Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Alması almaya bənzəyən, prezidenti də çoxdan seçilən bölgələr


Vüqar: «Biz ölkə bazarlarını ilboyu yerli alma ilə təmin edə bilərik»
Vüqar: «Biz ölkə bazarlarını ilboyu yerli alma ilə təmin edə bilərik»
Məşhur mahnıda ancaq Qubanın ağ alması təriflənsə də, mən sizə Xaçmaz almasından söz açmaq istəyirəm. Necə deyərlər, nə fərqi var alma elə almadı də...

İndi Xaçmazda qızğın alma yığımı gedir. Məhsuldarlıq yaxşı olduğundan bağ sahiblərinin əhvalı bir az yaxşıdır. İndi Şimal rayonlarından keçən magistral yollarda Rusiyaya alma daşıyan çoxlu yük maşınlarına rast gəlmək olur.

Xaçmazda bağlardan ən yaxşı almalar 25 qəpiyə alınır. Alıcılar deyirlər ki, ən yaxşı seçmə almaları Bakı bazarlarına aparırlar, yerdə qalan çürük və xırda məhsulu isə şirə zavoduna satırlar.

Daşan çaylara bənd alma!

Neçə ildir Rusiyaya alma aparan Vüqarın sözlərinə görə, o qədər maneələrlə rastlaşır ki, bu işi birdəfəlik atmaq istəyir. Yaxşı alma bağları olduğunu deyən fermer Səxavət Quliyevsə deyir ki, alma mövsümü bitəndən bir az sonra Bakı bazarları xarici ölkələrdən gətirilən almalarla doldurulur və bununla da onların məhsulları əllərində qalır: «Biz ölkə bazarlarını ilboyu yerli alma ilə təmin edə bilərik. Heç xaricdən gətirməyə ehtiyac yoxdu. Yığdığımız almaları sata bilmirik, ona görə də qışda çürük almadan daşan çayların qarşısına bənd atırıq ki, kəndi sel aparmasın».

Adamların dediyindən o da aydın oldu ki, saxlamaq üçün anbarları olmadığından məhsulu dəyər-dəyməzinə satırlar. Digər tərəfdən bölgədə bir neçə il əvvəl normal fəaliyyət göstərən konserv və şirə zavodlarının əksəriyyəti indi işləmir. Qusar Rayon İcra Hakimiyyətində bunu təsdiq edib bildirdilər ki, bölgədə hətta kiçik sexlərin də çoxu dayanıb.

Qusarın Həzrə kəndi
Xaçmaz fermerləri onu da deyirlər ki, xaricdən alma gətirən inhisarçıların yerli almanı görməyə gözü yoxdur.

Şimalda prezident çoxdan seçilib

Ölkənin şimal rayonlarında deyəsən indidən 15 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibini tanıyırlar. Hər halda Qusar rayon mərkəzində kimə yaxınlaşdımsa hamısı biz prezidentimizi çoxdan seçmişik dedi.

Qusar rayon 51 saylı Dairə Seçki Komissiyasında isə bu mövzuda heç kim danışmaq istəmədi, hamı komissiyanın sədri General müəllim danışa bilər dedi. Komissiya katibi isə bildirdi ki, sədr Bakıdadır.

Qusarda olduğu kimi Xaçmazda da müraciət etdiyim adamlar da seçimlərini çoxdan etdiklərini bildirdilər. Xaçmaz şəhər 55 saylı Dairə Seçki Komissiyasında dedilər ki, onlar seçki ilə bağlı çox gərgin iş aparırlar.

«Terrorçuların dağlar aşaraq gəldiyi kəndə prezident fərmanları niyə çatmır?»

Şimal rayonlarında adamları ən çox narahat edən problem işsizlikdi. Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndində adamlar deyirlər ki, terrorçuların dağları, meşələri keçərək gəldiyi bu kəndə nəyə görəsə, ölkə rəhbərinin qəbul etdiyi qərarlar, fermerlərə ayrılan yardımlar heç cür gəlib çatmır:

«Bu kənddə elə adamlar var ki, onlar yeməyə çörək tapmır. Prezidentin verdiyi sərəncamlar, fermerlərə yardımların ayrılması ilə bağlı qərarları buralara gəlib çatmır. Ayrılan pullar elə adamlara verilir ki, onlar icra hakimiyyətində işləyir, təsərrüfatla məşğul olmurlar, elə yardımları özləri alıb, özləri də xərcləyirlər…»

Memar Tahir: «Mən işsizlik və yoxsulluğa abidə qoymaq istəyirəm»
Alik adlı kənd sakini bildirir ki, neçə illərdi ora-bura müraciət edir, amma kredit vermirlər ki, kartof əksin: «Mən yeddi ildir qapısını döymədiyim bank qalmayıb, amma kredit ala bilmirəm».

Alik güzəranlarının ağırlığından da şikayətlənir. Deyir ki, Azərbaycanla Rusiya sərhədində olan Samur çayının o biri sahilindəki adamlar sovet dövründə həmişə onlardan pis yaşayırdı, indi isə əksinə olub.

