Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:11

Prezident kütləvi qətllərdə ittiham edilir


«Ola bilər ki, bu sözlərim xəyanət kimi səslənsin. Amma mən demək istəyirəm ki, İslam Kərimovu Özbəkistanın legitim prezidenti kimi tanımıram. Xahiş edirəm mənim bu sözlərimi dərc edəsiniz»
«Ola bilər ki, bu sözlərim xəyanət kimi səslənsin. Amma mən demək istəyirəm ki, İslam Kərimovu Özbəkistanın legitim prezidenti kimi tanımıram. Xahiş edirəm mənim bu sözlərimi dərc edəsiniz»
Özbəkistanın təhlükəsizlik xidmətinin keçmiş zabiti bildirir ki, insanların kütləvi qətli ilə nəticələnən aksiyalar prezident İslam Kərimovun birbaşa əmri ilə həyata keçirilirdi.

Bu ilin əvvəlində Kərimova qarşı irəli sürdüyü iddialardan sonra öz ölkəsini tərk edib Avropada gizlənməyə məcbur olan Özbəkistan Təhlükəsizlik Xidmətinin zabiti İkrom Yakubov sentyabrın 1-də Londona gələrək Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib.

Onun bu səfərinin uzun və təhlükəli tarixçəsi var. Vaxtilə birbaşa İslam Kərimova hesabatlar verən Yakubov nəhayət ki, bu adama qulluq etmək istəmir. Buna qədər o on ilə yaxın təhlükəsizlik orqanlarında çalışıb və son iki il hətta prezident yanında Milli Təhlükəsizlik Şurasının üzvü olub.

«Kərimov hakimiyyətinə qulluq etdiyim dövrdə insanı dəhşətə gətirən çoxlu tükürpədici qanunsuzluqlar görmüşəm», - deyə «Azadlıq» radiosu ilə müsahibəyə razılıq verən 27 yaşlı Yakubov deyir:

«Adamlara qarşı necə uydurma cinayət işlərinin açılmasının, ən adı, sadə dindarların necə öldürülməsinin, qətllərin şahidi olmuşam. Mən özüm də yüksək rütbəli məmurlardan biri kimi bu dəhşətli siyasətin bir hissəsi olmuşam».

Yakubov davam edir ki, 2005-ci ildə Əndicanda baş verən hadisələr zamanı Kərimov hərbi komandirlərə birbaşa əmr verirdi ki, mitinq iştirakçılarını atəşə tutmaq haqda əsgərləri təlimatlandırsınlar. Həmin hadisələr zamanı 1500 nəfər qətlə yetirildi – bu rəqəm insan haqları müdafiəçilərinin təxmini hesablamalarından da iki dəfə artıqdır. Kərimov belə məlumatları dəfələrlə təkzib edib.

Yakubovun sözlərinə görə, Özbəkistan iqtidarı müxalifəti gözdən salmaq və xaricdən dəstək almaq üçün qondarma islam faktorundan geniş istifadə edirdi. Yalandan hücümlar təşkil olunur, sonra da bu olayların guya islamçı yaraqlılar tərəfindən törədildiyi elan edilirdi.

Yakubov həm də iddia edir ki, 2004-cü ildə BMT-nin rəsmi nümayəndəsi Riçard Konroyun həlak olduğu təyyarə qəzası Özbəkistan hakimiyyəti tərəfindən təşkil olunmuşdu.

Əsaslı dəlillər

Yakubovun iddiaları Özbəkistanı heç də yaxşı mənada gündəmə gətirmir. İndiyədək belə ittihamlar dissidentlər, hüquq müdafiəçiləri və hətta Britaniyanın Daşkənddəki keçmiş səfiri Krayq Murrey tərəfindən səslənirdi.

«Riçard Konroyun həlak olduğu təyyarə qəzası Özbəkistan hakimiyyəti tərəfindən təşkil olunmuşdu»
«Azadlıq» radiosuna verdiyi müsahibəsində Murrey deyib ki, Yakubovun hökumətdə tutduğu yüksək mövqe onun iddialarının etibarını gücləndirir. O, əlavə edib:

«Yakubovun dedikləri boş sözlər deyil, indiyədək bizim bildiklərimizə və əlimizdə olan müəyyən sübutları təsdiq edən sanballı əlavələrdir».

Bununla belə, Murrey bu iddialara ehtiyatla yanaşılmasını da qeyd edir və deyir:

«İkili agent deyilən bir rol var, adamlar özlərinə etimad qazanıb eyni vaxtda hər iki tərəflə casusluq edirlər».

İngilis dilində səlis danışan Yakubov özünün ikili agent və ya casus olması haqda şübhələri rədd edir. Deyir ki, onun yeganə məqsədi Kərimov rejimi haqqında həqiqətləri çatdırmaqdır.

