdir müavini Rizvan Mustafayev deyir ki, bu qış ötənilki taxıl qıtlığı yaşanmayacaq:

«Haradasa bir qıtlıq olduğunu bilirsiniz? Heç bundan sonra da olmayacaq. Özü də bu il ötən ildən xeyli artıq buğda istehsal olunub. Digər tərəfdən də idxal olunur. Yəni bizim artıqlaması ilə əhalinin tələbatını təmin edəcək qədər buğdamız var».

Azərbaycanda əhalinin ərzaq taxılına olan ehtiyacı 1 milyon 500 min tondur. Rəsmilər bildirirlər ki, tələbatın böyük hissəsini, yəni 80 faizini yerli istehsal hesabına ödəyirlər. Ancaq ötənilki təcrübə bu məlumatların həqiqiliyini şübhə altında qoyur. Ən azından ona görə ki, Qazaxıstan taxıl ixracını dayandıran kimi, Azərbaycanda taxıl böhranı yaşandı, regionlarda qıtlıq yarandı, unun qiyməti artdı.

Azərbaycanın qərb rayonlarını unla təmin edən «Fatoğlu» şirkəti isə o zaman qısa müddətə fəaliyyətini dayandırmalı oldu. İndi şirkət qışa hazırlaşdığını, lazımi müqavilələri bağladığını deyir. Şirkətin adının çəkilməsini istəməyən nümayəndəsi deyir ki, «Fatoğlu» ötənilki kimi bu il də taxıla olan ehtiyacının 90 faizini Qazaxıstan, cəmi 10 faizini isə yerli istehsal hesabına ödəyir. Səbəbsə yerli taxılın aşağı keyfiyyətli olmasıdır:

«Yerli istehsal bizim işimizə o qədər də yaramır. Keyfiyyətinə görə Qazaxıstan unu ilə bir deyil».

Hələ ötən il Azərbaycanda taxıl qıtlığı yaranan vaxt, ölkə rəsmilərinin bəziləri Kənd Təsərrüfatı Nazirliyinin taxıl ehtiyatları ilə bağlı açıqladığı rəqəmlərin ziddiyyətli olduğunu, anbarlarda deyiləndən daha az taxılın olduğunu açıqlamışdı.

İqtisadçılar hesab edirlər ki, bu səbəbdən də rəqəmlərdə göstərilənə inansaq, bu il ölkədə heç bir qıtlıqdan söhbət gedə bilməz.

Digər tərəfdən, ötən il hökumət taxıl qıtlığını aradan qaldırmaq üçün Taxıl Ehtiyatı Fondu yaradıb, onu Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil etdi. Ancaq iqtisadçı Rövşən Ağayev deyir ki, fond yaransa da, qurumun indiyəcən hansı işləri gördüyü bəlli deyil:

«Mən gözləyirdim ki, fond yaranandan sonra hökumət əhalidən taxılı yüksək qiymətlərlə alacaq. Ancaq indi bəlli olur ki, rayonlarda əhali öz taxılını 25 qəpiyə də sata bilmir. Versiyalardan biri budur ki, müxtəlif maraqlı qruplar daha çox Qazaxıstan taxılının gətirilməsinə maraq göstərirlər».

Nehrəm kənd sakini Marusya Süleymanova isə danışır ki, bu il torpaq sahələrinə taxıl əkib, gəlir götürmək istəyirmişlər. Ancaq əvəzində min dollar ziyana düşüblər:

«Naxçıvanda taxıl deyənin qulağını kəsirlər. Hamısını şaxta apardı, su olmadı, yay quraqlıq keçdi».
XS
SM
MD
LG