Bir müddət əvvəl bu kənddə güc strukturları terrorçulara qarşı başlanan əməliyyat hələ də davam edir. İlkin əməliyyatda terrorçular daxili qoşunların bir əsgərini öldürüblər, amma bir neçə gündən sonra həmin terrorçular zərərsizləşdirilib. İndi bu kənddə sakitlikdi. Amma adamlar narahatdırlar ki, belə hallar yenidən təkrarlana bilər.

Adamların müxtəlif çətinliklərdən danışmasına baxmayaraq Qusar Rayon İcra Hakimiyyətində deyirlər ki, hər şey yaxşıdır. Ryonda son vaxtlar 14 minə yaxın iş yeri açılıb və bunun da 2 minə qədəri daimi iş yerləridir.

«Mən işsizlik və yoxsulluğa abidə qoymaq istəyirəm»

Xaçmazdakı Cırtdan parkında həmsöhbətim olan İsa Qəniyev orta məktəb müəllimdir, deyir 9 nəfərlik ailə onun aldığı 170 manatla dolanır: «Evdə işləyən bir mənəm, iş yerləri yoxdur, qızım kollec bitirib, iş tapa bilmir».

Xaçmazdakı Aşıq Ələsgər və «Muğam üçlüyü» memarlıq abidəsinin müəllifi, Tahir adlı həmsöhbətimin sonuncu dəfə ən çox qazancı həmin abidələrə görə olub, icra başçısı ona min manat verib. Elə Tahir müəllimlə düzəltdiyi abidələrin yanından söhbətləşdik:
«Çıxmışam ki, bəlkə bir iş tapdım, çəkdiyim rəsmlərə çox versələr 20 manat pul verirlər».

Yolu çəkən şirkət beş ay əvvəl başlanmış işlərin 80 faizinin artıq görüldüyünü deyir
Memar ədalətsizlikdən, kasıblıqdan və işsizlikdən narazıdır. Bəlkə də elə ona görədir ki, «işsizlik və yoxsulluq» abidəsi ucaltmaq niyyətindədir. Sonradan onu da öyrəndim ki, memarın emalatxanası elə rayon mərkəzindəki «qul bazarı»nın bir neçə addımlığında yerləşir.

Ulduzlu və ulduzsuz mehmanxanlar…


Şimal rayonlarında bəzi problemlər də mehmanxanalarla bağlıdır. Qusarda demək olar ki, normal mehmanxana yoxdur, İcra Hakimiyyətində belə dedilər.

Xaçmazda isə bir neçə mehmanxana var, onlardan biri beşulduzlu, digərləri isə ulduzsuzdu. Amma onların hərəsinin bir problemi var - «beşulduzlu»da təkadamlıq otaqlar yoxdu, ona görə də iki nəfər bir otaqda qalmalıdır. Tək qalmaq istəsən gərək ikiqat pul ödəyəsən. Digərində isə mehmanxana inzibatçıları yeni gələn müştəriyə bir neçə xəbərdarlıq edir - birincisi gecə ağcaqanadların hücumuna məruz qalmayasan deyə hökmən ağcaqanad dərmanı – «Pif-Paf» almalısan. Növbəti xəbərdarlıq suyla bağlıdır - əl-üz yumaq üçün su tezdən saat 6-da gəlir. Ona görə gərək ya gecədən əl-üzünü yuyub yatasan, ya da yuxuna haram qatıb saat altıda durmalısan. Bu da hələ son deyil. Elektriklə işləyən hər hansı cihazı, misal üçün kompüteri mehmanxanaya, qaldığın otağa apara bilərsən, bir şərtlə ki onu şəbəkəyə qoşmayasan. Çünki buna mehmanxana rəhbərliyi icazə vermir. Deyir şəbəkə çox yüklənir və elektrik naqilləri sıradan çıxır.

«Təzə yolun da təzə problemləri olacaq...»

Şimal rayonlarında yaşayanların səbirsizliklə gözlədiyi bir məsələ də bu bölgəni paytaxt Bakıyla birləşdirən ikitərəfli yollun nə vaxt istifadəyə verilməsidir.
Xaçmaz şəhəri
Yolu çəkən şirkət beş ay əvvəl başlanmış işlərin 80 faizinin artıq görüldüyünü deyir. Amma beton örtükdən olan bu yolun nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil. Elə buna görədir ki, yol çəkilişi başlanandan bəri həm sürücülər, həm də sərnişinlər gileylidirlər. Deyirlər ki, gelib-gəlmək əməlli-başlı əzaba çevrilib. Torpaq və kələ-kötür yollarla maşın sürməyin çətin olduğunu əsas gətirən taksi sürücüləri elə ilk gündən qiymətləri 100 faiz qaldırıblar. Amma yol hazır olandan sonra onlar qiymətləri aşağı salacaqlar-salmayacaqlar bax bu məlum deyil. Heç bu suala sürücülər də cavab vermirlər, deyirlər yəqin ki, təzə yolun da təzə problemləri olacaq.
XS
SM
MD
LG