Qərb ölkələrinin diplomatik mənbələri Yakubovun məlumatlarını qismən təsdiq edirlər. Onun Kərimovun yaxın dairəsinə məxsus olması aparıcı özbək dissidentləri tərəfindən də təsdiqlənir.

Avropada gizlənən Yakubov ilk dəfə bu ilin iyul ayının əvvəlində «Azadlıq» radiosunun özbək redaksiyası əməkdaşlarına telefonla və adının gizli saxlanılması şərtilə müsahibə verməyə razılaşıb. Lakin iyul ayının ortalarında onun qohumlarından biri Özbəkistanda müəmmalı şəraitdə baş verən avtomobil qəzasında öləndən sonra Yakubov adının açıqlanmasına və «Azadlıq» radiosunun əməkdaşları ilə görüşə etiraz etməyib.

«İndi yəqin ki, mənim ailəmə, qohumlarıma çətin olacaq. Bilirəm, məni dövlət işinə hazırlayıb Kərimova təqdim edən himayədarlarıma da ağır gələcək. Amma mən artıq bu yolu seçmişəm, bu mənim taleyimdir. Qəti qərara gəlmişəm ki, Kərimov rejimi haqda həqiqətləri danışım və bu yolda məni heç kim saxlaya bilməz» –Yakubov «Azadlıq» radiosuna verdiyi müsahibəsində belə deyib.

Hakimiyyətə yaxınlıq

Öz müsahibəsində Yakubov bir sıra digər maraqlı açıqlamalar da verib.

Onun təhlükəsizlik xidmətinə gəlişi hələ 15 yaşlı gənc ikən, Daşkənd Dövlət Universitetində casusluq etməklə başlayıb.

Onun dediyinə görə, Əndican faciəsi haqda olan məlumatların əsas hissəsini 2005-ci il mayın 13-də bilavasitə bu hadisələrdə iştirak edən yüksək rütbəli təhlükəsizlik zabiti ilə apardığı söhbətlərdən əldə edib. Həmin zabitin sözlərinə görə, Əndicanda etiraz edənlərə atəş açan qüvvələr sabiq tacik polkovniki Xudayberdiyevə tabe idilər və bilavasitə Kərimovun əmri ilə hərəkət edirdilər. Xudayberdiyev haqqında qonşu Tacikistanda, oradakı uğursuz hərbi çevriliş cəhdlərindən sonra axtarış elan edilmişdi.

Yakubovun sözlərinə görə, Xudayberdiyev və onun dəstəsi Kərimovun və onun qızının mühafizəsini həyata keçirən elitar hərbi qvardiyanın tərkibinə daxildir. Hakimiyyətin 70 yaşlı xəstə Kərimovun ölümündən sonra uğurla onun qızı Gülnarə Kərimovaya ötürülməsi planlarının əsasında məhz bu qvardiyaya ayrılan rol durur. Yakubov İslam Kərimovun qan xərçəngindən əziyyət çəkdiyini ehtimal edir.

İkrom Yakubov deyir ki, Əndicanda nümayişçilərə atəş açmaq əmrini birbaşa İ. Kərimov verib.
Elitar qvardiya ilə yanaşı Kərimov öz hakimiyyətinin möhkəmləndirilməsi üçün geniş casus şəbəkəsindən də istifadə edir və xüsusi orqanların fəaliyyətinə böyük əhəmiyyət verir.

2002-ci ilin əvvəlində Yakubov Milli Təhlükəsizlik Şurasının «İnformasiya təhlükəsizliyi» bölməsinə rəhbər təyin edilir. Bu bölmənin vəzifəsi beynəlxalq təşkilatların, dissidentlərin və mətbuatın fəaliyyətini nəzarət altında saxlamaq idi. Yakubov birbaşa Kərimova məruzə edirdi. Lakin iki il keçəndən sonra onu işdən azad edirlər. Bunun səbəbini Yakubov belə izah edir ki, yazdığı məlumatlarda mövcud siyasət haqqında tənqidi fikirlər olub. Onun son məruzəsi 2004-cü ildə Daşkənd və Buxarada baş verən və 47 nəfərin həyatına son qoyan partlayışlar haqqında olub. Hökumət bəyan etmişdi ki, bu partlayışlar islamçı təşkilatlar tərəfindən törədilib. Yakubov deyir ki, bu partlayışı araşdıran bir xüsusi xidmət zabiti ilə söhbətindən sonra ona aydın olub ki, partlayışlar hökumətin özü tərəfindən hazırlanıb.

Həmin partlayışı araşdıran Murrey də eyni nəticəyə gəlmişdi. Özünün «Səmərqənd qatili» kitabında o həmin hadisələri təsvir edərkən yazır ki, hadisə yerində dəlil kimi istifadə olunan bayraq ona şübhəli gəlib və ola bilər ki, ora hökumət nümayəndələri tərəfindən qoyulub ki, cinayəti kiminsə üstünə atsınlar.

Bu hadisədən sonra Özbəkistanda ekstremist sayılan qrupların rəhbərləri və üzvləri ilə türmələri ağzınacan doldurdular. Həbs olunanlar arasında Özbəkistan İslam Hərəkatının rəhbəri Tahir Yuldaş da var idi. Yakubov əmin edir ki, Akram Yuldaş, Tahir Yuldaş Özbəkistan Milli Təhlükəsizlik Xidməti tərəfindən ələ alınmış şəxslər idi və İslam Kərimovun birbaşa əmrləri ilə hərəkət edirdilər.

Yakubov əlavə edir ki, İslam Kərimova göndərilən məxfi sənədlər arasında rast gəldiyi məlumatlarda bildirilirdi ki, İslam Hərəkatında rəhbərliyi ələ keçirmək üçün Tahir Yuldaş şəxsən bu təşkilatın ovaxtkı lideri Cuma Namanqanini qətlə yetirmişdi. Rəsmi məlumatlara görə, Namanqani ABŞ-ın 2001-ci ildə Əfqanıstanda Talibana qarşı həyata keçirdiyi əməliyyat zamanı öldürülüb, lakin onun meyiti heç vaxt aşkar edilməyib.

Tahir Yuldaşın hazırda Pakistanın ərazisində Taliban tərəfdaşlarından ibarət hərbi dəstəyə başcılıq etdiyi təxmin olunur. Əkrəm Yuldaş isə 1999-cu ildə terrorizmdə günahkar sayılaraq həbs olunsa da, özü ona qarşı irəli sürülən ittihamları rədd edir.

Fiziki və mənəvi təzyiqlər

Yakubovun açıqladığı məlumatlar arasında aşağıdakılar da diqqəti cəlb edir. O, iddia edir ki, 2004-cü ilin yanvarında BMT-nin nümayəndəsi Konroyun həlak olduğu təyyarə qəzası özbək rəsmiləri tərəfindən təşkil olunub. Səbəbini belə izah edir ki, Konroy Özbəkistanın hakim dairələrinin narkotik maddə qaçaqmalçılığı ilə olan bağlılığı haqda məlumatlara malik idi.

Bundan başqa, Yakubov Özbəkistan rəsmilərinin insan alveri ilə olan əlaqəsi haqda da faktlar gətirir.

2004-cü ilin yazında Milli Təhlükəsizlik Şurasından kənarlaşdırılan Yakubovu Mətbuat və İnformasiya Agentliyində işə təyin edirlər. Bu həmin agentlikdir ki, onun öhdəsinə müxalifətyönlü mediaya, o cümlədən «Azadlıq» radiosuna nəzarət etmək kimi vəzifə də qoyulub.

İ. Yakubov Özbəkistan rəsmilərinin insan alveri ilə olan əlaqəsi haqda da faktlar gətirir
Yakubov tənqidi məlumatları yazmağına davam edib və yeni vəzifəsindən də kənar edilib. Eyni hadisə onunla yeni iş yerində - Regional və Strateji Araşdırmalar İnstitutunda da təkrar olunub. Bu dəfə onu hətta döyüblər də.

Yakubovun sözlərinə görə, vaxtilə ona Əndican hadisələri haqda məlumat verən təhlükəsizlik zabiti onu xəbərdar edib ki, hakimiyyət həbsini planlaşdırır və məsləhət görüb ki, ölkəni tərk etsin.

Bu xəbərdarlığı ciddi qəbul edən Yakubov, Özbəkistandan qaçmaq üçün tərcüməçi adı altında Londona səfər edən insan haqları müdafiəsi qrupuna qoşulub.

Özbək rəsmiləri əvvəllər də Yakubovun müsahibəsində səslənən ittihamlarla üzləşməli olub və hamısını təkzib edib. Yakubov hesab edir ki, bu dəfə sadəcə təkziblə kifayətlənməyən özbək rəsmiləri onun özünə qarşı çoxlu ittihamlar irəli sürəcək. Deyir ki, rəsmi Daşkəndin «Interpol» vasitəsilə onun həbsini tələb edəcəyini təxmin edir. O, hətta hansı ittihamların irəli sürüləcəyini və hansı cəzanın onun gözlədiyini də əvvəlcədən bilir – «ölüm hökmü». İttihamlar isə vətənə xəyanət, xarici ölkə kəşfiyyatlarına casusluq və ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdi.

Müsahibəsinin sonunda Yakubov deyir: «Ola bilər ki, bu sözlərim xəyanət kimi səslənsin. Amma mən demək istəyirəm ki, İslam Kərimovu Özbəkistanın legitim prezidenti kimi tanımıram. Xahiş edirəm mənim bu sözlərimi dərc edəsiniz».

Slayd şou

Slayd şou

Əndican mirası

2005-ci ildə Əndicanda nümayişlərin yatırılmasından sonrakı şəkillər

XS
SM
MD
LG